Tədbir üçün gələnlər zala keçdilər. Aparıcının səsi gəlsə də, özü görünmürdü. Azərbaycan Respublikasının Dövlət himninin səslənəcəyi elan olundu. Zaldakılar əllərini ürəklərinin üstünə qoyub: “Azərbaycan!” deyə oxumaq istəyirdilər ki, himnin rusca səsləndirildiyini eşidib təəccübdən donub qaldılar. Özünü itirmiş adamların arasından kimsə acıqla:
– Bu nədir? – deyərək sürətlə arxadan qabağa gəldi. – Bizim himn niyə rusca oxunur?
Cavab verən olmadı. Himn davam edirdi. Əyləşənlərin hamısı heyrət içində bir-bir zaldan çıxdı. Bayaqkı adam qışqırdı:
– Mənim öz dilim var! Mən öz himnimi Azərbaycan dilində oxumaq istəyirəm.
Səsi titrəyirdi. Qışqırdıqca boğazı qıcıqlanır, öskürür, fikrini tamamlaya bilmirdi.
Tədbir təxirə düşdü. İştirakçıların zalı tərk etməsi təşkilatçıları təşvişə saldı.
– Dayanın! Gözləyin!
Qabaqda deyinə-deyinə gedirdi:
– Bir bu qalmışdı ki, ölkəmdə dövlətim üçün bəstələnmiş himnim rusca oxunsun.
Yenə qışqırmaq istədi, səsi çıxmadı. Əl-qol atmaq istədi, dartındı, lakin özünü sağında, solunda dayanıb onu tutmaq istəyənlərin qollarından xilas edə bilmədi. Boğulmağa başladı. Bu vaxt şaqqıltı qopdu, səsə gözlərini yavaş-yavaş açanda gördü ki, yataqdadır.
– Şükür sənə, xudaya, yuxu imiş. Az qaldı ürəyim partlasın.
Vaxtından qabaq oyanmışdı. On dəqiqə sonra telefonun zəngi çalacaqdı.
– Yaxşı ki, yuxudur, ürəyim partlayacaqdı. – Bayaqkı sözlərini təkrarlayıb özünü sakitləşdirməyə çalışdı. Əl-üzünü yuyub, geyinib heç kəsi oyatmadan evdən çıxdı. Yeməyə həvəsi yox idi. Avtobusa özünü birtəhər çatdırdı. Bunu ötürsə, qalacaqdı dayanacaqda. Ondan sonra hey gözlə ki, yenisi gəlsin…
Sərnişinlər bir-birini itələyə-itələyə özlərinə yer eləyib sürücüyə acıqlandılar. Sürücü də onlara qışqırıdı:
– Xor dərnəyində deyilsiniz!
– Sizin iş qaydanızın təsirindəndir. Gecikdiyinizi hamımız görürük də.
Ağız deyəni qulaq eşitmirdi. Narazı əhali özünü kamera qarşısında imiş kimi aparırdı. Hərə öz şikayətini bağıraraq söyləyir, heç kəs də bir-birinə qulaq asmırdı. Yenə ürəyi sıxılmağa başladı.
– Çatsaydım canım bunların əlindən qurtarardı.
Qeyri-ixtiyari dediyi fikri eşidən kimi qarşısındakı qadın dönüb kədərli halda dedi:
– Eh ay qardaş, bəyəm canı qurtarmaq olur ki? Sabah yenə minəcəyik, bu əsəbi yenə keçirəcəyik. Bu ölkədə dinclik tapmaq olur ki?
– Ölürsünüz ölkəni pisləmək üçün.
– Kəs səsini, özünü nöş araya atırsan? Səni danışdırmadım axı.
Sərnişinlər indi də iki qadının deyişməsinə tamaşa edirdilər. Qəfildən avtobus dayandı. Sürücüyə acıqlanmaq istəyən adamlar yol polisini görüb susdular. Yolun bağlı olduğunu bildirən polislər maşınların qarşısını kəsmişdilər. Sürücü dilləndi:
– Hə, indi də acıqlanın da, bayaqdan məni öldürüdünüz ki, gecikirsiniz. Di qalın burda. Deyir, xarici qonaqlar keçəcəklər, yollar bağlanıb.
