- Köşə

Pərvanə BAYRAMQIZI. Bazar köşəsi

Qətiyyən Bazarov olub (İvan Sergeyeviç Turgenyevin “Atalar və oğullar” əsərinin qəhrəmanı) bazar açmaq fikrim yoxdur. “Bazar açmağı” da şair xalq olduğumuzdan qafiyə xatirinə işlətmədim. Bizdə boş-boş danışmağa “bazar açmaq” deyirlər. Hələ bu bazar qarğa bazarı olanda lap dəhşət olur. Yeri gəlmişkən, Gəncədə sərçə bazarı da vardı. Bu yazı da olsun köşə-bazar. Ya da bazar köşəsi. Sözümü kəsməyin, görün nə deyirəm: – Vallah nihilist deyiləm, billah nihilist deyiləm. İntəhası bəzi məqamlar narahat etdiyindən susa bilmirəm. Məsələn, cılız fikirləri, yersiz hərəkətləri ilə adamı odsuz-ocaqsız yandıran böyükləri görəndə düşünürsən ki, bunları niyə böyük sayırıq?

Yadınıza gəlir, (yaşlı nəsilləyəm) əvvəllər necə çətinliklə yaşayırdınız? Texniki yeniliklərin sizi xilas etdiyi ağır məişət işlərini demirəm, o vaxtkı adamların necə əzazil olduqlarını vurğulayıram. Yəqin ki, xatırladınız; atalar qızlarını, qayınana gəlinlərini möhkəm döyüb, fiziki-mənəvi cəhətdən həmişə incidiblər. Atalar qızları ilə əsir, qayınanalar gəlinlə Misirdən gətirilən qul kimi davranıblar. Kişilər arvadlarının canının daşdan olduğunu zənn etdiyindən döyəndə yorğan-döşəklik olanadək döyüblər. Doğrudur, indi də belə əzazil adamlara rast gəlirik, amma keşmişdə bu hal daha çox olub. İndi bir az azalıb. İsmayıl Şıxlının “Ölən dünyam” povestində alt paltarını camış yediyi üçün gəlini qayınatası evdən qovur, yazıq gəlinin bir müddət sonra ölüsü tapılır. Bu qeyrətdirmi? Yuyulub qurumaq üçün sərilən paltarı heyvan çeynəyib udubsa, gəlin niyə öldürülməlidir? Mentalitet adı verilən bu kimi qanlı adətləri, qan davasını keçmişinin bir parçası kimi qoruyub saxlayan adamlar niyə ağsaqqal, ağbirçək sayılsın? Böyüklər kin-küdurət, dava-qırğın aşılayırlar.

Bəlkə, böyük anlayışını yeniləyək?

Niyəsini soruşsanız da, izah edəcəm, soruşmasanız da. Razılaşsanız da, böyükləri qınayacam, razılaşmasanız da. Mən də belə özbaşnalıq edəcəm. Məndən kiçiklər də var axı, qoy onlar da desinlər ki, böyükdür, sözünə əməl edək. (iddia deyil, kinayədir)

Bizim üçün böyük kimdir? – Bizdən qabaq doğulmuşlar. Ətrafımızda nə qədər boyu uzanıb, beli bükülüb, dişi tökülmüş, birçəyi, saqqalı ağarmış varsa, hamısına böyük deyib hörmət, qayğı göstəririk. Borcumuzdur, bunu etməsək, “böyürə-böyürə qalarıq”. Qohumlardakı çoxdandoğulmuşlar azmış kimi tanımadığımız, hardasa beş-on dəqiqəlik rastlaşdıqlarımızın da nazını çəkməli, qeydinə qalmalı, böyük-böyük danışmaqlarına susmalı, dözməliyik. Axı onların da saç-saqqalları ağarıb. Təsəvvür edin, ya da müşahidə etdiklərinizi xatırlamağa çalışın; böyüklər səlahiyyətcə özündən kiçiklərə nə qədər sərt, kobud davranırlar. Gəlinə təpinən qayınata da böyükdür, oğlunu təbliğ edib ailəsinə narazılıq salan ana da böyükdür, ömür yoldaşını uşaqlarının dayəsi kimi görən, onu kəlməbaşı təhqir edən ər də böyükdür, uşaqlarının sümüklərini oxlovla sındıran gənc qadın – ana da böyükdür. Küçədə, avtobusda gənclərə qarğayanlar da böyüklərdir. Əgər, “onlar kütlədir, cahil adamlardır” deyirsinizsə, keçək ziyalı təbəqəyə.

