- Mədəniyyət

Özbəkistanda beynəlxalq konfransda ölkəmiz də təmsil olunub

Özbəkistandakı Mədəniyyət və Mərifət Mərkəzinin təşkilatçılığı ilə böyük sərkərdə və strateq Əmir Teymurun anadan olmasının 685 illiyi ilə bağlı Qaşqadərya vilayətinin Şəxrisabz şəhərində “Əmir Teymur dünya alimlərinin və yazıçılarının gözü ilə” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Konfransda dünyanın 14 ölkəsindən gələn Teymurşünas alimlər, görkəmli sərkərdənin həyat və yaradıcılığından bədii və elmi əsərlər qələmə alan yazıçılar, politoloqlar iştirak ediblər.

Azərbaycandan bu tədbirə tarixi romanlar müəllifi Yunus Oğuz və Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, dosent Təranə Həşimova qatılıb.

Məruzəçilər Əmir Teymurun həyatı, sərkərdə kimi yürüşləri haqqında ətraflı söhbət açıblar. Deyilib ki, indiyədək böyük sərkərdə haqqında Avropa dillərində 500-dən çox, Şərq dillərində təxminən 900 kitab yazılıb. Bu gün də Əmir Teymurun hərb sənəti haqqında məqalələr və kitablar yazılmaqdadır.

Yunus Oğuzun “Azərbaycan ədəbiyyatında Əmir Teymur obrazı”, Təranə Həşimovanın isə “Azərbaycan və özbək ədəbiyyatında Əmir Teymur dövrü” mövzularında məruzələri dinlənilib. (azertag)