Hələ 1982-ci ildə nəşr olunan “Ümumi kitabxanaşünaslıq” kitabında radio və televiziyanın sürətlə məişətə daxil olması nəticəsində kitab və kitabxananın taleyi müzakirə olunduğu yazılır. Kitabda fransız radio və televiziyasının keçmiş direktorunun “kitab geniş xalq kütlələri üçün artıq mədəniyyətin əsas aləti deyildir” fikrinə bir qədər də ironik yanaşlılır və mütaliənin insanın idrakı fəaliyyətinin növü kimi üstünlüklərə malik olduğu üçün sıxışdırılıb aradan çıxarılmasının mümkün olmadığı bildirilir.
Kitabda diqqəti çəkən bir neçə fikri zamanın tələbinə uyğun təhlil edək.
Yazılır ki, “kitaba, jurnala, qəzetə müraciət radio və televiziya verilişlərinin proqramı ilə və müəyyənləşdirilmiş vaxtı ilə məhdudlaşdırılmır. İnsan öz şəxsi təlabatından və şəraitindən asılı olaraq mütaliəyə ayrılan vaxtı müəyyən edir. Mütaliə üçün kitabların seçilməsi fərdi marağa tam uyğun aparılır və verilişlərin proqramından irəli gəlmir”. Yaxşı proqnozdur, amma son illərin müşahidəsinə əsaslanıb reallığın fərqli olduğunu əminliklə söyləyə bilərik.
Həmin illərdə “Kiçik şəhərlərin həyatında kitab və mütaliə” tədqiqatlarının məlumatlarında göstərilir ki, əhalinin 97 faizi qəzetlərə, 78 faizi jurnallara, abunə yazılır, 97 faizinin radiosu, 67 faizinin televizoru var, 51 faizi kitabxanaların kitab fondkarından istifadə edir, 84 faizinin şəxsi kitabxanaları vardır.
Bu tədqiqatı hazırkı dövrdə aparsaq yəqin ki, nəticə daha pis olar. Əlli bir faizin neçəyə düşəcəyi indidən məlumdur.
Pandemiya dövrü kitabxanaların o qədər də ürəkaçmayan vəziyyətini bir az da pisləşdirdi.
Bir məqam da diqqətimdən qaçmır: yazılır ki sovet təcrübəsində belə bir maraqlı qanunauyğunluq müşahidə edilir: informasiya vasitələri nəinki öz aralarında rəqabət aparmır, eyni zamanda qarşılıqlı surətdə bir-birini tamamlayır, ümumi tərbiyəvi vəzifələri birlikdə həll edirlər. Radio və televiziyanın inkişafı ilə kitabxanalar elə bir auditoriya əldə ediblər ki, onun haqqında fikirləşmək olmazdı və bu imkanlardan istifadə etməmək səhv olardı. Göründüyü kimi, o zamanlarda televiziya və radio indiki qədər zərərverici deyilmiş. O dövrdə bu texniki vasitələrin yaxşı oxucu yetişdirməsi vurğulanır. Deməli, KİV-dən istifadə edən fərd dünyagörüşünü inkişaf etdirir, kitabın dəyərini daha dərindən anlayır və ona ehtiyacı olduğundan kitabxanaya müraciət edir. Bu fikirləri indiki televiziya proqramları haqqında söyləmək mümkün deyil. İndi televiziyadan nələrin təbliğ olunduğunu məndən yaxşı bilirsiniz. Daha çox zəngin həyatın, müğənnilik peşəsinin və s. təbliğ edilməsi əksər adamları kitabdan uzaqlaşdırıb.
Zərərverici şeylərdən uzaq durmağı öyrətdiklərindən televizora baxmıram. Tutaq ki, mən bu zərərvericidən uzaqlaşdım, bəs saatlarla gözünü ekrana dikib mənasız proqrama baxan maarifsiz ailələr və o ailələrdə böyüyən uşaqların qeydinə kim qalsın? Sabah cəmiyyətdə bu cür böyüyənlərə cahil, uğursuz kütlə kimi baxıb ələ salacaqlar. Onları bu səmtdən indidən qaytarmaq lazımdır. On-on beş ailənin televiziyadan uzaq durmağıyla problem həll olunmur. Kökündən düzələsi problemdir. Kanalların rəhbərliyi törənən fəsadları nəzərə almalı, millətinə can yandırmalıdır. Bir-iki sanballı kanal var onu da müəyyən səbəblərə görə ələ salırlar. Qəribədir, Aztv-ni hakimiyyətyönlü olduğuna görə də, kino dublyajlarında kobud ifadələri çıxardıqlarına görə də tənqid edirlər.