Guya elmli, bilikli, dünyagörüşlü olanlar, cild-cild kitab çap etdirən ziyalılar evdə, yaxud cəmiyyətdə böyüklüklərindən istifadə etmirlər? Sakit vəziyyətlərdə tolerantlıqdan, kosmopolit düşüncələrdən dəm vuranların haqqında bircə kəlmə sərt söz de, gör özlərindən necə çıxırlar? Gör sənə (özlərindən kiçiklərə) nələr deyirlər! Rəhbər vəzifədə çalışan səlahiyyət sahibi haqqında da “böyük adam” ifadəsi işlədirlər. Həmin “böyük” işçinin xırdaca diqqətsizliyini ona bağışlamaz, kollektivin içində danlayıb şəxsiyyətinə toxunar.  “Böyüklüyü” bir anda kiçikləşər.

Böyük sözünü yaşa, vəzifəyə görə təyin etmək çox pis şəkil alıb. Gəlin, yaşca böyük olanlara “çoxdandoğulmuşlar”, yaxud bunabənzər başqa bir ifadə tapıb deyək. Böyük sözünü elələrinə aid edək ki, onlar rəftarında kobudluğa, sərtliyə, şərə, böhtana, davaya yol verməmişlər olsun, böyüklükləri ilə böyük sayılsınlar. Bezdik ta acıdil, aqressiv, gənclərə paxıllıq edən yaşadolmuşların təkəbbüründən, zəhərindən.

Nənəm danışırdı ki, sovet hakimiyyəti yeni qurulan illərdə kənddəki qadınlardan birinin iki oğlu varmış, biri təhsilsiz, digəri müəllim imiş. Təhsilsiz olan qardaş alicənablığı, müəllimsə təkəbbürü ilə seçilirmiş. Ananın oğullarını fərqləndirdiyinə fikir verən ağsaqqallardan biri fikrini konkret bildirir, deyir, ay Gülçöhrə bajı, vallah fəhlə oğlun o birindən yaxşıdır, intəhası and içəndə müəllim oğlunun canına and içirsən.

Bu da ana. Bu da böyük.

Yeri gəlmişkən, araya salıb bunu da yazım: vaxtilə ananı övladlar arasında seçkinlik etməyə sövq edən müəllimlik peşəsi indi necə gözdən düşübsə, ana: “oğlum müəllimlik ixtisasına qəbul olunub” cümləsini dilindən sıxıla-sıxıla çıxarır. Təkcə bu fərq həm zəmanənin hardan-hara gəldiyini, həm də “tərəzinin ağır gözünə yıxılmaq” məsəlinin “əbədiliyini” göstərir.

Mövzu ilə əlaqədar paylaşdığım statusun rəy bölümünə “süni sevgi olmur” yazmışdılar. Cavabım: Olur. Etiraz edənlər varsa, xeyli misal çəkərəm, amma söz verin ki, “uşaqları analara qarşı qaldırır”, “mentalitetə ziddir” kimi mənasız fikirlər söyləməyəcəksiniz.

“Böyüyün üzünə ağ olma”, “böyüyünün üzünü qara eləmə”, “böyüyün üstünə bozarma”. Rənglər də böyüklərin monopoliyasıdır.

İnsan daim öz üzərində işləməlidir; rəftarına diqqət yetirib çatışmayan cəhətlərini dərk edib özündən uzaqlaşdırmalı, mənəviyyatını zənginləşdirmək üçün mütaliə etməli, yaxşı insanlardan nümunə götürməlidir. Kobud olduğunu başqasından eşitmək istəməyənlər özləri qaba davranışlarını “yonub” tökməlidirlər. Özü özünün tənqidçisi olan adamların tərifçisi başqaları olur. Yoxsa çürük adətlərə ilişib qalıb “Babam belə deyib”, “nənən elə edib, bunu yaşatmalısan” və s. deməklə milləti millət etmək olmur. Yaşatmaq istəyiriksə, dövlətimizi, dilimizi yaşadaq. “Böyük bacı dura-dura kiçik ərə getməməlidir” iddiasını rədd etməliyik. Bununla azərbaycançılıq olmayacaq.

