- Dil

Özgə nitqi və onun verilməsi üsulları. Vasitəsiz nitq

Qəzənfər KAZIMOV, professor

Danışarkən, yazarkən çox zaman öz nitqimizdə başqasının nitqindən istifadə etməli oluruq. Özgə nitqi iki şəkildə verilir: ya onun məzmunu ilə yanaşı, bütün fonetik, leksik, qrammatik xüsusiyyətləri, hətta intonasiyası da olduğu kimi saxlanılır; yaxud da onun yalnız məzmunu çatdırılır. Birinci halda özgə nitqi heç bir başqa vasitəyə ehtiyac olmadan, heç bir başqa vasitə ilə qarışdırılmadan, olduğu kimi saxlanmış olur, ona görə də özgə nitqinin bu şəkildə verilməsi “vasitəsiz nitq” adlandırılır. İkinci halda özgə nitqi bir sıra başqa vasitələrin köməyi ilə, müəyyən dəyişikliklər edilməklə verilir və “vasitəli nitq” adlandırılır. Bunlardan əlavə, özgə nitqinin həmin nitq haqqında mə’lumat verən şəxsin nitqi ilə qarışıq şəkildə verildiyi hallar da vardır. Vasitəsiz və vasitəli şəkildə verilən özgə nitqi az-çox məzmunca da fərqlənə bilir, lakin onlar daha çox quruluşca fərqlənir.

Vasitəsiz nitq

Özgə nitqinin həm məzmun, həm də formaca heç bir dəyişikliyə uğramadan, olduğu kimi verilməsinə vasitəsiz nitq deyilir.

Tərkibində vasitəsiz nitq olan cümlə mə’na və intonasiya ilə birləşən iki hissədən ibarət olur. Bu hissələrdən biri müəllif nitqindən, o birisi vasitəsiz nitqdən ibarət olur.

Vasitəsiz nitq özünü yazıda iki üslubda, iki şəkildə göstərir:

1) təhkiyə dili daxilində;

2) dialoqlarda.

Təhkiyə dilində olduqda vasitəsiz nitq (özgəsinin sözləri) dırnaq arasına alınır, dialoq şəklində verildikdə yeni sətirdən yazılır və qarşısında tire işarəsi qoyulur. Hər iki hal vasitəsiz nitq üçün təbii sayılır. Lakin onlardan istifadə daha çox müəllif üslubu ilə bağlıdır; məs.:

Təhkiyə dilində:

Canəli müəllim açıq qapıdan qonşu qızın sevincək səsini eşitdi: ”Sizi telefona çağırırlar”. (Ə.Əylisli) “Qələndər çox qabiliyyətli oğlandır”, – Tahir müəllim dedi. (Ə.Əylisli) O: “Dürrətülbağdad üçün bundan dəyərli bir hədiyyə ola bilməz”, – deyə xalçanı ağır bir qiymətə aldı.(Ordubadi)

D ialoqlarda:

Əmir xeyli sonra başını qaldırıb böyük bir təəccüblə İlyasdan soruşdu:

-Kimin oğlusan?

-Babam – Məhəmməd, atam Yusifdir.(Ordubadi).

Çörək kəsdi, dürmək eləmək istədi, amma dayanıb birdən-birə Keçəçinin sifətinə baxdı:

-Sənə “Azərbaycanın açarı” ləqəbini vermişəm. Göstər öz ləqəbinə layiq olduğunu. Azərbaycan bağlı kiliddi. Onu necə açım?

Keçəçi sağ əlini saqqalında gəzdirib dedi:

-Mənim fikrim hazırdı.(F.Kərimzadə)

Beləliklə, vasitəsiz nitq adətən müəllifin sözləri ilə müşayiət olunur. Müəllifin sözləri özgə nitqinin nə zaman, hansı şəraitdə, nə məqsədlə söyləndiyini müəyyənləşdirməyə kömək etdiyi kimi, müəllifin özünün də hadisəyə münasibətini, fikri necə, nə tərzdə söylədiyini aydınlaşdırmağa imkan verir; məs.:

Bir gün atam bazardan həyəcanla gəlib dedi:

-Təzə hökumət qurulub, adına da “müsavat hökuməti” deyirlər.

Anam soruşdu:

-Nə deməkdi müsavat hökuməti?

Atam dedi:

-Yə’ni bu hökumətdə hamı bərabər hüquqda olacaq.

Anam kəskin istehza ilə soruşdu:

-Deməli, cındırından cin ürkən keçəl Şirinlə İbrahim bəyə hökumətdə fərq qoymayacaqlar? (İ.Əfəndiyev)

Ümumi situasiya, şərait və mətnlə əlaqədar olaraq vasitəsiz nitqin kimə məxsus olduğu bilindikdə müəllifin sözlərinin işlənməsinə ehtiyac olmur;17məs.:

-O qonşu xan sizin kəndi niyə dağıdırdı?

