- Köşə

Pərvanə BAYRAMQIZI. Uşaqlar bizdən nə öyrənirlər?

Bilənlər bilir, bilməyənlər – şəxsi maşından, taksidən istifadə edənlər üçün izah edirəm; avtobusda iki cərcə oturacaq var. Orta hissə minib-düşərkən istifadə edilən “dəhliz” kimi düşünülsə də, bizim ölkədə orda da sərnişin dayanır. Özü də bir-birini əzişdirəcək vəiyyətdə dururlar. Bu darısqal yerdə ayaqüstə uzaq yol gedərkən yaranan mənzərəni köhnə mətnlərdə təsvir etdiyimdən təkrarlamaq istəmirəm. Sıxlıq olduğundan adam tərpənməyə cəhd də etmir, əvvəldən necə durursa, axıradək həmin vəziyyətdə qalır. Düşəndə əl-ayağını birtəhər dartıb çıxarsan da, çantanı kimin ayaqlarının altından sürüyəcəyini bilmirsən. Nə isə, belə çətin şəraitdə ayağımın birinə birtəhər yer eləyib dayanmışdım. Sağ tərəfdəki oturacaqda əyləşən balaca məktəbli qız soldakı oturacaqdakının əlindən tutmuşdu. Təsəvvür edə bilirsiniz? “Bənövşə” oyunundakı kimi bənd qurmuşdular. Bu mənə mane olurdu. Dönə bilmirəm ki, azca yuxarı keçib heç olmasa əyri qalan belimi düzəldim. Susdum, dözdüm, səbir elədim, tab gətirdim, etiraz etmədim və s. Yəni sakitliyi qoruyacaq hər şeyi sınaqdan keçirdim. Əminəm ki, yerimdə hansı qadın, lap elə kişi olsaydı bu çətinliyə axıradək dözməzdi. Susmağıma ən birinci təmkinim səbəb idi. Hansı vəziyyət olsa, səbrim özünü ortaya atır. Bu dəfə hövsələdən iki-üç dəfə böyük olan hiss – dözüm də ona qoşulmuşdu.

Mənə elə gəlirdi, o ya bacısının, ya da məktəb yoldaşınln əlindən tutub. Əl-ələ tutub getməkləri xoş təsir bağışladı. Elə bildim, avtobusda hər kəs əl-ələ verib birlik yaradıb “Yallı” gedir, şənlənir. Bu istəyi, mehribanlığı pozmağa qıymadım. Gözəl hiss idi, qızcığaz kiməsə bağlıdır, kimisə çox istəyir, kiminsə əlindən tutub dinclik tapıb. “Qolunu çək” deməyə ürəyim yol vermədi. Amma əyri durmaqdan qıc olmuşdum. Bu vəziyyət uzun yolda tıxacda iki saata yaxın davam etdi. Dözə-dözə Respublika İncəsənət Gimnaziyasının qarşısına çatdıq, qız ayağa qalxıb  düşməyə hazırlaşdı. Nisbətən yer seyrəldi, istədim dönüb məktəblinin əlindən tutduğu qıza da xoş sözlər deyib həmişə mehriban olmaqlarını tövsiyə edim, gördüm ki, qız anasının əlindən tutubmuş. Adətən, yollarda uşaqlarına qışqıran, vuran, qarğayan analar gördüyümdən budəfəki mənzərə məni təsirləndirdi. Ananın səbri, sevgisi xoşuma gəldi, amma bir az da təəccübləndim. Bu qədər yolu, uzun tıxac dəqiqələrində rahat əyləşib çəkdiyim zülmü seyr edən ana balasına “əlimi burax heç olmasa xala qəddini düzəltsin” deməyib. Belə məqamda öz anamın necə rəftar edəcəyini düşündüm. Ağlım kəsəndən indiyədək anam başqaları üçün özü də əziyyətə qatlaşıb bizim də dincliyimizi pozub. Əgər sözügedən ana-balanın yerində biz olsaydıq, anam məni danlayacaqdı ki, əl tutmaq vaxtı deyil, camaatı narahat edirik. Üstəlik özü də ayağa duracaqdı, məni də yol boyu ayaqüstə aparıb yerimizi camaata verəcək, “Bizdən zərər yoxdur” –  deyəcəkdi – “adamlar rahat olsunlar”.

Başqa bir vaxtda da ananın yanındakı qadına “oğluma tapşırmışam, avtobusda qızlara yer vermə, qoy cəhənnəm olsunlar” dediyini eşitmişəm. Təsəvvür edək ki, qızlara da anaları başqa şeylər təlqin edirlər. Məsələn, “özünü düşün, dincliyini pozma” və s. Uşaqların eqoistliklə böyüdülməsi onların gələcəkdə bir insan kimi bir-birinə qənim kəsilmələrinə səbəb olacağını valideynlər, görəsən, niyə nəzərə almırlar?

Uşaqları xudbin böyütmək cəmiyyət üçün zərərlidir. Böyüyəndə təkcə özlərini sevirlər, onlarda millət, birlik anlayışı olmur. Milli təəssübkeşliyi olmayanların bu cür yetişməsinə səbəbkar valideynlərdir.