“Sən bilmirsən, mən kiməm”, “Qohumum filan yerdə işləyir” məlumatını verməsən, yaxud mötəbər yerlərdən səni tapşıran, gözə girəcək titulların olmasa, zəngin mənəviyyatını dəyərləndirən olmur. Üstəlik layiq olduğun xoş sözlər başqasına deyilir. Hər gün xeyli gülünc insanlarla qarşılaşır, iyrənc hallar müşahidə edirəm. Yaxşı insanlar deyirlər ki, sənin gördüklərin biz görənlərlə müqayisədə yüngül haldır. Biri var, “barmağının onunu da şam edib gözlərinin qarşısında yandırırsan”, yenə deyir qaranlıqdır, çünki özünün daxilində işıq yoxdur, paxıllıqdan görmür. Nə qədər müsbət cəhətlərin varsa, onun da üstündən sükutla keçir. Axı səni yuxarılardan tapşırmayıblar, axı vəzifən yoxdur, quru insanlığından ona nə? Əksinə sayəndə öz xasiyyətinin pis olduğunu anladıqca sənə daha da nifrət edir. Sənsə utanırsan, ədalətsizlik, bərabərsizlik etməyə. Onda da elə bilirlər heç kəsin yoxdur və sən heç kimsən.

Necə pis yetişdiriliblər… Bütün bunları böyüklərdə görmüşük.

İstiqamətimizi yönəltmək işini valideynlərimizdən, kitablardan əvvəl nənələr görürlər. Hər şeyi birinci onlardan eşidirik. Nənələr xalqımızın söz boxçasını özləri ilə daşıyıb nəvələrinə ötürürlər. Nənə yanında böyüyən qız uşaqlarında evdarlıq güclü olur. Bəzilərində hətta “qadılıq” da duyulur. “Qadı” sözü biz tərəflərdə yaşı az olub, rəftarı böyüklərə məxsus olan qızlara deyilir. Bu cür qızlar kiçik vaxtlarından qadınlar kimi işgüzar olmaqlarından çox onlar kimi söz-sova maraqlı olurlar. Çox vaxt belə qızlar ətrafdakılarda qıcıq yaradırlar. Sözümün canı odur ki, beynimizin sil-süpür işlərini də, (oraya yaxşı şeylər yerləşdirən) zir-zibil işlərini də (özünün insanlara pis münasibətini) nənələr “nəzarətə götürürlər”. Kiminin nənəsi nurani, danəndə olub yaxşı şeylər öyrədir, kimininki də qarğışla, qeybətlə və s. mənasız nəsnələrlə qulaqlarını doldurur. Bəxtinə yaxşı nənə çıxanlar xoşbəxtdirlər. Qarğış da, mənasız nağıllar da olsa, əvvəlki nənələrdən folkloru öyrənirdik, indikilərdənsə nəvələri seriala baxmaq öyrənirlər. Seriallar bizi bizdən uzaqlaşdırır. İndi nənələr də özlərini çəkiliş meydanındaymış kimi aparırlar.

Dövran kiçiklərin böyüklərdən qisasını alır. Bir vaxtlar uşaqlara: “uşaqsan, sən bilməzsən” deyən böyüklər indi texniki yeniliklərin sayəsində uşaqlara möhtac qalıblar. Adi telefonun da “dilini” bilməyib, balacalardan kömək istəyirlər. Hələ “yekə-yekə” müəllimlər… qapazlayıb alçaltdığı şagirdlərə onlayn dərs keçə bilmirdilər, evindəki nəvələrin texniki biliklərindən yararlandılar. Bəs bilmirdiniz, “örkən nə qədər uzun olsa, gəlib doğanaqdan keçir?”

Amma elə eqoistlər var ki, yenə də “çox bilirəm”, “mən deyən olmalıdır” iddiasından əl çəkmir.

Əyləşmək üçün yerini ona verməyən qıza ağbirçəyin “duası” –  Qocalmayasan, bala! Böyükdür ha, cavab qaytarmaq olmaz.

