- Mədəniyyət

Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Qaraqalpaqstan Respublikası və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılış mərasimini keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.

Qaraqalpaqstanın mərkəzi Nukus şəhərindəki Berdaq adına Dövlət Musiqili Teatrında təşkil edilən mərasimdə dövlət qurumlarının təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri Qaraqalpaqstan Respublikası Nazirlər Şurası sədrinin müavini Rasul Zareneyev açaraq Özbəkistanla, həmçinin Qaraqalpaqstanla Azərbaycan arasında əlaqələrin inkişafından danışıb. O, xalqlarımız arasında tarixi dostluq əlaqələrindən söhbət açaraq belə səfərlərin tez-tez təşkil olunmasının mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına təkan verdiyini bildirib və Azərbaycan tərəfinə ilk dəfə olaraq Qarakalpaqstanda keçirilən tədbirlərə görə öz təşəkkürünü bildirib.

AMM-nin direktoru Samir Abbasov qardaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli əlaqələr, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən layihələr haqqında danışıb, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanda, onun regionlarında tanıdılması, Qaraqalpaqstan Respublikasında və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti, ədəbiyyatı günlərinin keçirilməsi, kitabxanalara Azərbaycana dair nəşrlərin hədiyyə olunması, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. S.Abbasov deyib ki, bu il böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Prezident İlham Əliyev “Nizami Gəncəvi İli” elan edib. Bu il özbək xalqının iftixarı Əlişir Nəvainin 580 illiyi münasibəti ilə müxtəlif tədbirlər keçirilir, əsərləri çap olunur, xatirəsi ehtiramla yad edilir. Çıxışının sonunda S. Abbasov Rasul Zareneyevə “İrəvan xalçaları” kitabını hədiyyə edib.

Qənirə Paşayeva Azərbaycandan qardaş Özbəkistana və qardaş qaraqalpaq xalqına salam gətirdiyini bildirib. O deyib ki, bu gün Azərbaycan və Özbəkistan Prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev öz xalqlarının inkişafı üçün var qüvvələri ilə çalışırlar. Ölkələrimiz arasında heç bir problem yoxdur. Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olması Türk Şurasını daha da gücləndirib.

Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında olmasından danışan komitə sədri vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgər və zabitlərimiz Qarabağımızı və gözəl Şuşanı erməni əsarətindən xilas etdi.

Milli Məclisin deputatı bildirib ki, özbək və qaraqalpaq xalqının sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.

Sonra Azərbaycanın Qarabağ diyarının milli qadın və kişi geyimlərinin nümayişi keçirilib və “Qarabağ şikəstəsi”nin sədaları altında çıxışlar alqışlarla qarşılanıb.

Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova xalq mahnıları və muğamlarımızı, Daşkənddə yaşayan saz ustası İlham Abdullayev qədim saz havalarımızı, AMM-nin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəqslərimizi, yerli sənətçilər isə özbək və qaraqalpaq mahnı və rəqslərini təqdim ediblər.

Qeyd edək ki, Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsinə hər iki ölkənin mədəniyyət nazirlikləri, Azərbaycanın Özbəkistandakı səfirliyi müvafiq dəstək göstərir.