Uşaqlar bizdən nə öyrənirlər? Onları hansı cəmiyyətə ötürürük? Bu cəmiyyət kimlərdən ibarətdir?

Ölkədə baş verən hadisələri, tənqid etdiyimiz bütün qüsurları uşaqların yanında danışmırıqmı?

Məmurlara, həkimlərə, müəllimlərə onların yanında həqarət yağdırmırıqmı?

Fəhləyə uşağımızın yanında yuxarıdan-aşağı baxmırıqmı? Kasıbı adam yerinə qoymadığımızı övladlarımız görmürmü? Başqalarının haqqını tapdayıb hər şeyin yaxşısını özümüz üçün edəndə balamız humanistmi böyüyüyəcək?

Məktəbli qızın yaşıdının alnına yazdığı pis sözü uşaqlar böyüklərdən eşitməyiblərmi?

Uşaqları günahlandırıb cəzalandırmazdan qabaq özümüzə nəzər yetirək. Bilirsiniz, bünövrə anlayışı var, hər şey ona söykənir.

Uşaq böyüyüb Əhməd (ailəsini qətlə yetirən cinayətkar) olanadək valideyn, qohum-qonşu, məktəb, cəmiyyət içindən keçir və hərədən bir xüsusiyyət mənimsəyir. Məktəbli qız isə “siçan olmamış çuval dibi yırtır”. Bu cür məktəblinin sayı üç-dörd olsa belə çoxdur. Lap çox.

Uşaqların həyatındakı acı reallıqlardan biri də “Qayğısız uşaqlıq illəri” deyib hissə qapılmaqdır. Necə yəni qayğısız? Heç bilirsiniz, uşaqların nə qədər qayğıları var? Döyülərək xörək yemək, “yat dedim sənə” qışqırtısı ilə yuxuya getmək, təpinə-təpinə çimizdirilmək, oyuncağı  sındırdığı üçün əllərinə vurulan çubuqlar qayğıdan da ağırdır. Bunlar azmış kimi atasından,  babasından qorxan anasının halını duymaq, üstəlik çox sevdiyi nənəsinin də anasını incitməsi qoyur ki onlar uşaqlıqlarını yaşasınlar? Bu travmalar uşağı anasına sarılıb: “ana, böyüyəndə səni bunların əlindən xilas edəcəm” deməyə məcbur edir. Bu arzuyla böyüyən uşaq necə uşaqlıq illəri yaşaya bilər?

Ağrıların içində yaşının tələbindən irəli gələn həvəslə qonşu uşaqlarla bir az “gizlənqaç”, bir az “qaçdı-tutdu”, “top-top” və s. oynayan uşaqlara qayğısız deyirsiniz. Çoxu oynamağa top da tapmır. Uşaq var ki, heç əylənməyə də imkanı olmur. Valideynləri ilə bərabər fiziki əməyə qatlaşdığından vaxtından tez böyüyür. Beş-on mədəni, mütaliəli (imkanlı ailələr bir yana) ailənin övladlarının həyat tərzini çoxluğun adına yazmayaq.

Düşüncəli, yüksək mənəvi keyfiyyətlərə malik olan yaxşı insanların missiyası uşaqları xilas etməkdir. Bu da ayrı-ayrı fərdlərin işi deyil. Gərək dövlət səviyyəsində vacib işlər görülsün.

Canavar yuvasında böyüdülən uşaqları xilas edək. Psixikası pozulan uşaqlarla sağlam gələcək qurmaq çətindir. Vaxtında tədbir görməliyik. Birlikdə.

Bağçalarda uşaq tərbiyəsinə ciddi fikir verilməlidir, bu birinci yerdədir, amma aqressiv, təkəbbürlü valideynlərin özlərilə də maarifləndirici iş birliyi qurmaq vacibdir. Məncə, bu gənc ailələrdə yaxşı nəticə verər. Gələcəyə normal cəmiyyətlə getmək üçün bunu mütləq etməliyik. Başına müsibətlər gətirilən uşaqlardan danışmağa heyim yoxdur. Adamın ürəyi parçalanır. Son günlər saytlarda uşaqlarla bağlı yayılan xəbərlər ilk deyil. Axırıncı olmasına isə nail ola bilərik. Maarifləndirməklə, kitabla, savadlı, ayıq valideynlə…

Yaxşı nümunə olaq balalarımıza. Onları təkcə özümüün deyil, xalqın övladı kimi böyüdək. Onlar bizdən insanları sevməyi öyrənsinlər. Uşaq dünyalarını korlamayaq ki, böyüyüb dünyamızı dağıtmasınlar.

“Qayğıkeşlik”, “nəvaziş göstərmək” deyəndə ən çox gəlinciyin üstünü örtüb layla çalan uşaqlar ağlıma gəlir. Təsvir etdiyim mənzərə məni riqqətə gətirir. Sevinirəm, kövrəlirəm. Elə bilirəm, bu cür uşaqlar dünyanın ən gözəl adamları olacaqlar. Həlimxasiyyət insanla qarşılaşanda düşünürəm: yəqin bu da uşaq vaxtı bütün əşyaları tumarlayıb layla çalıb üstünü örtüb.