Ağlımız kəsəndən qohum-əqrəba arasında narazılıq, inciklik hiss etmişik. Böyüklərimiz bir-biri ilə dolanmayıb. Gah qonşu, gah da qohumla ədavət aparıblar. Bütün bunlar uşaqların təsəvvüründə yolverilməz olub. Uşaqlar istəmirlər ata-anaları onun çox sevdiyi əmisi, dayısı, övladı ilə oynadığı qonşu ilə savaşsın. Onlar utanırlar, sıxılırlar. Böyüklərsə özləri küsülü olduqları adama uşaqlarını da yaxın buraxmır, “filankəslə danışma” deyirlər.

Rəngarəng, cürbəcür, növbənöv, löyün-löyün mentalitet qaydalarımız var.  “Hancarı?” sualı verirsinizsə, gözümü yumub, ağzımı açıb, sandığımızdakı pambığı tökürəm:

“Qocaman” ailələrin necə “qocaldığını” bilirsiniz. Dava-dalaş, söyüş-qaxınc, sillə-təpik gənc ailələrin “sayılıb-seçilən”, “yarıyan” olmaqları üçün “ən böyük vasitədir”. Gənc ər-arvadlar beləcə yaşa dolurlar. Ömür boyu “həmdəm olmaq” nə olduğunu bilmirlər, məqsəd yalnız evlənib oğul-uşaq sahibi olmaqdır. Bu bunun burası. Keçək mentalitetin digər “növünə”.

Bilirsiniz də, ərlə arvad “müharibə” edərkən “ən incə məqamlara” toxunurlar. Birinin qohumunun xırdaca bir qüsuru oldusa, həmin ər, yaxud arvad “batdı” Şamaxı batan kimi.

Hansınınsa əmisi oğlu üç dəfə evlənib, dayısı qızı sevdiyinə qovuşa bilməyib başqasıyla ailə qurubsa vəssalam, bunu bir-birlərinə “bağışlamazlar”. Həmin qohum evində rahatca oturub çay içir, bunlar qaxıncın ardını-arasını kəsmirlər.

Eşitmiş olarsınız – “nəslin o deyilmi, xəsislikdən evini qoyub, həyətdə daxmada yaşayır”.

–          Sizi kimi acımızdan ölmürdük ki?

Bunları başa salan olmur ki, bu mənasız şeylərlə ömrünüzü çürütməyin. Əgər bu kimi halları pis hesab edirsinizsə, təkrarlamayın, həyatınızı başqa cür qurun, yaxşı nümunə olun. Sonra sizin övladlarınıza da “dədənlə anan bütün günü qırğın edirdilər” deyən olmasın.

“Ər tərəf”, “arvad tərəf” söhbəti salanlar elə qohumdan evlənsələr yaxşıdır. Onda hər iki tərəfdə eyni adamlar olur, bu ona “anan filan iş gördü” deyəndə o da cavab versin ki, “sənin xalandır, neynəyim?” (bu da kinayədir)

Böyüklərdən aldığımız başqa bir psixioloji travma.

Yəqin ki, özünüzdə də belə istək olub, ətrafınızdakılardan da eşitmisiniz, uşaq vaxtı ürəyinizdə olan hansısa əyləncəni, xoşladığınız yeməyi qənaətlə işlədəndə arzulamısınız ki, böyüyəndə çoxlu filan şeydən çox yeyəcəm və yaxud filan şey alacam və s.

Bu kimi arzular ancaq bizdə olur. Çünki qadağalar, məhrumiyyətlər bizdə boldur.

Müəllimim söyləyirdi, uşaq vaxtı taxtın üstündə atılıb-düşməyi sevirdim, amma qoymurdular ki taxt sınacaq. Özü ata olanda uşaqlarını taxtın üstünə çıxarıb onlarla əylənirmiş.

