- Köşə

Pərvanə BAYRAMQIZI. “Mötəbər” ata

Bir kişi vardı. Əslində, yox idi, amma özü bilmirdi. Cəmiyyət ondan fərd kimi çoxdan əlini üzmüş, xeyirə-şərə yaramadığından qohum-qonşu gözünü çəkmişdi. Ailəsinə gərək olduğunu düşündünüzsə, etiraf edim ki, mətni bir kişinin  ailəsi üçün yararsız olduğunu, amma… ya da yazmıram, sonacan oxusanız, niyyətimdən xəbərdar olacaqsınız.

Təzədən başlayım. Elə bilin ki, ilk abzas ikinci abzasdır. Hə, bir kişi vardı. Onun dörd övladı, vur-tut bircə arvadı vardı. (Xeyli vaxtdır hər ailədə ikicə uşaq doğulur. Dörd uşaq olduğunu oxuyanda iki qadının hərəsindən iki övladı olduğunu zənn etməyəsiniz deyə “vur-tut” ifadəsini işlətməli oldum.) Doxsanıncı illərdə – siyasi-iqdisadi cəhətdən mürəkkəb və çətin dövrdə cəsarət edib dörd övlada sahib olmaq məsuliyyətli insanlar üçün ağılsızlıq idi.  Amma bu kişi nə dövrün çətinliyini, nə də özünün, arvadının işsizliyini nəzərə alırdı. Hey görürdük,  üç-dörd kəndin xəstələrinin pənahlandığı tibb bacısı bu kişinin arvadını doqquz ayın əzabından xilas etməyə gedir. Uşaqlar Allah saxlamışlar da burdan doğulur, burdan həyətə qaçırdılar. Maşallah tez böyüyürdülər. Amma kim böyüdürdü, necə böyüyürdülər, o sirr idi. Yox, bu “Qonşu uşağı tez böyüyür” məsəlindən deyil. Bir manatın gətirilmədiyi evdə dörd uşağın aclığa dözməsi möcüzə hesab edilirdi. Nənələri arada ona verilən payı uşaqlara verirdi. Uşaqların gözlərinin qarşısında ataları yazıq qarını dəli inək balasını çığnayan kimi çığnayırdı. Onlar oğulun anaya əl qaldırmasını normal həyat tərzi kimi şüursuz şəkildə qəbul edirdilər. Axı bu cür görürdülər.

Hə, bu kişi təkcə anasını çırpmırdı ki. Arvadını hamilə vəziyyətdə yolun ortasında təpiklə undan yumşaq edirdi. Sonra da yayın cırhacırında plaşını geyinib tüklü papağını da başına qoyub kəndin arasında heç nə olmayıbmış kimi gəzir, tanıdığı insanların nəsillərinin qüsurlarını başlarına qaxınc edirdi. Özünün yaşayış tərzində ürəkaçan heç nə olmadığından atasının sovet hakimiyyəti illərində sanatoriyaya getdiyindən danışırdı. Uşaqdan böyüyə hamı bu xatirəni əzbər bilirdi. Hərdən də anasını çox istəmədiyini, atasının birinci arvadını özünə ana bildiyini vurğulayırdı ki, heç kəs ona “anaya əl qaldırma” deməsin. Elə bilirdi, bunu desə anasını döydüyünə haqq qazandıracaqlar.

Yazının əvvəlində “vur-tut bir arvadı vardı” yazmağımın səbəblərindən biri də bu idi ki, qəhrəmanımızın atasının iki arvadı olub, xoşbəxtlikdən özü bircə dəfə evlənmişdi. (Atasının səhvini təkrar etməyən oğullar sırasında atam da var)

Anasını, arvadını əzişdirən kişi bir gün də azyaşlı qızının əlini qızdırılmış bıçaqla yandırdı. (“Səbəbini” yazmağa əlim gəlmir.) Necə qəddar olasan ki körpənin canını ağrıdıb ürəyini sakitləşdirəsən? Çoxunuz fikirləşəcəksiniz ki, qadınlarda heçmi günah yox idi? Bəs 4-5 yaşlı uşağın qızdırılmış bıçaqla dağlanmasına səbəb ola biləcək hansı günahı ola bilərdi?

Müayinədən keçməyən, psixi problemlərinin olduğu təsdiqlənməyən o qədər kişi var ki. Dərd odur ki, onlar insanların yanında özlərini mümkün qədər mərifətli göstərirlər. Heç kəs də onlara psix deyə bilmir. Haqqında yazdığım adam da, məncə, normal psixikaya sahib deyildi. Amma bunu kim deyə bilərdi ona? Hamını dəli adlandırardı. Başqalarının qüsurlarını elə sadalayır, elə ələ salırdı ki, tanımayanlar onun zərrəcə nöqsanı olduğuna inanmazdılar. Dörd övladını sevgisiz böyütdü. Səfalət içində boy atan uşaqlar atalarının “xeyrini” öləndən sonra gördülər. Hökumətin “əli ilə” ata çörəyi yedilər.

Bu cür ataların ölüsü dirisindən daha faydalıdır. Onun yoxluğu anasının, arvadının canını təpik izlərindən xilas elədi, uşaqların əyinləri təzə paltar tanıdı, pəncərələri pərdəli oldu. Belə kişi idi. Bəs məni bu əhvalatı yazmağa məcbur edən nədir? Gördüyümü nəql eləmək? Xeyr! Həyatda pis insanların olduğunu göstərmək? Bu da yox. Bundan betərlərinin olduğunu da özünüz bilirsiniz.

Bilirsiniz, nəyi vurğulamaq istəyirəm?

Belə yararsız, hətta zərərli adamın, qaniçən oğulun, mərhəmətsiz, sevgisiz atanın təpiyinin ucunda böyüyən qıza qohum-qonşu tövsiyə edir ki, yaşın ötür, ailə qur, övlad sahibi ol. Sizcə, qız necə cavab versə, yaxşıdır?

-Yaxşı oğlan yoxdur, atam kimisini istəyirəm.

Şərhə ehtiyac qaldımı?