– Bəsdirin! Bezdik daha gələnin-gedənin əlindən. Mən dayəyəm, saat doqquzda çatmalıyam ki, ev sahibi uşağı yanımda qoyub işə getsin. Gecikirəm, ananı da gecikdirəcəm. Onu da danlayacaqlar, mənim də məvacibimdən kəsəcəklər.
Sürücüdə arxayınlıq hiss olunurdu. Elə bil yol polislərini özünə köməyə çağırırdı. Başı ilə polisləri göstərdi:
– Sözünüzü gedin onlara deyin.
Sərnişinlər deyinə-deyinə bir-bir düşüb piyada getməyə başladılar. Hələ səhər günəşi boy-buxununu tam göstərməmişdi. Yuxudan oyanıb gərnəşən adamlar kimi asta-asta hərəkətə gəlirdi. Günəş görünməyə qımzandıqca qadınlar yelpiyi çantadan, kişilərsə dəsmallarını ciblərindən çıxarıb alınlarının tərini silirdilər.
– Tezdən özünü belə göstərirsə, günorta bizi qorsalayacaq.
Yaşlı kişinin “hava proqnozu”nu digərləri də təsdiqlədi.
Maşınlar bir-birinin ardınca düzülüb siqnal verirdi, dincliyi pozurdu. Adamlar avtobuslardan dəstə-dəstə düşüb yollara səpilmişdilər. Arxadan gələn üzündə istehza duyulan oğlan gördüyü mənzərəni telefonunun kamerasına çəkməyə çalışırdı.
– Feysbukda paylaşmağa çəkirsən, qaqaş?
Ehtiyatsızlıq etdiyini anladı. Çəkdiyini görən olmuşdu. Özü ilə həmyaş olan oğlana quru səslə:
– Nolsun? Burda nə var ki? – deyib qaş-qabaq salladı.
– Çək, əcəb edirsən. Qoy günümüzü görsünlər. Sonra nizam-intizam tələb edirlər, budu eey, dərsin iyirmi dəqiqəsi keçib hələ yoldayam.
– Görüb neynəyəcəklər. Onsuz da qara günə yaranmışıq.
Ağsaqqalın ümidsizliyi cavanları mütəəssir etdi.
– Pessimist olmayın, dayıcan. Düzələcək hər şey.
– Əşi… – ağsaqqal əlini yellədi.
Sürücü adamların arxasınca baxıb dilxor halda siqaret çəkirdi.
***
Kimsə acıqla ucadan danışırdı:
– Niyə çıxdınız, niyə imkan vermədiniz oturaq görək nə tədbirdir? Bir görəydik nə deyəcəklər, nədən danışacaqlar.
– Qardaş, sənin dövlət himninin rusca oxunduğu tədbirdə sakit dayanıb qulaq asacaqdın?
Tutarlı cavab verən bu şəxsə: – afərin – dedi, – haqlısan, vallah haqlısan, halal olsun sənə.
– Guya sənin dilin çox zəngindir? Sözlərinin yarısı ərəbdən, farsdan, yarısı da avropadan keçib. – deyə bayaqkı adam boğazını irəli uzatdı.
Vəziyyət gərginləşdi. Yersiz sual sanki gülləyə dönüb izdihamı yara-yara gəlib ürəyinə dəydi. Himn səslənəndə dayandığı kimi əlini ürəyinin üstünə qoydu. Üz-gözü səyridi. Nəsə demək istəsə də, ağrı imkan vermədi.
– Qardaş, bizim də sözlərimiz olub da, çoxunu sovet vaxtı arxaik sözlər, bölgələrin ləhcəsi kimi bəyənməyib işləklikdən çıxarıblar.
Onun əvəzinə, kiminsə söylədiyi fikir ürəyini azca sakitləşdirdi. Bayaqkı adam isə mübahisə etməkdə israrlı idi.
