- Ədəbiyyat, Manşet

O, Anna Karenina deyil



Pərvanə BAYRAMQIZI

O səsi neçə nömrəli avtobusda, hansı istiqamətdən keçəndə eşitdiyim hələ də yadımdadır. Məndən arxada əyləşmişdi. Üzünü görmürdüm. Səsisə qulaqlarımda əks-səda verir, qəlbimə dolub ağrıya çevrilirdi. Bilmirdim, gözəldi, ya kifir, bunu bilməyin mənası da yox idi. Həyat tərzinin necə olduğunu isə telefondakına söylədiklərindən güman etmək olurdu. Eşitdiklərimi şərh etmədən olduğu kimi yazacam. Siz də fikir bildirməyə tələsməyin, sonacan oxuyun. Görünən tərəfi müzakirə etmək asandır, çalışın qadının dediklərinin ağrısını duyun:
– Əgər mən səhv etmişəmsə, üzr istəyirəm, gəl barışaq.
– …
– Günahkar mənəm, gəl barışaq.
– …
– Səni sevmişdim. Sən məni bu qədər sevsəydin, özümü xoşbəxt sanardım. Elə bilirdim sən hamıdan fərqlisən… ərim kimisənmiş…
Dedim axı şərh etməyə tələsməyin. “Ərim kimisənmiş…” ifadəsi sizi qıcıqlandırdı, bilirəm. Qadın tabuları aşmışdı. Hücuma keçməyə bəhanəniz olsun deyə bundan ağır nə günah işlətmək olar? Bu “günahı” etməyə təhrik edən səbəblərə isə həmişə göz yumursunuz. Qadını qınamağa nə var ki? Bəs onun “ərim kimisənmiş” sözü sizə heç nə demir? Əri necədir? Ərindən nə gözləyib, ala bilməyib? Onu başqasını sevməyə nə məcbur edib? Bunlar vecinizə deyil. Sinəsində ürək yerinə daş gəzdirən həmcinsləri də daşqalaq edər o qadını. Amma çoxunun ürəyində onu alqışlayacağı da bəllidir. Bəzi qadınlar da mütiliyinə görə özünü qınayacaq. Bir qismi isə təhqir olunmağa alışıqlı olduqlarından “kişi döyər də, söyər də” təfəkküründən çıxa bilmədiklərindən, bəlkə də, qadına ölüm cəzası istəyərlər. Yaxşı ki, belələrinin səlahiyyəti olmur… Məsələnin hər tərəfi müzakirə edilər, bircə bədbəxt qadının insan olduğu, sevilməyə, nəvazişə ehtiyacı olduğu heç kəsin dilinə gəlməz. Dilinə gələn də qınanılacağından qorxub susar. Kəskin və məntiqli cavab həmişə susanlarda olar. “Ərim kimisənmiş…”. Əslində bu, fəryaddır, amma pıçıltı ilə söylənilir. Siz qadını lənətləsəniz də, mən sizin görmədiklərinizi görməyə davam edəcəm. Onun xəyalları yenə puç olub. Yenə kimisə sevib, kiməsə ümidlə yanaşıb, peşman olub.
– Gecə növbəsində qalacağımı bilirdin, qayğını istədim, zəng edib “necəsən?”, “necə getdin?”, “nə vaxt gələcən?” deyə soruşmağını gözlədim. Sənsə maraqlanmadın.
– …
– Kaş deyəydin “işim olub”, “başım qarışıb” təsəlli alardım.
– …
– Barı “mən belə adamam məni bu cür qəbul et…” söylə.
Son kəlməsi bu oldu. Çox güman ki, xəttin o biri tərəfindəki şəxs telefonu söndürdü. Sonuncu ümidi də öldü. “Mən beləyəm…” sözünə də razı idi, təki barışaydı… Çünki sevgiyə möhtac idi. Bu məqamda Alfons Dodenin “Sevən qadının fədakarlığı ölçüyə gəlmir” fikrində haqlı olduğunu görürük. Dostoyevski də “Sevən qadın sevdiyi kişinin bütün qüsurlarını, hətta cinayətlərini belə ilahiləşdirər” deməklə “təcrübi iş” qoyub ortaya. Mətn aforizmlə yüklənsə də Şəms Təbrizinin “Qadın bilməyənə nəfs, bilənə nəfəs kimidir” deyimini ona haqq qazandıraraq qeyd edəcəm. Bir gerçək də var ki, onu da Oskar Uayld söyləyib: “Əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı bütün kişilər tam olaraq anlamını itirər”. Qadından bunu qazanmaq lazımdır. Bu da hər kişiyə qismət olan xoşbəxtlik deyil. “Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar” deyən Corc Herbetr də qadını yaxşı tanıyır. Əri qadından sevgisini əsirgəməsəydi onun telefonda dediklərinə ehtiyac yaranmazdı. Mən də qadına “əcəb edir” deyə bilmirəm, hamımızın istinad edəcəyimiz eyni məqamlar var. Amma görünməyən tərəfləri də çözmək lazımdır. Qadını başa düşmək istəmirsiniz. Çünki o nə filmdədir, nə də kitabda. Gözlərinizin qarşısındadır, realdır. Onu Tolstoy yaratmayıb. O, Anna Karenina deyil, əsərdə yaratmayıblar ki, oxuyub halına acıyasınız, veriliş həsr edib müzakirə edəsiniz. O azərbaycanlıdır, azərbaycanlı qadınlarsa çoxunun nəzərində fərəhsiz ömür sürdüyü adama ölənəcən qulluq etməli, nəvə-nəticə sahibi olmalıdır. Empati hissiniz yoxdur, məlumdur, amma obyektiv və ədalətli olmaq borcunuzdur. Sevgi də, qayğı da hər gün mədənizə ötürdüyünüz qida kimi vacibdir. İnsanın ona ehtiyacı var. Ruhsuz, duyğusuz ömür sürüb bir evin altında savaşa-savaşa yaşayanlara mentalitet qaydalarını zorla qəbul etdirib onları mənən öldürməyin. Xoşbəxt olmaq hər kəsin haqqıdır. Başqaları üçün xoşbəxtlik göstəricilərini siz təyin etməyin. Hər kəs özünün dincliyini özü yaratmalıdır. İnsanları sevmədiyi həyatı yaşamaq məcburiyyətində qoymayın. Bütün bədbəxt sonluqlara səbəb qaragüruh cəmiyyətin baxışı olur. İnsanın dərdini unudub məsud yaşamasına cəmiyyət razı olmur. Hər dəqiqə ona “pis” olduğunu xatırladıb sıxılmağa, xəcalət çəkməyə, peşman olmağa məcbur edir. Bir-birinizə xoşbəxt olmağa imkan verin. “Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də, kişi isə sevişmək uğruna hər şeyi fəda etməyə hazırdır, hətta sevməyi də !” (P. Koelho) Unutmayın ki, “Bir qadının içindəki mələyi bir kişi kəşf edər, amma o mələyin bütün məsumluğunu yox edəcək olan yenə kişidir”. ( A.Huxley) Qadını yersiz, zəhlətökən, haqq etmədiyi qısqanclıq da usandıra bilir. Bu da əsas şərtdir. Buxovla, qadağalarla, izləməklə heç bir qadını özünə bağlamaq mümkün deyil. Bu mövzuda araşdırma aparsaq kifayət qədər nümunələr taparıq. Saytlarda, kitablarda, həyatda nə qədər bu cür faktlar var. İstəmirəm, yazdığımı fiziki tələbatdan doğan münasibətlərlə qarışıq salasınız. Məsələyə tamam fərqli tərəfdən yanaşıram. Mövzuya qadın xəyanəti kimi yox, qadın bədbəxtliyi kimi qiymət verin. Fiziki istəkləri qoyun kənara, hadisənin mənəvi tərəfini təhlil edin. “Kolorado Universitetinin psixoloqu Cenifer Harmanın fikrincə, əgər səbəb yoxdursa, qadın heç vaxt xəyanət etməz. Yəni qadın xəyanətinin arxasında mütləq kişinin yaratdığı bir səbəb var”. (Milli.Az) Sonda daha bir aforizm: “Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər” (Migel de Servantes) və bu zaman “Bir qadın söyləyəcək çox şeyi olduğu halda susursa, kişi artıq bütün şansını itirmişdir”. (P. Neru)