Dünyanın düzənini idarəçi siyasətçilər pozub kefini özləri çəkirlər, dərdi isə şairlərin ürəyinə düşür. Dünyadan yazmayan şair yoxdur. Dünyadan yarıyan şair də yoxdur. Üzləri az-çox oxucu sarıdan güldüyü üçün oxucuları şairlərin yarıdığı dünya sanmaq olar.
Sevgi, hörmət, mehribanlıq, xeyirxahlıq mövzusunda şeirlər, hekayələr yazaq, bu gözəlliyin təbliğatı ilə məşğul olaq, insanlara xoş hisslər aşılayaq. Kinin, qəzəbin, nifrətin, paxıllığın axırımıza çıxmasına imkan verməyək.
Kişi-qadın münasibəti gərgindir. İkisinin bir-birinə davranışında aqressiya güclüdür. Cəmiyyət arasında qadına xoş münasibət göstərənlərin çoxu, əslində, başqa cürdür. Süni davranışla nəyəsə nail ola bilmərik. Ədalətsiz olmaqdan çəkinək. Gərək heç kəsin haqqı tapdanmasın. Çəkişmələr, soyuqqanlılıq nə verəcək insanlara? Bəşəriyyət müharibələrə aparan yolların səmtini dəyişməlidir. Dünyanı sevgi xilas edəcək.
Son illərdə yaşayıb yaradanları bəyənməyən əvvəlki nəsil elə bilir, S.Rəhimov, Ə.Hacızadə, M.Hüseyn və digərləri hələ də yaşayıb yazmalı imişlər. Yazıçı adının təkcə onlara aid olduğunu düşünənlər çoxdur.
Əsərlərə baxış zaman keçdikcə dəyişir. “Dorian Qreyin portreti”ni oxuyanda başqa “mən” idim, reaksiyam ondakı “mən”in münasibəti idi. İndi bu əsəri daha dərindən duyuram. Amma hansı “mən”də oluramsa olum, “Ovod”dakı Montanellinin acısını eyni ağrı ilə duyacağam. Tanrı və övlad sevgisinin seçimi arasında qalmaq… Burada Tanrını başqa bir şəxslə də əvəz edə bilərik. Ortada yalan var. Bir ömrü məhv edən yalan. Artur Montanellini yalan danışdığı üçün günahlandırır, Montanellinin cavabı da çox kədərli olur.
“Martin İden” mənim üçün həyat kimidir: bir dəfə oxudum, (yaşadım) yenə oxumaq (təzədən həyata gəlmək) istəyirəm, təkrar qayıtmaqsa mümkün deyil.
Qərb ədəbiyyatının uşağı Qavroş, Azərbaycan ədəbiyyatının ağsaqqalı Qaloş.
Şair xalq olduğumuzdan ancaq qafiyə axtarırıq.
Qaloş obrazını indiki baxışla təhlil etsək, Qavroşun keyfiyyətlərini tapmaq olarmı?
Mübahisəli müqayisədir. Yazıçı Qaloşu elə işləyib ki…
Biri körpə canı ilə meyitlərin arasında həyatını təhlükəyə atıb inqilaba bacardığı köməyi edir, biri isə diriləri təhlükəyə atır. Qaloş obrazını yenidən təhlil etməliyikmi?
Bilmirəm, yazıçı təxəyyülü kimi yanaşım, siyasi-tarixi məsələlərin araşdırmaçılarının işlərinə qarışmayımmı? Hər halda ədəbiyyat dövrün siyasi hadisələrindən qidalanır. Biri digərindən doğur. Tarixi təhrif etmədən ədəbiyyat yaratmaq olar, əgər şəxsi münasibətə, vəzifəyə, pula, tapşırığa görə bir-birinin əsəri haqqında yazmaq, oxuyub tərifləmək olmasa…
Ədəbiyyatın bumu, dünya?
İstedadı olanla maraqlanmır, vəzifəli, titullu yazıçıların yaradıcılığını eşələyir, “xırdalarla işim yoxdur” deyir, birdən yadına düşür ki, “təmiz adam” imici formalaşdırmalıdır. Axı onun saxta təmizliyinə beş-on nəfər inanıb. Başlayır “ədalət” pərdəsinin arxasına keçməyə, nə bilim, demokratiyanın kürsüsünə qalxmağa. Oradan deyinir, “düz söz” danışmağa cəhd edir:
– Gənclər arasında bir-iki istedad vardı, hamısı soldu getdi.
Guya can yandırır. Ay, sənin canın yansın elə. O saxta canın.
P.S. Külbaş, sənin kimi yalançı demokratlar ruhdan salıb soldurdular da. Hamısı bildi ki, tituldan uzaqlaşa bilmirsən. Aydın oldu ki, sənin umduqlarını vermədilər deyə “demokrat” olmağa qərar verdin. Amma içindəki saxtalıq, yaltaqlıq ölmədi. Sən gözdən düşdün, gənclər də ruhdan.
Şikayətlənmək damarı tutub yenə. Ağlına gələni yazmaq ənənəmiz hələ ki davam edir.
Azərbaycan ədəbiyyatını oxumayıb, xarici ölkələrin bütün kitablarına maraq göstərib aludəçiliklə oxumaq milli mövqe baxımından ağrılıdır. Əvvəlcə özümüzü tanımalı, dərk etməli, sevməli və qorumalıyıq. Amma dünya ədəbiyyatından xəbərdar olmaq da lazımdır. Təbii ki, bu “xəbərdarlıq” millətimizi özündən uzaqlaşdıran yalançı tolerantlıq, kosmopolit düşüncələr aşılayan əsərlərdən ibarət olmasa, daha gözəl olar. Xarici ədəbiyyatın da yaxşısı, pisi var. Klassiklərin əsərləri əladır, amma bəzən reallıqdan uzaq mövzularda əsərlər tərcümə və təbliğ edilir. Bu, çox pisdir. Gənclərdə vətəndaşlıq məsuliyyətini heçə endirir. Qəribə şeylər düzüb-qoşub ədəbiyyat yaratmaqla nə ədəbi zövq formalaşar, nə də vətəndaş yetişdirilə bilər. Vətəndaş yetişdirməyə ədəbiyyatadək ailədə, bağçada, məktəbdə başlanılmalıdır. Sonrasını kitabxanalar, kitablar formalaşdırır. “Əcəl zəngi”ni oxuyanlar inanmıram ki, müharibə istəsin. Bir də ki dünyada baş verən hadisələr onu göstərir ki, humanistliyi bizim millətə sırıyan hegemon dövlətlər millətlərin qanını tökməkdən zövq alır. Bəzi gənclərimizin başlarını lazımsız xarici ədəbiyyat qatıb, özümüzdən alıb aparır. Hara aparır, onu özləri də bilmir. Özünü itirən kəs özgəyə də gərək deyil.
***
Danışmaqla yazmaq özünüifadədir. Hərə bir cür istedadla doğulduğundan kimi çox danışıb az yazır, kimi də danışmaqdansa, yazmağa üstünlük verir. İstedadlı adamların arasında eləsi olur, danışanda yorulmursan, dinləmək istədiyindən getməyə qoymursan. Hətta ürəyindən keçir ki, mümkün ola, danışdıqca ovcunu tutasan çənəsinin altına, sözləri yığasan. Heyifsilənirsən ki, bu tənbəl danışıb havaya buraxdığı fikirləri niyə yazıya köçürmür. Bəzisi də var, sənə elə gəlir, danışmağı ona qadağan ediblər. İstəyirsən, aidiyyəti qurumlara müraciət edib bu qadağanı üzərindən götüzdürəsən. Yaxud xahiş edəsən ki, heç olmasa, beş-on dəqiqə danış. Belə adamlar özü ilə danışıb, razılaşıb sonra özgəyə ötürürlər. Dincliklərini yazmaqda tapırlar. Yersiz danışmaqdansa, yerində yazmaq vacibdir. Amma istedadlıların danışmaqları yazmaqları kimi səssiz, yazmaqları da danışmaqları kimi küylüdür.
İki nəfər ədəbiyyatçı Avropanın hansısa yazıçısından veriliş hazırlayanda, yaxud söhbət açanda elə tərzdə danışır ki, sanki həmin dahi ilə bir yerdə olub, danışdığı əhvalat onun gözlərinin qarşısında baş verib. Qərbin bir çox yazıçılarını bizimkilər elə mənimsəyiblər ki, bəlkə də, öz ölkələrində çoxu onların yaradıcılığından xəbərsizdir.
“Markes qayıtdı jurnalistə dedi ki…”
Markes dedim, yadıma düşdü, deyəsən, yaddaşım yavaş-yavaş əl-ayağını dəstələyir. Əvvəllər huşsuzluqdan əziyyət çəkmədiyimi nəzərə alaraq, son vaxtlar oxuduğum əsərlərin süjetlərini qarışdırmağım ya qocalıqdandır, ya da xəstəlikdən. Mövzuları oxşar olan “Kral Lir”lə (Vilyam Şekspir) Onere de Balzakın “Qorio ata” əsərlərini kiməsə danışmağa cürət etmirəm. Bilirəm ki, yanlışa yol verəcəyəm. Əvvəllər hər şeyi dəqiq bildiyimdən incəlikləri ayırırdım, indi diqqətim zəifləyib deyə xırdalıqları dəyişik salıram. Hər iki əsərdə ata-qız mövzusu olduğundan birində təsvir olunan hadisəni o birinin ardından danışacağımdan narahat oluram. Vaxtilə İ.Hötenin “Faust”undan müəyyən hissəni əzbər də bilirdim, indi, az qala, əsərin özünü unudam. A.Qriboyedovun “Ağıldan bəla”sından yadımda bir-iki epizod qalıb. Adam nə qədər çalışırsa, dərd-kədəri unuda bilmir, faydalı, yaxşı şeylər yaddaşdan öz-özünə silinir.
Onların ədəbiyyatından özümüzünkünə qayıdaq. Gəlin müasir ədəbi mühiti Xanlıqlar dövründə xəyal edək: Molla Pənah Vaqif hər gün yeni şeir yazıb çap etdirir, tənqidçilər yalnız onun şeirlərini təhlil edir, ədəbi orqanlar mükafatı təkcə ona verir, Mədəniyyət Nazirliyi Vaqifin kitabını alıb kitabxanalara paylayır, şeirləri xarici dillərə tərcümə olunur, televiziya kanalları bütün verilişlərə onu çağırır, toylarda tamadalar onun şeirini söyləyirlər, cavanlar da ədəbi mühiti silkələyirlər ki, sarayın işlərindən vaxt edib bu boyda şeirləri özü yaza bilməz, əvəzinə başqası yazır.
Türkçülər də onu “rusun adamı” kimi tənqid edirlər.