-Çünki bizim xanla düşmən idi. Qəfil bir-birinin kəndlərinə hücum eləyib çapıb-talayırdılar.

-Bəs şah niyə qoyurdu?

-Şahın canındandır ki, bizim xanlar bir-birlərini didib-parçalasınlar.

-Niyə axı?

-Bilirsənmi, qaqaş, şah farsdır, amma biz də, xanlarımız da azərbaycanlıyıq.

-Nə olsun?

-Şah fars olduğu üçün istəyir bizim Azərbaycan xanları bir-birlərilə boğuşub, başları qarışsın ki, Azərbaycan xalqı şahdan hürriyyət istəməsin.(İ.Əfəndiyev)

Dialoqda iştirak edənlər mətnin əvvəlindən oxucuya mə’lum olduğu üçün bu dialoq tərtib olunarkən müəllif nitqinə ehtiyac olmamışdır.

Vasitəsiz nitqi müşayiət edən müəllif nitqinin xəbəri əksərən demək, soruşmaq, söyləmək, danışmaq, qışqırmaq, eşitmək, dinləmək, köksünü ötürmək, e’tiraz etmək, qeyd etmək, cavab vermək, müraciət etmək, yalvarmaq, düşünmək, təkrar etmək, ah çəkmək, sözünü kəsmək, aydınlaşdırmaq, maraqlanmaq, çağırmaq, müraciət etmək, gülümsəmək və s. nitq, qavrayış, duyğu, təfəkkür, görmə, eşitmə fe’llərinin şəxsli formaları ilə ifadə olunur. Fe’lin şəxsli formaları ilə yanaşı, vasitəsiz nitqi müəllif nitqi ilə əlaqələndirməkdə fe’li bağlama, fe’li sifət formaları da mühüm rola malikdir. Az hallarda müəllif nitqi ismi xəbərli də ola bilir. Özgə nitqi soruşmaq, demək, sual vermək və s. tipli nitq fe’lləri ilə əlaqələndikdə müəllifin sözləri ilə vasitəsiz nitq arasında əlaqə sıx olur; heyrət etmək, dəhşətə gəlmək, sevinmək, gülmək və s. tipli fe’llər müəllif nitqinin xəbəri vəzifəsində işləndikdə vasitəsiz nitqlə müəllif sözləri arasında əlaqə zəif olur; məs.:

Mərdan bir-iki addım irəli yeridi, Fərruxun lap gözünün içinə baxdı:

-Kim eləyib? De, qorxma, heç kəsə demərəm.(Ə.Əylisli)

Samur böyük təəccüblə baxırdı:

-Ə, sən bayaq o oğlandan pul almadın?(Ə.Əylisli)

Müəllif nitqi ilə vasitəsiz nitq birlikdə tabeli mürəkkəb cümlə şəklində formalaşır: müəllif nitqi baş cümlə, vasitəsiz nitq tamamlıq budaq cümləsi kimi çıxış edir;18 məs.:

“Adam Oğlu Şahsuvar buradan belə getdi” – dedilər. “İnsan Övladı Şahsuvarın gözündən od tökülür” – dedilər. (Ə.Əylisli)

Bizim dilimizdə vasitəsiz nitq bütün leksik-qrammatik xüsusiyyətləri ilə birlikdə, heç bir dəyişikliyə uğramadan müəllif nitqinə ki bağlayıcısı ilə də bağlanır; məs.:

Firdovsi başqa bir yerdə yazır ki, “əgər yoğruluşu acı olan bir ağacı gətirib cənnət bağının torpağında əkəsən, onu cənnətin məşhur suyu olan Kövsər çeşməsindən suvarasan, yenə də o, meyvə gətirdiyi zaman meyvəsi acı olacaqdır”. (Ordubadi)

Bu cür cümlələr öz quruluşuna görə adi tabeli mürəkkəb cümlələrdən fərqlənmir.

Bu cəhət dialoq şəklində qurulan vasitəsiz nitqə də aiddir; məs.:

Məhsəti xanım Rə’nanın və Nizaminin alnından öpərək:

-Oturun, bə’zən kədərləri yumaq üçün göz yaşları da lazım olur,-dedi.(Ordubadi)

 Qeyd.Şübhəsiz, bə’zən böyük bir mətndən ibarət olan vasitəsiz nitqi budaq cümlə hesab etmək və budaq cümlə kimi təhlil etmək də doğru olmaz. Eyni zamanda bə’zən müəllif nitqi nitq fe’lləri ilə bitmədiyindən vasitəsiz nitqlə daha zəif əlaqələnir; məs.:

Surxay mehribanlıqla gülümsədi:

