- Mədəniyyət

Özbəkistanda Zəfər Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Zəfər Günü ilə bağlı konsert tədbiri keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, Azərbaycan diasporunun üzvləri, tələbələr və media nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə Mərkəzin foyesində Azərbaycan xalqının Zəfərinə həsr edilmiş foto və kitablardan ibarət sərgi ilə tanış olublar.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev çıxışında Prezident İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi, Azərbaycan əsgərinin şücaəti, şəhidlərin canı bahasına torpaqlarımızın azad edildiyini bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Sonra çıxış edən Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Saidqaniyeva müharibə dövründə rəşadətli Azərbaycan Ordusunun düşmənə layiqli cavab verərək, tarixi qələbə qazanıldığını vurğulayıb. O, Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edərək, özbək xalqının hər zaman qardaşlarının yanında olduğunu qeyd edib.

Tədbir bədii hissə ilə davam edib. Konsertdə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Özbəkistan, Başqırdıstan və Tatarıstanın Xalq artisti Jenisbek Piyazov, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev, Özbəkistanın “Özbəyim yoşları” (“Özbəyim gəncləri”) musiqi qrupunun üzvləri Azərbaycan və özbək dilində mahnılar, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.