Təkcə divarlar uçub tökülmür, təkcə şəhərlər, kəndlər dağılıb xarabalığa çevrilmir. Lay-lay qopub məhv olan, qəlbinin divarları çat verib “qəzalı vəziyyətə” düşən nə qədər insanlar var. Kimsəsiz qalan yurd yerinə bənzəyən mənəvi dünyasını “ziyarət edib”, kərpic-kərpic düşüb yox olan duyğularına ağlayan bədbəxtlərin fəryadı eşidilməz. Kimsə görməz bu xarabalığı, kimsə anlamaz o bədbəxtləri.
“Əli-qolu salamatdırsa”, “dizlərinin taqəti yerindədirsə”, “gözləri nurludursa” diri sanarlar adamı. Ruhunun, ümidinin ölməsindən xəbərsiz olarlar. İnsanlar bildiklərini bilər, görmək istədiklərini görərlər. Səni anlayan, içini tar-mar edən fırtınanı hiss edən olmaz. “Ölmüşəm” desən, dəli adlandırarlar səni. “Öldürüblər” desən də, inanmazlar (adamı mənən öldürənləri məsuliyyətə də cəlb etmirlər). Özünü xoşbəxt sanmağın üçün xeyli mənasız şeylər sayarlar. Səninçün əhəmiyyətsiz olan həmin nəsnələrin kiminsə arzusu olduğunu görüb susarsan. Beləcə insanlar bir-birilərini yalanla yaşamağa məcbur edirlər.
Ömrümüzü başqalarının zövqünə uyğun yaşayaraq həyatımızı məhv edirik. Taleyimizdə özümüzdən başqa hamıya yer ayırırıq, hamını düşünürük. Təkcə özümüzü adam yerinə qoymuruq. Bilirik ki, onsuz da adam kimi yaşamağa qoymayacaqlar. “Özü üçün yaşamaq” nədir? “Adama nə deyərlər?”