– Üç-dörd feili, sayı, əvəzliyi deyirsən? Onlarla iş düzələr?
Elə bil izdihamı sözlə silahlandırıb dil inqilabına hazırlamışdılar. Hərənin dilindən gülləvari bir söz çıxırdı. Sözlər beyinlərdəki fikrin fotoları idi. Heyi qalmamışdı, ayaqlarını sürüyə-sürüyə yeriyir, arxadan gələn adamlar da söhbətin axırını bilmək marağından addımlarını yavaşıdıb onunla gəlirdilər. Mübahisə qızışmışdı.
Yolun solundakı qəbirstanlığın yanından ötəndə qəbirlərin çoxuna qara çadra keçirildiyini gördü. Adamlarsa buna fikir vermədən yüksək tonla danışa-danışa ötüb keçirdilər. Bu laqeydliyə adət edən qəbirlər də tövrlərini pozmadan dayanmışdılar.
– Bunları niyə belə ediblər?
Yanında dinməz-söyləməz gedən qadından soruşdu.
– Görmürsünüz, qadın qəbirləridir?
– Allah sən saxla!
Başqa bir qadının heyrətdən qopardığı fəryad onu bir az da ağrıtdı.
– Dayanın! Yol bağlıdır.
Qulaqlarında əks-səda verən əmrə tabe olmağa çalışırdı. İstəyirdi, dayansın, amma izdihama qoşulub getdiyini görürdü. Uzaqdan kiminsə siqaret çəkdiyi də gözlərindən yayınmırdı. Həm də tüstü iyinə boğulduğundan əmin idi. Kimsə əməlli-başlı ona tüstü verirdi. Nə dayana bilir, nə də uzaqlaşırdı. Əksinə getdikcə daha çox boğulur, daha çox qışqırmaq istəyirdi. İzdihamınsa etirazı səngimirdi.
– Bu xarabada dinc günümüz olmadı. Gah qiymətləri qəfil bahalaşdırıb nervilərimizi oyadırlar, gah qaza limit qoyub zülüm verirlər, gah da probkaya salıb işimizə əngəl törədirlər.
Üz-gözündəki labirintə bənzər qırışları özünə arx edən tər damcıları ağsaqqalın ütüsüz köynəyinin yaxasını islatmışdı. Onun iqtisadi gileyi mahiyyətindən çox rusca işlətdiyi ifadələrə görə diqqət çəkdi. Cavanlardan biri:
– Ağsaqqal, – deyib əli ilə himnin rusca səsləndirilməsinə etiraz edən şəxsi göstərdi, – ana dilinə görə zaldan yarımçıq çıxıblar ee, “nervi” nədir, “probka” nədir, öz dilində danış da.
Cavanın təəssübkeşlikdən çox şəbədə etdiyini duyan ağsaqqal onu susdurmağa çalışdı:
– Guya siz ana dilinizi bilirsiniz? İngilisin sözlərini ağzınızı əyə-əyə elə həvəslə danışırsınız, elə bil ananız laylanı ingiliscə çalıb.
– Sizin layla da rusca çalınıb, dayıcan.
Şəbədəçi cavanın tövrünü pozmadan dediyi sözlərə yanındakı oğlan əlavə elədi:
– Gələcək nəsillərin laylasını da hansı dildə çalacaqları hələ bilinmir.
Qadın onlara qınayıcı nəzərlə baxıb dedi:
– A bala, bir az ədəbli olun.
Cavanlar pərt oldularsa da, təslim olmaq fikirləri yox idi.
– Azərbaycan dilində danışıb neynəmisən, ağsaqqal? Sənin ölkəndə hansı müəssisəyə CV göndərsək, işdən əvvəl rus dili tələb edirlər.
– Sənin ölkən deyil, bala?
– Mənə analıq etmirsə, Ana vətən deyə bilmirəm. Onda anam dönüb qonşu Güllü xala olur.
Öz aləmlərində zarafat etdiklərini düşünənlər gülməkdən uğundular. Üstəlik:
– İngilis dili istəyən şirkətlər də az deyil. – deyən də oldu.
– Ağsaqqalıdır da, danışır özü üçün.
– Eh bala, beş-on oğru nazirə görə ölkən gözündən düşür. Nankor qardaşa görə ananı atarlar?
– Uğursuz müqayisədir, dayıcan.
– Yox, bala, eyni şeydir.
– Ağsaqqala qulaq asmırsınız deyə bu gündəsiniz.
Bunu cavanlardan biri kinayə ilə deyirdi. Bilirdi ki, əvvəl-axır kimsə söyləyəcək. Yanındakı oğlan onun sözünə qəşş elədi.
– Yaxşı, ağsaqqala qulaq asıram, buyursun tələblərini, təşəbbüslərini söyləsin əməl edək.
– Bəsdirin! Qoyun dərdimiz-azarımızla məşğul olaq. Boş-boş danışırınız.
Bu dəfə dözə bilmədi. Gücünü toplayıb qışqırdı:
– Bu qədər problem sizin deyil? Bunlara boş-boş danışmaq deyirsiniz? Ay bədbəxtlər, dərdiniz azarınız ana dilinizdir. Dərdiniz vətəninizdir, azarınız sevgisizliyinizdir. Nə millət düşünürsünüz nə dövlət, sizə şəxsi istəkləriniz maraqlıdır, birləşə bilmirsiniz. Hərəniz yaxanızı bir yana çəkirsiniz.
– Qardaş, dövləti çapıb talayan bizmi olduq? Milləti məmurlar sevib qeydinə qalsın biz neynəyə bilərik?
Mübahisə qızışdıqca küçələr arxada qalır, şəhərin gur yerinə girirdilər.
– Fin xalqını bir müəllim maarifləndirib yetişdirib ee… Sənin ölkəndə müəllim beş- üç manat maaş alır, bütün günü imtahan verir, onun dərs keçməyə vaxtı qalar?
– Heç həvəsi də olmaz.
– Həvəsi onsuz da yoxdur, şagirdi evinə çağırır ki, pul ilə öyrətsin.
– Heç bir şagirdə belə söz demirəm. Məktəbdən sonra harasa elm dalınca getməklərinə etiraz edirəm. Onlar məktəbdə öyrənməlidirlər.
Bayaqdan susan qadının birdən-birə qətiyyətlə dediyi sözlərdən aydın oldu ki, müəllimədir.
– Bir çiçəklə yaz olmur, müəllim.
– Məni kimi müəllimlər çoxdur.
– Onda bu qədər uşaq niyə əlavə hazırlıqlara gedir?
– Getməsinlər.
– Onsuz mümkün deyil.
Yenə mübahisə qızışdı. Bayaqkı qadının işlətdiyi cümləni özünün xoşuna gəldiyi təzədən deməyindən aydın hiss olundu:
– Bir çiçəkdən yaz olmaz axı.
Müəllimə gülümsündü:
– Onda hər birimiz bir çiçək olaq.
– Bəli, gül çiçəyi çoxaltmaq, hər yanı güllük-gülüstanlıq eləmək lazımdır.
Cavanlar yenə öz aləmlərində idilər.
– Nə müəllimisiz?
– Yəqin hansı fənni tədris etdiyimi bilmək istəyirsən. İngilis dili müəlliməsiyəm.
– Çox gözəl. Onda başınızn üstündəki yazını oxuyun görək nə yazılıb.
Müəllimə oğlanın göstərdiyi səmtə baxdı:
– Bura kafedir.
– Bəs ora nə yazılıb?
Oğlan bu dəfə sağ tərəfdəki binanı göstərdi. Müəllimə səbirlə cavab verirdi:
– Ora gözəllik salonudur.
– Bəs ora?
– İnternet klubdur.
Ağsaqqal sevindi:
– Oxumaq belə şeydir, halal olsun hər şeyi oxudun.
– Ağsaqqal, Bakıdakı reklam lövhələrini, kafe, salon adlarını oxuya bilmək üçün bütün azərbaycanlılar ingilis dili müəllimi olmalıdır? Olmaz ki bunlar Azərbaycan dilində yazılsın?
