- Ədəbiyyat

Pəri

Molla Pənah VAQİF

Boyun surahıdır, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!

İxtilatın şirin, sözün məzəli,
Şəkər gülüşünden canlar təzəli,
Ellər yaraşığı, ölkə gözəli,
Nə gözəl doğubsan anadan, Pəri!

Üz yanında tökülübdür tel nazik,
Sine meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!

Avçısı olmuşam sən tək maralın,
Xəyalımdan çıxmaz hərgiz xəyalın,
Ənliyi, kirşanı neylər camalın,
Sən elə gözəlsen binadan, Pəri!

Günəş təki hər çıxanda səhərdən
Alırsan Vaqifin əqlini sərdən.
Duaçınam, salma məni nəzərdən,
Əksik olmayasan sənadan, Pəri!