İndi televiziyada işləyənlərin çoxu kitabxana tanımır.
“Texnika əsridir” deyirsiniz, razıyam. Cavanların kompüter bilikləri var, bu da gözəl. Bəs texniki biliyi yetərincə olan bir gəncin yazıb çıxardığı bərbad elanları neynəyək? Təkcə texniki biliklərlə kifayətlənmək olurmı?
Onda deyirdilər: “İndi kitabxanaların çoxunda televizor və radio qəbulediciləri var və bunlardan əhali ilə mədəni-tərbiyə işi üçün və kitab təbliğini gücləndirmək üçün kifayət qədər geniş istifadə edilir.” İndi isə kitabxanada televizor olsa işçilər özləri seriala baxarlar. (Yutubda kanalında baxanlar var.)
İndiki KİV oxucu qatilidir. Adamda kitab eşqini öldürürlər.
Ötən ilin aprel ayından karantin rejimi elan ediləndən kitabxanalar KİV-in bəzi funksiyalarını yerinə yetirməyə başladılar. Bu zərurətdən yarandı. Bunu kitabxanaçıdan virtual ünsiyyət tələb etdi. Ənənəvi tədbirlərin ləğvi onlayn görüşlərin keçirilməsinə səbəb oldu. Kitabxanaçılar aparıcılıq etmək məcburiyyətində qaldılar. Məlum oldu ki, kitabxanaçı insanların düşündükləri kimi təkcə kitab verib, kitab alan deyil. Onlar hərtərəfli biliyə, məlumata malik olmalıdırlar. Bir neçə kütləvi kitabxanın təşkil etdiyi onlayn görüşü izlədim. Belə bir vaxtda kitabxanaçıların da problemləri bəlli oldu. Çoxunun qüsurlu nitqi, məlumatsızlığı üzə çıxdı. Hiss olundu ki, bəziləri xüsusi intonasiyası ilə danışıb aparıcı təəssüratı yaratmaq istəsə də cümləni düzgün qura, fikrini aydın çatdıra bilməməyi hər şeyi korladı. Belə görüşlər yalnız sanballı qonaqların öz nitqlərinin sayəsində maraqlı alınırdı. İzlədiyim xeyli görüşdən tək bir kitabxananın əməkdaşında vacib olan keyfiyyətləri müşahidə etdim.
Bu yerdə bir məqamdan mütləq yazmalıyam:
İstedadlı jurnalistlər arasında Kitabxanaçılıq-informasiya fakültəsini bitirənlər çoxdur. Jurnalist kimi tanınmayanlardan da eşitmişəm ki, jurnalist olmaq arzulayıb, amma kitabxanaçılıq-informasiya fakültəsinə qəbul edilib. Bu iki peşənin qohumluq əlaqəsi çoxdur, belə deyək də, mahiyyətcə yaxındırlar.
Yuxarıda qeyd etdiyim məqamlardan keçən xeyli tanınmış jurnalistlər var. Onlar əslində bunun üçün yaranıblar, sadəcə Dövlət İmtahan Mərkəzinin (əvvəlki TQDK) “kurallarına” görə başqa fakültəyə qəbul olunublar. Amma sadəcə, “diplomum olsun” prinsipi ilə təhsil alan həm jurnalistika, həm də kitabxanaçılıq-informasiya fakültəsinin məzunları jurnalist ola bilmirlər. Çünki onların sözə bağlılıqları olmur.
Bu problem azmış kimi pandemiya dövründə kitabxanaların onlayn fəaliyyət göstərməsi də kitabxanaçıları “jurnalist” elədi. İşlədiklərini göstərmək üçün nələrəsə can atmaqları yaxşı haldır, amma onlayn görüş təşkil etdikləri adamla dialoq qura bilməməkləri, müsahibinə bələd olmamaqları, cümləni düz-qoş edib fikrini çatdırmamaqları izləyənləri yorur. Adam onlara baxanda bu yaxınlarda hamı tərəfindən ələ salınan o “məşhur” gülünc kanalı və onun “məşhur” aparıcısını xatırlayır.
Baş verənlər fakültənin adındakı “informasiya” sözünü doğruldur, amma tamam başqa mənada. Statuslarımdan birində zarafatyana yazmışdım ki, əgər kitabxanalar bu rejimdə işləyəcəksə, onda hər kitabxananın ayrıca mətbuat katibi olsun, bu işlərə onlar baxsınlar. Özü mütaliə etməyən kitabxanaçı jurnalistlik etmək məcburiyyətində qalmasın.
“Gərəksiz oluruq biz, səhv düşəndə yerimiz” – Qabil