Böyüklük məsuliyyətini anlamayanlar onsuz da səhvə yol veriblər. Edən edib, xoş hisslərdən məhrum olanlara da heç nəyin təsiri olmur. Yaşıdlarıma, özümdən kiçiklərə tövsiyə edirəm: qohum-əqrəbanın, qonşunun hətta yad sandığınız adamların övladlarına qayğı göstərin, sevgi ilə yanaşın. İnsanlardan məhəbbət, diqqət görən uşaqlar şən, ürəyibütöv böyüyürlər, onlarda psixoloji travmalar olmur. O cür böyüyənlər həyatı, insanları sevir, özləri də hamıya qayğı ilə yanaşır, hər kəsə diqqət yetirirlər. Müşahidə aparsanız həm ailədə sevgisiz böyüyənlərin, həm də qohumlarından mehribanlıq görməyənlərin necə aqressiv olduqlarını görəcəksiniz. Onlarda vətən, millət anlayışı olmur, ya bilərəkdən, ya da qeyri-ixtiyari laqeyd yanaşırlar bu məfhumlara. Heç nəyə bağlı olmurlar. Çoxu böyüyəndə asanlıqla hər kəsi, hər şeyi atıb qürbətə üz tutur. Uşaqlıqda yaşadıqlarının təsirindən çıxa bilmir, ömrü boyu xatırlayır, onu incidənlərə lənət oxuyur. Amma hər kəsdən mehribanlıq görənlər yaxşı formalaşır, kin-küdurət, həsəd, paxıllıq hissi duymurlar.  İnsanları sevməkdə, həyata bağlanmaqda, millətə təmənnasız xidmət etməkdə böyümə şəraiti əsas rol oynayır.

Hamınızın tanıdığı, yarınızın qınadığı, bir qisminizin söydüyü tanınmış var, (sevənləri də az deyil) indi xaricdə əyləşib xalqına həqarət yağdırır, biz də cırnayırıq. Mövqeyini dəstəkləməsəm, fikirlərini təqdir etməsəm də, bir-birimizə zidd əqidədə olsaq da, etiraf edim ki, Azərbaycanda qadına qarşı ögey münasibət barəsində yazdıqlarının bəziləri ilə razılaşıram. Bu ayrı bir mövzudur, əsas fikrim budur ki, o qadın uşaq vaxtı yaxşı mühitdə böyüməyib, uşaqlıq travmaları çoxdur, qayğısız, sevgisiz boy atıb. (böyüdüyü mühitin çatışmazlıqlarından, valideynlərinin onu döydüyündən yazır) Həmin nəsnələr onun xalqına yad ruhda olmağına əsas səbəbdir. O indi öz dincliyini düşünür, ölkədən gedib özünə xoş olanı seçib. Burda uğrunda ölümə atılmağa qəlbən bağlı olduğu kimsəsi qalmayıb. Bioloji bağlılığa laqeyddir, ona görə uzun illərdir oralarda yaşayır. Amma çoxumuz bu addımı atmarıq, çünki bizə ötürülən sevgi indi başqalarına qarşı kök atıb. Nəyisə kökündən qoparmağa ürək eləmirik. Mənəvi bağlılıq, insanlara can yandırmaq, xalqını çətinlikdə qoymamaq kimi xüsusiyyətlər uşaqlıq illərində ətrafımızdakıların qayğısıyla şüurumuza hopub, onun üzərində formalaşmışıq. Böyüklərin uşaqlığı, uşaqların da böyüklüyü bir-birindən asılıdır.

Onları mükəmməl yetişdirək ki, nə özləri, nə biz, nə də cəmiyyət əziyyət çəksin. “Özgənin övladı” anlayışını beyindən silmək lazımdır.

Nəsilləri qarşı-qarşıya qoymağın tərəfdarı deyiləm, amma böyüklər “indiki gənclər” deyə başladıqları cümlədə qərəzə yol verdiklərinə görə çoxdan ürəyimdə saxladığım üç-dörd kəlməni açıb-ağartmaq fikrinə düşdüm.

İnsanları müşahidə etmək qabiliyyətim var, bu bacarığımdan hər gün izdihamın içində bolluca istifadə edirəm. “Zəngin təcrübəmə” əsaslanıb əminliklə bildirirəm: “böyük” anlayışını dəyişməliyik. Yoxsa, gənc nəsil çaşbaş qalar.

Özünə, bir-birinə hörmət qoymayan böyüklər gənclərdən niyə zorla hörmət tələb etməlidirlər?

