- Dil, Köşə

Pərvanə BAYRAMQIZI. Ziyalının, ziyanlının xorladığı ana dilim

Xeyli vaxtdır, rus dilli məktəblərin bağlanması məsələsi müzakirə olunur. Bu mövzuda fərqli, hətta mübahisəli fikirlər mövcuddur. Rusca təhsil almağın milli təfəkkürə təsir etməyindən narahat olmayanlar Qori seminariyasında və Rusiyada təhsil almış görkəmli alimləri, ictimai xadimləri nümunə göstərirlər. On-on beş ziyalının fikri bir-birinə uyğun gəlmir. Hərə bir misal göstərir. Üzeyir bəyin təhsili və milli hissinin gücü önə çəkilir, biri buna etiraz edib: “o gözünü açandan rus təhsili almamışdı” deyir, başqa biri onun Qoridən başqa təhsil almaq seçimi olmadığını söyləyir. Kimi də Qoridə təhsil alıb millətin əleyhinə gedənləri misal çəkir. Tarixi, ədəbiyyatı araşdıranda ortaya mürəkkəb məsələlər çıxır.

Müzakirələrdən bəlli olur ki, hansı dildə təhsil almağın fərqi olmaz, əgər milli heysiyyət güclüdürsə. Bu hissdən məhrum olandan sonra heç Vətəndə də yaşasan, vətəndaşlıq edə bilməyəcəksən.  Kim deyə bilər ki, rus sektorunu bitirənlərin hamısı nümunə göstərilənlər kimi olacaqlar? Deyə bilərsiniz ki, ana dilində təhsil alanların da hamısı milli təfəkkürə sahib deyillər. Haqlısınız, bunun da nümunəsi var – Seymur Baycan bildirir ki, Azərbaycan dilindən başqa dil bilsəydi bu dildə yazmazdı.

Tarix boyunca yaxşı təhsil almaq üçün xaricə üz tutmuşuq, yad dildə danışmışıq, savadlımız da işləmək üçün ölkədən gedib. Bu, bizim millət kimi bədbəxtliyimizdir. Hələ də “ təhsil ana dilindəmi, rus dilindəmi?” problemini çözə bilməmişik. Bizdə yad millətə sevgi və maraq böyükdür. Özümüzə məxsus dəyərləri sevmirik. Yad dildə danışanda özümüzü lazımlı hiss edirik. Qədimdən bəri ərəb-fars, sonra rus və ingilis sözləri dilimizi qısqalayıb. İndiki uşaqlar da türkcə danışırlar. 1996-cı il təvəllüdlü gənc qızlar tanıyıram sözlərin çoxunu ingilis və türk dillərində işlədirlər.

Tanışlar arasında rus məktəblərini bitirmişlər də deyirlər, düşünəndə də rusca düşünürəm.

Xalqımın özünə yuxarıdan aşağı baxmaq kimi adəti var.

Bu xalqın ziyalısı da yad dil sevdalıdır, ziyanlısı da.

Amma “ölüsü ilə ərəbcə, dirisi ilə rusca danışmağı” dərd edən Mirzə Cəlillər də var bu gün. Təmənnasız çalışan FADMM yaradıcısı və onun üzvlərinin fəaliyyətinə, onlara müsahibə verən ziyalılara baxanda yaxşı işlərə ümid artır.

Doğrudur, deyə bilmərik, rusca təhsil alanların hamısı millətinə dönük çıxacaq, nə də ana dilində təhsil alanların hamısı ömrünü Vətənin azadlığına, mədəniyyətinə həsr edəcək. Uşaqlara əvvəlcə  Vətəni, ana dilini, milliyi sevdirmək lazımdır. Məktəblərdə milli ruh aşılanmalıdır. Belə olarsa, yad dildə təhsil almaq təhlükəli sayılmaz.

Kütləvi kitabxanada çalışdığım vaxtlarda müşahidələrimi qeyd etmişdim, yeri gəldiyindən təkrarlamağa ehtiyac duyuram. Rus sektoruna yay tətili boyunca xeyli sayda oxucu gəlirdi. Müəllimlər tətil zamanı oxumalı olduqları kitabların siyahısını verirdi, şagirdlər də kitabxanadan götürüb tətildə oxuyurdular. Siyahıya baxırdım ki, tapşırığın əksəriyyəti rus ədəbiyyatındandır,  Azərbaycan ədəbiyyatından da Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə və Abdulla Şaiqin əsərləri salınırdı. Tək bircə dəfə “Kitabi-Dədə Qorqud”un adına rast gəlmişdim.

Azərbaycan sektorunda isə yayda ancaq şəxsi təşəbbüsü ilə gələn şagirlər olurdu. Bu mənim diqqətimi təkcə kitabxanaçı kimi çəkmirdi. Gördüklərimə ürək ağrısı keçirirdim. Bəli, onlar bizimkilərdən fərqli olaraq mütaliə etməyə maraqlı idilər, amma təkcə Azərbaycan bölməsinə gələnlər Qarabağdan danışır, əsgər gedəcəklərini söyləyirdilər. İsti münasibət, bir-birinə qayğıkeşlik də bizimkilərdə duyulurdu. Rus bölməsinə gələnlər soyuqqanlı idilər. Bir-iki nəfər rus oxucu vardı, bizim millətlə sərt davranırdı, uşağını bizimkilərə yaxın buraxmırdı.

Beş-altı yaşınadək ana dilində danışan uşağı birdən-birə rus məktəbinə qoyub məcbur edirlər ki, o, yad bir dildə hər şeyi bilsin. Axı bu uşaq hələ ana dilində çox sözü bilmir, yad dildə necə təhsil alsın?

Bir həmkarım özü ana dilində doğru-dürüst danışa bilmədiyi halda nitqi zəif olan oğlunu rus sektoruna yazdırdı. İndi hər gün uşağı incidir ki, niyə rusca bilmirsən?

Özü rusca təhsil alsa da, övladlarını ana dilli məktəblərə yazdıran valideynlər də az deyil. Səbəb kimi “uşağın yarımçıq olmamasını” göstərirlər.

Aldığım məlumata görə, Ermənistanda rus məktəbləri, demək olar ki, çoxdan ləğv edilib, cəmi 9 rus məktəbi qalıb. Bu da rusların neçə ildir ki, tənqid hədəfinə çevrilib. Bizdə isə dövlət müəssisələrində işə götürəndə rus dili tələb etməklə onu üstün saymağımıza məcbur edirlər.

Dil bilmək vacibdir, bu, müharibə zamanı bizim köməyimizə çatdı. Mən də övladlarımın başqa dilə yiyələnməklərinə çalışıram. Amma eyni vaxtda ana dilini sevməyi aşılayıram. Bunu onlara sadə misalla izah edirəm: görürsünüz, qonşu uşaq öz anasının intonasiyası ilə danışır, çünki dil açandan anasından bu tərzdə öyrənib. Sizə bu intonasiya doğma gəlmir. Amma bu cür nitqin olduğunu da öyrənmiş olursunuz. Hansı sizə əzizdirsə, o cür danışırsınız. Ana dili ilə yad dilin də oxşar və fərqli tərəfi buna bənzəyir.

Bu mövzuda daha sanballı məqaləni İbrahim Nəbioğlu yazıb. Sevda Sultanovanın yazısı da diqqəti çəkir. Hər iki yazının linkini burda yerləşdirib oxumağınızı xahiş edirəm. Valideynlər, ziyalılar oxusalar, yaxşıdır.

https://kulis.az/news/39210

https://kamilinfo.net/?p=10729&fbclid=IwAR1HuD7SEk_vVh2WgNT7jcMopFs0OkBF-XyGRUJ3wTXacY7sBLkyMw_1eBk