-Sən yenə də əvvəlki kimi sancırsan.(İ.Əfəndiyev)

Kərim acı təbəssümlə:

-Doğrudanmı, sən buna əmin idi? (İ.Əfəndiyev)

Bu cür dialoqlarda müəyyən bir nitq fe’linin (dedi, soruşdu və s.) buraxılmış olduğunu nəzərə almaq mümkündür. H.Bayramov bu cür cümlələri mürəkkəb cümlə hesab etməmiş və bunu müəllif nitqi ilə vasitəsiz nitqin başqa-başqa adamlara məxsus olması ilə izah etmişdir.19 Əslində, tabeli mürəkkəb cümlə olduğuna şübhə edilməyən vasitəli nitqin tərkib hissələri də məzmunca eyni müəllifə aid deyildir.

 Müəllif nitqi vasitəsiz nitqdən əvvəl, vasitəsiz nitqdən sonra və vasitəsiz nitqin arasında işlənə bilir.

Vasitəsiz nitqin işlənmə yerindən asılı olaraq aşağıdakı durğu işarələrindən istifadə olunur:

1.Vasitəsiz nitq müəllifin sözlərindən sonra işləndikdə dırnaq içərisinə alınır və ondan əvvəl (müəllifin sözlərindən sonra) qoşa nöqtə qoyulur; məs.:

Siz dediniz: “Ölüm nədir ki, bütün ucalıqları məhv edir?”(Ordubadi) M: “V?”

Dialoq şəklində işləndikdə dırnağa ehtiyac olmur, vasitəsiz nitqdən əvvəl tire işarəsi qoyulur:

Yeyib-içəndən sonra Bəndalı yüzbaşı dedi:

-Hə, qardaşoğlu, indi danış görək hansı qohumlardansınız. (İ.Əfəndiyev) M: -V.

2.Vasitəsiz nitq müəllifin sözlərindən əvvəl işləndikdə müəllif sözlərindən əvvəl tire işarəsi, vasitəsiz nitqin sonunda isə intonasiyadan asılı olaraq sual işarəsi, nida işarəsi və ya vergül qoyulur; məs.:

“Əmirin vəziyyətini möhkəmlətmək üçün düzələn bu macəra çox da uzun sürməz!” – deyənlər də var idi.(Ordubadi) “V!” – m.

Vasitəsiz nitq dialoq şəklində verildikdə dırnaq lazım olmur, vasitəsiz nitqdən əvvəl tire, sonra vergül və tire qoyulur; məs.:

– O, dünyanın ən nadir çiçəklərindən çəkilib, – deyə qarı cavab verdi. (İ.Əfəndiyev) -V,-m.

Bu cür cümlələrdə vasitəsiz nitqdən sonra onun öz intonasiyasından asılı olaraq, nida və ya sual işarələri də qoyulur; məs.:

-Elə söhbət də bundadır da, ay yetim! – o (Əlabbas) yaxınlaşıb mənim çarpayımın yanında durdu. (Ə.Əylisli) -V! – m.

-Düz deyirəm də! Düz demirəm? – bunu otağın o başından Əlabbas ya məndən, ya da elə özündən soruşurdu.(Ə.Əylisli) -V? – m.

3.Müəllifin sözləri vasitəsiz nitqin arasında işləndikdə ondan əvvəl ikinci bənddə qeyd edilən işarələrdən istifadə edilir; müəllifin nitqindən sonra isə iki hal müşahidə olunur:

a) müəllifin sözlərindən sonra vergül və tire qoyulur: “Gözəl Səba, – dedi,- sən məni bu xidmətinlə minnətdar edirsən.” (Ordubadi) “V,-m,-v”

b) müəllifin sözlərindən sonra nöqtə və tire qoyulur:

-Bəli, qibleyi-aləm! – deyə Ballı qarı ah çəkdi.-Mən anayam. (İ.Əfəndiyev) -V! – m.-V

4.Üçüncü bənddəkinin əksinə olaraq, vasitəsiz nitq müəllifin sözlərinin arasında işlənir və bu zaman vasitəsiz nitqdən əvvəl qoşa nöqtə və tire, vasitəsiz nitqdən sonra onun intonasiyasına uyğun olaraq vergül, nida və ya sual işarəsi və tire qoyulur; məs.:

Qarı:

-Mən anayam,-dedi və bir qab su alıb taxt-rəvanın qarşısında yerə çökdü. (İ.Əfəndiyev) M:- V,-m.

Bu cür hallarda vasitəsiz nitq dırnaqda verildikdə bütün işarələr olduğu kimi saxlanmaqla yalnız vasitəsiz nitqdən əvvəl tire qoyulmur; məs.:

Atabəyin marağı daha da artdı və qəlbində: “Belə bir qızı əldə etmək zəngin bir məmləkət əldə etməkdən daha qiymətlidir,”-dedi. (Ordubadi) M: “V”,-m.

