Onun ana dilinə qarşı həsas olması, qorumaq üçün bu qədər səy göstərib zəhmət çəkməsi, özünə tərəfdaş toplayıb aidiyyəti qurumlara müraciət ünvanlanması sizcə, mənbəyini hardan götürüb?
Mən bilirəm. Deyim?
Ana dilinin türk dili ilə əvəz edilməsi təşəbbüsünü irəli sürən naşirin sözü yadınızdadır? – Dilimiz Qazax ləhcəsi üzərində formalaşıb. Haqlıdır, XVIII əsrdə ana dilində yazan, onu formalaşdıran Molla Pənah Vaqif Qazaxda doğulub. Azərbaycan ədəbi dilinin inkişafında qoşmalarının xüsusi yeri olub.
“Yanmadım ömrünün iki ilinə,
Rusiya torpağının şah əsərini
Çevirdim Vaqifin şirin dilinə”
deyən Səməd Vurğun da Qazaxdandır. Onun da əsərləri Azərbaycan dilindədir. Demək, bu yurddan çıxanlarda ana dili sevgisi güclü olur. Vasif Sadıqlı da qazaxlıdır. Filoloji Araşdırmala və Dil Monitorinqi Mərkəzini də (FADMM) o təsis edib. Özünün təbirincə deyim, Bakının küçələrində başmaq seyrinə çıxıb əcnəbi dildə yazılan yazılara, televiziyalarda ana dilini korlayanlara, saytlarda sözləri səhv yazan jurnalistlərə etiraz edir.Atmaca dolu mətnlərində sübutlarının hər biri bir tikana dönür. O, sadəcə, yazmır, yazdıqlarının həllini tapması üçün əməli fəaliyyət göstərir. İstədim arzulayım, həmişə iş başında olsun, düşündüm ki, ana dili üçün yaxşı deyil. Belə çıxar ki, dilin korlanması prosesinin uzanmasını istəyirəm. Arzu edirəm FADMM işsiz qalsın, yəni bütün vətəndaşlar, səlahiyyətli şəxslər, aparıcılar, yazıçılar Azərbaycan dilini elə sevib, elə qoruyub, elə yazsınlar ki, tənqidə gərək qalmasın. Qaldı Vasif müəllimin fəaliyyətinə, o boş dayanmağı sevən adam deyil, tərcüməçiliyi bir yana, gül kimi sayt yaradıb, Kamilinfo üçün çəkdiyi zəhmət bəs edər. Əsas odur, sağlam olsun. Bir may münasibətilə onu təbrik edirəm. Zəhmətkeşlərin bayramı gününə görə yox ee… ya da demirəm, özünüz tapın.
Martın otuz birində yazmışdı ki, ayların şahı mayın gəlməsinə otuz gün qaldı. Bu gün də aprelin otuzudur. Tələsirik, görən, maya nə qaldı…
Kirimişcə təbrik eləyib aradan çıxacaqdım, əqrəb sancmaqlığı olmasaydı, yaxşı olardı, neynəyim huyum qurusun,“Deməsəm ölləm” prinsipi işə düşdü…Mənim adım olmasın, yaxşı dava adamıdır. Onunla mübahisə etmək maraqlıdır. Dalaşmağı necə sevirsə, barışanda da davayla barışır. Təbriki də dava olan Vasif Sadıqlının davası da DAVAdır haa.