Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Beynəlxalq Muğam Mərkəzini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Xalq artisti Murad Hüseynov qonağa Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında məlumat verib.
Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunan Beynəlxalq Muğam Mərkəzinin açılışı 2008-ci ilin 27 dekabrında keçirilib. Qeyd edib ki, Azərbaycan muğam sənəti, bu sənətin əsas alətləri – tar, kamança UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısındadır. Bunun özü böyük uğurdur və muğamın təbliğində vacib rol oynayır. “Dünyanın elə bir qitəsi yoxdur ki, muğam ifaçılarımız orada çıxış etməsinlər. Heydər Əliyev Fondu dünyada musiqimizin təbliği bağlı böyük layihələr həyata keçirir. Dünyanın məşhur musiqiçiləri ilə bizim musiqiçilərimiz arasında sıx əlaqə, dostluq münasibətləri yaranır. Beynəlxalq Muğam Mərkəzində də bu istiqamətdə müxtəlif layihələr reallaşır, elmi konfranslar, dəyirmi masalar, konsertlər keçirilir”,- deyə Murad Hüseynov bildirib.
Görüş zamanı Özbəkistanda da muğam sənətinin geniş inkişafı nəzərə alınaraq birgə tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Özbəkistan Makam (muğam) İnstitutu ilə Bakıdakı Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb. Qarşılıqlı sənət mübadiləsi məsələləri müzakirə edilib.
Qonaqlara BMM-nin foyesində olan ekspozisiyada nümayiş olunan milli musiqi alətləri haqqında da məlumat verilib.
Sonra Beynəlxalq Muğam Mərkəzinin solistlərinin konsert proqramı təqdim olunub. Gənc xanəndələr xalq mahnıları və təsnifləri, eləcə də muğamlardan parçalar səsləndiriblər.
Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb.