- Köşə

Pərvanə BAYRAMQIZI. Sənə deyim dərdimi, gül ağacı

Çiçəklər arasında ən çox yasəməni sevirəm. Sevdiyim digər çiçəklər balaca, saplaqları nazik, budaqları kövrək olduğundan yasəmənin görkəmi, köklü ağac olması çox xoşuma gəlir. Zərif çiçəklər təkcə zərif olur, yasəmənsə həm zərif, həm də möhkəm olur. Ağacları xırda çiçəkli görməyə alışdığımdan dəstəçiçəkli yasəmən ağacı mənə maraqlı görünürdü. Yasəmən adı çəkiləndə uşaqlıq və məktəb illərim yadıma düşür.

Rayonda yaşayan nənəmlə onun qohumugilə gedirdim. Həyətlərində böyük yasəmən ağacı vardı. Hündürlüyü ikinci mərtəbənin eyvanına çatırdı. Pilləkənlərdən düşəndə yasəmənlər sanki adamın üzünə gülümsəyir, həyətə gözəllik verirdi. Qohum mənim gül ağacına qeyri-adi münasibətimi hiss edib xeyli yasəmən yığıb xoşüzlə əlimə verdi. Duydum ki, onları ağacı ilə birlikdə görməyi sevirəm, əlimdəkilərə günahkar kimi baxırdım; axı kökündən ayırmışdım… Yasəməni budaqdan ayırmağa qıymıram. Qohum nənəmə dedi ki, çox həssas uşaqdır. Onun bunu da hiss etdiyini bilib sevindim. Kəndə öz evimizə qayıdandan sonra o ağac həmişə gözlərim önündə olurdu.

Məktəbə gedən illərdə yolun kənarındakı balaca evin həyətində də yasəmən ağacı gördüm. Amma nə həyət, nə də gül ağacı qohumgildə gördüyüm kimi gözəl idi. Burdakı ev balaca, eyvansız olduğundan, yasəmən də zəif inkişaf etdiyindən zövq ala bilmirdim.
Sonralar hər səhər məktəb yoldaşım mənə yasəmən gətirirdi. (Xoşladığımı deməmişdim, təsadüf idi) Evləri məktəbin yaxınlığındaydı. Bir gün uzaqdan onu eyvanlarında əlində yasəmən dayandığını gördüm. Ötüb keçdim. Məni görəndə aşağı düşdü. Eyni istiqamətdə gedirdik, amma o yuxarı yolla, mən də aşağıyla. Döngədə gəlib çatdı. Yasəmənləri uzadıb: “sənə yığmışam” dedi. Gülü alıb həmişəki kimi sinifə apardım.

Bir az böyüdüm. Yasəmənə sevgimi Nüsrət Kəsəmənlinin şeiri də artırdı. Bu dəfə sevgimə qəm də qarışdı.
“Sənə deyim dərdimi, gül ağacı…”
Yox, şairdən fərqli olaraq mən yasəmənə dərdimi demədim. Deməyəcəm də. Özünün elə böyük dərdi var ki. Belə gödək ömründə bir də mən soldurmayım onu.
“Kimiyə gül, kimiyə əl ağacı…”
Yasəmən “ölümündən” sonra da yaşayan adam kimidir; solandan sonra da dayaq olur.
“Sevənlərə eyhamlı dil ağacı…”
Sonralar bildim ki, hər səhər aldığım yasəmən də eyhamlı dil ağacı imiş. Mənsə:
“İstəmədi (m), istəmədi, (m) yasəmən”.
“Yüyürürəm qəmə sarı kəsə mən…”
Sevincə sarı getdiyim olmadı ki.
“Sən solduqca batmırammı yasa mən?”

Özüm də solmuşam. Yasəmən hər yaz açılsa da mənim yasəmən ömrüm ömrünü çoxdan başa vurub.
Yasəmən adı yadımda bir də vərəqdə yazılmış dörd misra kimi qalıb. Sonda yasəmən əvəzinə, öz adımı oxumuşdum:
Bir yaz günü ləçək-ləçək açıldın,
Kədər mənim, sevinc sənin bacındı.
Dərdim səni, əllərimdə uçundun;
Niyə girdim sevənlərlə bəhsə mən?
Bu suçumu sən bağışla, yasəmən. (…….)
Kağız parçasında şeirdəki fəsil də dəyişmişdi.
Eh yasəmən…
Bu il də açılmısan… amma:
“Sən açıldın mənim üçün yaz deyil…”
İndi nə nənəm var, nə də o qohum. Evlər boşdur, həyətlərdən ot bitib. Gedib ziyarət edə bilmirəm. Yəqin ki, yasəmən ağacı da… əlim gəlmir yazmağa.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova