Əzizim, yarpızlığa
Su gəlib qarpızlığa,
Gördün dünya belədir
Özün vur arsızlığa.
Dünyada ki bu qədər dərd-azar var, öhdəsindən gəlməyə gərək canında təpər olsun. Andıra qalmış bu mərəz canımıza bəla olandan ovqatımız dəyişib. Covid-19-u deyirəm ee. Onun üzündən insanlar bir-birindən uzaqlaşır. Bundan əzəl soyuqqanlı adam görəndə “zamana dəyişib” deyə ah-vay edərdilər. İndi bir-birimizdən uzaq durmağa adət etmişik. Kimin ki, canından bir balaca isti qalxdı azara tutulduğundan şübhələnir. Bu istilik də köhnənin istliyidir ha. Yoxsa nənələr:
Qızdırma tutdu məni
Tutdu, qurutdu məni
Mənim istəkli balam
Nə tez unutdu məni
bayatısını deməzdilər. Ta qədimdən bəri cürbəcür mərəzlər olub.
Dədə-babadan adına “gəzmə” deyirdik. Üstəlik işimizin uğurlu olub-olmayacağını da xəstənin asqırmasına uyğun tənzimləyirdik. İndi kiminsə burnu bir balaca qıcıqlanıb asqırdımı, yanındakılar qaçır, “sağlam ol” deməyə bir nəfər də tapılmır.
Deyiblər ki, hər dövranın bir hökmü var, hər zamanın da bir qələmi. Ömrü sözlə yaşayan Füzuli də o vaxt qara ölümdən getmişdi. Bizim zamanın bəxtinə də yaradan covid-19-u yazdı. Amma, əzizlər, hər şeyin çarəsi var. Xəstəlik əleyhinə peyvənd olunub özümüzü qoruya bilərik. Bəzi xəstəliklərin adına qədim kitablarda rast gəlinir. Dini inanclara görə bir çox mərəz tanrıların yolladıqları cəzadır.
Əzəllər qohum-qonşuda sayru olanda təbiətin nemətindən pay ayırıb onu yoluxmağa gedərdilər. Bu qayğıya onların ehtiyacı olur.
Şirvanda xəstə mənəm
Xəstəni bəsləmənəm.
Gözləri yol yorğunu
Qulağı səsdə mənəm.
Əgər kimsə xəstəyə dəyməyə getməsə inciyərdi.
Sənəm səsəmi gəldin,
Bildin səsəmi gəldin,
Xəstə yatdım gəlmədin
Öldüm yasamı gəldin?
xəstənin ürəyi həmişə nar istəyib. Nara aid şeir yazıb, tapmaca, mahnı qoşublar.
“Aldım bir dənə
Açdım min dənə” deyən kimi bilinir ki, açması nardır.
Dağlar qar istəyən kimi,
Bağlar bar istəyən kimi,
Xəstə nar istəyən kimi, ay gözəl
Yaman könlümə düşmüsən.
Bu da məşhur bir mahnıdandır.
Mərəzdən uzaq olmaq üçün gərək meyvələrin hamısından yeyəsən ki, buz baltası kimi olasan. Hər bitkidə bir bir hikmət var. Canınıza qulluq edin, əzizlər. Dizinizdən taqət, qolunuzdan qüvvət kəsilməsin.
Bu yol karvansız olmaz
Dəvə sarvansız olmaz
Gedək həkim yanına
Həkim dərmansız olmaz.
Hə, istəklilər, bu ömrü gödək olmuş mərəzlə həkimlər qovğadadırlar. Biz də onlara pənahlanırıq. Allah həkimlərimizi el içindən əskik eləməsin. Qara gün görməsinlər. İşləri avand olsun ki, üzləri gülsün. Di salamat qalın.