5.Vasitəsiz nitq ilə müəllifin sözləri bir-birini ardıcıl şəkildə əvəz edə bilir. Bu zaman dialoq nitqində yuxarıda qeyd edilən durğu işarəsi qaydalarından istifadə edilir; məs.:

Taygöz Yusif bir daha yerə qədər tə’zim edib:

-Qibleyi-aləm, – dedi,- mən aciz Yusif sənin sadiq qulunam.(İ.Əfəndiyev) M:- V,-m,-v.

Əmir onun əlindən tutub:

-Kömək et! – dedi.-Hadisələr, fitnələr mənim ətrafımı alıb. (Ordubadi) M:-V!-m.-V.

Müəllif nitqi ilə vasitəsiz nitqin bu cür düzülüşü deyə soruşduqda, dedikdə tipli fe’li bağlamaların köməyi ilə iki müxtəlif müəllifin də dediklərini əlaqələndirə bilir; məs.:

Fəxrəddin Nizaminin qulağına pıçıldayıb:

-Hərgah məsciddə bizdən bi’ət almaq istəyərlərsə, təklifimiz nədir? – deyə soruşduqda, Nizami:

-Baxıb görək fərmanda nə yazılır, o zaman təklifimiz aydınlaşar,-dedi. (Ordubadi) M:-V?-m, M: -V,- m.

Yaxud:

Əmir təəccüblə:

-İnana bilmirəm,-dedikdə, vəzir öz fikrini bir daha açıq dedi:

-Sizə gətirilən məktubun Fəxrəddin tərəfindən yazıldığı şübhəsizdir. (Ordubadi) M:-V,-m,m:-V.

Vasitəsiz nitq yalnız özgəsinin sözlərindən deyil, müəllifin öz nitqindən, öz düşüncəsindən də ibarət olur. Bə’zən müəllif özünün keçmişdə söyləmiş olduğu fikri yada salır; məs.:

“İnsan qanadsız quşdur,-deyə mən düşünürdüm, – srağagün bu vaxt biz,-mən, körpüsalanlar, bir də Adil Zoğallı meşəsindəydik. Qərib də yaralanmamışdı…” “Qərib də yaralanmamışdı…” deyə mən öz-özümə təkrar etdim. (İ.Əfəndiyev)

Vasitəsiz nitq sadə və mürəkkəb, cüttərkibli və təktərkibli, müxtəsər və geniş, bütöv və yarımçıq cümlə şəklində ola bilir, elliptik cümlədən, hətta üzvlənməyən cümlədən də ibarət olur. Bir cümlədən ibarət olduğu kimi, bir neçə cümlənin birliyi, bir sintaktik bütöv şəklində də qurulur; məs.:

Firdovsi deyirdi ki:“Qara qarğanın yumurtasını cənnətdəki tovuzun altına qoyasan, yumurtadan çıxdığı zaman onu cənnət əncirlərinin danələri ilə bəsləyəsən, yenə o böyüdükdə qarğa balası olacaqdır.Cənnət tovuzuna isə quru bir zəhmət qalacaqdır”. (Ordubadi)

Gəzdiyi yerlərdə, keçirdiyi məclislərdə Nəsimiyə həmişə bir sual verirdilər: “Fəzlin siması necədir?” Nəsimi də həmişə eyni cavabı verib:”Fəzlin siması təsvirə gəlməz”,-deyirdi. (İ.Hüseynov)

-Deyəsən, külqabıdan xoşunuz gəlir, Mirzə. Buyurun, qurbandır sizə…

Mirzə Manaf özünü güc-bəla ilə ələ alıb:

-Yox!-dedi.

Amma təzə müdir, deyəsən, inanmadı:

-Çəkənsiz, Mirzə?

Mirzə Manaf:

–Hərdən birin,-dedi.(Ə.Əylisli)

Vasitəsiz nitqdə əvəzliklər müəllif nitqinin deyil, vasitəsiz nitqin öz tələbləri əsasında işlənmiş olur; məs.:

Anam dedi:

-Siz heç kasıblardan pul-zad da almırsınız.

Doktor dedi:

-Mən sizin xalqınızı sevirəm.(İ.Əfəndiyev)

Vasitəsiz nitqdə canlı danışıq dilinə xas olan bütün elementlərdən – ara sözlərdən, xitablardan, nidalardan, ədatlardan geniş istifadə edilir (misallara bax).

Bədii əsərlərin dilində müəllif nitqi əksərən ədəbi dil normalarına uyğun olduğu halda, obraz nitqində fonetik, leksik, morfoloji dialektizmlərə geniş yer verilir.