- Mədəniyyət

Özbəkistanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

8 Noyabr Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günüdür. Bu gün təkcə Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, xaricdə yaşayan soydaşlarımız üçün də əlamətdar gündür. Bu əlamətdar tarixlə əlaqədar noyabrın 6-da Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi üzrə tədbir və konsert proqramı keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Mərkəzində keçiriləcək konsertdə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Özbəkistan, Qaraqalpaqıstan, Başqırdıstan və Tatarıstanın Xalq artisti Jenisbek Piyazov, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev, Özbəkistanın “Özbəyim yoşları” musiqi qrupu, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” adlı rəqs ansamblının çıxışları nəzərdə tutulub.

Sözügedən tədbir çərçivəsində Mərkəzin foyesində Azərbaycan xalqının Zəfərinə həsr edilmiş fotosərgi də iştirakçılara təqdim olunacaq.