- Dil

Pərvanə BAYRAMQIZI. Həsən Bicarinin toxunduğu cari problem        

 “Səlis və gözəl müasir Azərbaycan dili dərin kökə malik olub, qədim babalarımızın danışdığı dilin çiçəklənmiş formasıdır. Xalqımızın mütərəqqi oğulları tarix boyu öz gözəl fikirlərini xalqa çatdırmaq, onu oyadaraq əsarətdən olmaq, gözəl və mədəni həyat qurmaq uğrunda mübarizəyə qaldırmaq üçün ana dilində yazıb-yaratmış və nəsillərə bu dildə yazmağı tapşırmışlar. Cənubi Azərbaycanda yaşayıb-yaratmış böyük şairimiz Möcüz deyirdi: “Mən azərbaycanca ona görə yazıram ki, mənim həmvətənlərim ancaq bu dili bilirlər. Ayrı dildə yazdıqda, təbiidir ki, onlar fikri başa düşmürlər. Mənim məqsədim isə budur ki, sözlərimi bütün arvad və kişilər başa düşsünlər”.

Azərbaycan dilində ölməz əsərlər yaradan xalqımızın böyük sənətkarlarını, ədib və alimlərini saymaqla qurtarmaz. Bu qədər deməliyik ki, tariximizin elə bir dövrü yoxdur ki, ədəbiyyatımızın yaradıcılıq sahəsində, milli mədəniyyətimizin inkişafı sahəsində  tarixi bir şəxsiyyət görünməsin. Müasir dövrdə tarix, dil və ədəbiyyatımızı hər cür düşmən təsirlərdən qorumaq, dil və ədəbiyyatımızın, ümumiyyətlə, mədəniyyətimizin müvəffəqiyyətlə inkişafı uğrunda mübarizə aparmaq bügünkü nəslin qarşısında duran mühüm və əsaslı vəzifələrdəndir.

… xalqımız tarix boyu öz istiqlaliyyət və azadlığı uğrunda mübarizə apararkən tək öz torpağı, zəmiləri və bağlarını deyil, bu maddi sərvətlərlə bərabər, həm də öz mənəviyyatının ifadəsi olan dil, mədəniyyət və incəsənətini də hifz etmişdir. Dilin xalqın həyat nişanəsi olduğuna görədir ki, dil və mədəniyyətimiz əleyhinə düşmənlərin vəhşi hücumlarına qarşı xalqımızın apardığı mübarizə daha ağır və əzablı şəkil almışdır. Ölkəmizə hücum edən istilaçılar xalqımızı özünə tabe etmək üçün ana dilimizə alçaq nəzərlə baxmış, onu fikirləri və ali hissləri ifadə edə bilməyən, yoxsul bir dil kimi damğalamağa çalışmışlar. Ərəb, TÜRK və fars işğalçıları Azərbaycan xalqını məhv etmək üçün öz dillərini hakim bir dil kimi xalqımızın boğazına keçirməyə çalışmışlar. Onlar xalqımızın böyük dahiləri, alim və ədiblərini öz əsərlərini yad bir dildə yazmağa məcbur etmək üçün hər cür tədbirdən çəkinmirdilər. Bu vəhşi siyasət hal-hazırda ən qaba surətdə Cənubi Azərbaycanda davam edir.

Azərbaycan xalqı min illərlə bundan qabaq ictimai əmək prosesində ictimai şüur kəsb etdiyi kimi, bu şüurun ifadə vasitəsi olan dili də yaratmışdır. Bu, o deməkdir ki, müasir Azərbaycan xalqı qədim zamandan bəri özünəməxsus orijinal dilə malik olmuşdur”.

İlk oxunuşda ana dilini sevən hər kəsin bəyənəcəyi fikirlərdir. Məhz buna görə böyük bir mətnin müxtəlif hissələrindən müəyyən abzasları hərf-hərf köçürüb yazının əvvəlində verdim. Aktual mövzudur, üslubuma sadiq qalıb bir az fərqli desəm, “həmişəbahar” mövzudur. Bu gün də həmin problemi yaşayırıq. Amma məqalənin müəllifi belə canıyananlıqla yazmaqda təkcə dilə xidmət etmir, diqqətlə oxuyanda məlum olur ki, burada başqa məqsəd də var.

Mənbələr axtarırdım, bilmək istəyirdim ki, filanıncı ildə filan jurnalda ana dili mövzusuna toxunulubmu, kimlər toxunub, necə toxunub? Diqqətimi Həsən Bicari imzası çəkdi. Quqldan soruşdum, dedi tanımıram. Həmin yazının sorağı ilə üz tutdum Milli Kitabxanaya. Allah oranı şen eləsin, nə istəsən, taparsan. Vaxta qənaət etmək üçün 1950-ci ilin jurnalının surətini çıxartdırıb evə gətirdim.

Həsən Bicari. Məqalənin mövzusu da imzayla üst-üstə düşür, burda yerinə düşməyən“bi” şəkilçisidir. Keçmişdən qalmağına baxmayaraq, cari problemdir.

“Azərbaycan dili haqqında bəzi qeydlər” adlanan məqalədə “Stalin yoldaşın” dil haqqında dediklərindən sitat gətirilərək, fikirlər əsaslandırılır. Hər hansı bir xalqın dili üçün vacib fikirlər hesab ediləsidir, bizim üçünsə uyğun sayılmaz. Diqqətlə oxuyanda görürsən ki, yazı Azərbaycan dilini bağlı olduğu türk dilləri ailəsindən ayırmağa hesablanıb. Həmin hissəni ikinci mətndə yazacam. Hələlik yuxarıdakı fikirləri oxuyub sevinək ki, ana dilini bu cür sevib əzizləyən ziyalımız olub. İndiki zamanda göz görə-görə dili korlayanlara da yaxşı bir nümunədir. Onu da qeyd edim ki, müəllifin adını çəkdiyi ərəb, fars və türk dilləri üçün söylədikləri hazırkı dövrdə də rus və ingilis dili üçün keçərlidir.