– Şair nə gözəl demişdi:
Bir vaxt rusca idi bütün reklamlar
İndi ingilscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var
Təkcə öz dilimiz yaramır bizə.
– Bəsdi, sən Allah bezdik bu şeiri eşitməkdən.
– Nəticəsi nə oldu? Bax yan-yörəyə, hamısı ingils dilində yazılıb. Oxuya bilirsən? Görünür, şeiri eşidənlər də sizi kimi münasibət bəsləyib ona görə əmələ çevrilməyib. Müəlliməylə yol yoldaşı olmasaq, lövhələri necə oxuyacaqdın?
– O qədər ingilis dilini bilən var ki.
– Öz şəhərində yazılanları oxumaq üçün yanınca tərcüməçi gəzdirməlisən?
– Siz Allah, yenə Cəlil Məmmədquluzadədən “Yazıq ana dilim” sitatı gətirməyin.
– Qadağan olub?
– Hə, cəriməsi var.
– Belə cərimələyənsiniz küçələrini yad dildə bəzəyənləri cərimələyin də.
– Yazıq Seyran Səxavət dili korlayanların cərimə edilməsi təşəbbüsünü irəli sürmüşdü, bu gedişlə, deyəsən, ana dilində danışanları cərimələyəcəklər.
– Yazıçının özünü də bu təşəbbüsə görə cərimələməyiblər ki?
– Hələki yox…
– Ana dilindən danışanları danışdırmırlar.
– Belə getsə, ana dilindən yazanlardan vergi tutacaqlar…
– Elə ana dilində yazanlardan da…
Avtobuslardan düşən adamlar payi-piyada Bakının küçələrinindən keçib getdikcə qərib-qərib saga-sola boylanırdılar. Sanki azacaqlarından ehtiyat edirdilər. Bu mənzərə cavanların xoşlarına gəlmişdi, Bakı əməllicə Avropalaşıb. Hər tərəfdə yarıçılpaq qızlar, qadınlar, ingiliscə yazılar. Kim deyər ki bura Bakıdır?
İşsiz-gücsüz veyil cavanların əyləncəsi təəssübkeş böyükləri ələ salmaq idi.
Siqaretin tüstüsü duman kimi dəstələnib pəncərədən çölə çıxanda sürücü gözlərini ovxaladı. Yolun açıldığı işarəsini görüb sürməyə başladı. Bu vaxt güzgüdə arxa oturacaqda yatmış sərnişini gördü.
– Ay qardaş! – deyə səsləndi. Yatan sərnişin gözlərini açıb başını qaldırdı.
– Yatıb qalmışam ki.
Yuxulu olduğundan evdə olduğunu zənn etdi:
– Telefon niyə zəng çalmayıb?
– Qardaş, avtobusda yatıb qalmısan ee.
– Hə?
Elə bil onu silkələdilər. Tələsik ayağa durdu.
– Gecikmişəm ki… bahoo bu nə iş idi düşdüm!
– Yol bağlı idi, hamı düşüb getdi.
– Sağ ol, qardaş, mən qaçdım – deyə yüyürə-yüyürə yolu keçdi. Birdən ağlına gəldi ki, deyəsən, harasısa onu yeriməyə qoymur. Sol tərəfində ağrı hiss etdi.
– Bu nədir, serial kimi yuxular görməyə başlamışam. Səhər gördüyüm yuxunun ardını avtobusda yatanda təzədən görmüşəm. Demək, o tədbirdə, himnin rusca oxunması da, yol boyu edilən söhbətlər də yuxu imiş. Lənət şeytana yuxum həmişə düz çıxır, kaş bu dəfə elə yuxu olaraq qalsın. Allah eləməmiş gerçək olsa, neynəyərəm?
Düşüncələri addımlarından da ağır halda küçə boyunca yeriyirdi. Yuxusunun xofundan ayıla bilmirdi. Yuxu kimi gerçəklər, gerçək kimi yuxular içində ömür də onunla bərabər gedirdi.