Bu qədər vaxtda hələ ictimai yerdə savaşıb bir-birinə kobud ifadə işlədən cavanlara rast gəlməmişəm. Avtobusda yer davası döyən, sürücü ilə əlbəyaxaya çıxan, növbəsini gözləməyib adamları ayaqlayıb keçən, kobud danışan, qarğış tökən, işdə qeybət edib, şöbədən-şöbəyə xəbər aparan, qohumlar arasında intriqa yaradan həmişə böyüklər olub. Bunların hansı birini gənc oğlanlar, ya qızlar edirlər? Bu cür halları onlar böyüklərdən götürüb böyüyəndə təkrarlayırlar.

Ağsaqqal sürücü sərnişini vurmaq üçün (onun da saqqalı ağarmışdı) sükan arxasından ayağa durur. Qadın sərnişinlərin də sürücülərlə necə rəftar etdiklərini ötən il yayılan videoda görmüşdünüz. Sərnişinlər də bir-biri ilə dava edirlər. Uşaqlar, cavanlar onlara tamaşa edir, qorxur, heyrətlənir, ya da təəssüflənirlər. Böyüklərdən gördükləri budur. Başqasına hörmətsizlik edənlər özlərinə hörmətlə yanışılmağı istəyirlər.  Dərk etmirlər ki, hörməti, sevgini qazanırlar, zorla tələb etmirlər.

“Qınamasın ellər məni…”

Yaşlı qadındır, amma üzünün dərisində qırış yoxdur, yolunu vaxtlı-vaxtında estetik mərkəzlərdən saldığı bəllidir. Dodaqları normadan iki dəfə artıq böyüdülüb, saçları göy rəng, qulağında “N” qədər sırğa yanaşı düzülüb. Yubkasını tikənin həddən çox xəsis olduğu, parçanı qənaətlə işlətdiyi aydın görünür və…  əsl söhbət “və”dən sonra başlayır. Gənclərin başının üstündə dayanıb yer davası döyür. Böyüyə, əslində, özünə hörmət tələb edir. “Ayağa durmalısan, mən əyləşməliyəm” iddiasından az qalır qızları baxışları ilə döysün. Müşahidə edirəm, qadındakı enerji, baxımlılıq, yaşamaq həvəsi, maddi imkan içi mən qarışıq cavanların çoxunda yoxdur. Gənclərin təkcə gəncliyi var, ona da yaşlılar göz dikir, onu da burunlarından gətirirlər. Hirsimdən həmin qadına mən də yer vermədim. Elə ki, avtobusun qapısından gözlərindən əzab yağan, üz-gözündə çətin ömür yolunun izləri qalan həyalı qadın girdi, qabağınadək gedib hörmətlə gətirib yerimdə əyləşməsinə kömək edirəm. Həyasını bilirsiniz nədən duyuram? –  Baxışlarından. Fikri gənclərin əyləşdiyi oturacaqda olmur. Çəkilib daldeydə durur ki, kimisə narahat etməsin. Belə adama yer nədir, canımı da verərəm. Gözlərim üstə saxlaram. Yaşının bu çağında sinəsini, yan-yörəsini çöldə qoyana yaşlı demək olmaz. Salona gedib dırnaqlarını manikür elətdirə bilirsə, selikonlara qarşı orqanizmi dözümlüdürsə, demək on dəqiqəlik yolu ayaq üstə getməyə təpəri olar. Əyləşmək olanda yaşını deyir, gözəlliyə gələndə gənc qızlarla yarışa başlayır. Soyuducuya aid tampaca ona da aiddir: Yaşında qışdır, içində bahar.

Sovet hakimiyyəti illərini, ondakı mühiti, o vaxtkı tərbiyəni sevən, tərifləyən çoxdur. Etiraz etmirəm, sadəcə, soruşuram: bəs bu gün hər dəqiqə pislədiyiniz insanlar hardan peyda olublar?

Bugünkü zəhər tuluğu yaşlılar, aqressiv orta nəsil təriflədiyiniz dövrün yetirmələri deyillərmi?

“İndiki gənclər” deyib tənqid etdiklərinizlə bunların fərqləri nədədir?

Yaman uzun danışdım, qısası, demək istəyirəm ki, böyüklük anlayışını dəyişək. Vəssalam.