Ədəbiyyatda “Günel Mövlud sindromu”. Bəlkə də, yaşı nəzərə alıb “… Əkrəm Əylisli sindromu” desək, daha uyğun olar. G. Mövlud burda xələfdir. Çoxunda var bu sevgi, sadəcə, bəziləri ermənini pünhan-pünhan sevir, əlinə düşən ilk fürsətdə izhar edəcək. Məncə, bu sevgi saf deyil. Biri “cənnətə düşmək” — Avropaya getməkçün, biri Nobel mükafatı almaq eşqilə, biri də çap olunacaq kitabının sevincindən düşməni sevir, əlini öpür.
Kitaba biz də dəyər veririk, oxunması üçün dəridən-qabıqdan çıxırıq. Amma dərisini erməni soyan soydaşlarımızın ruhları qarşısında vətəndaş borcu olaraq, kitaba görə dərimizi kola verməyimiz gözümüzə görünmür. Bu baxımdan Şəhriyar del Gerani mənə gülə, cahil adlandıra bilər.
Küyə düşüb, tənqid edənlərə qoşulub yazmıram, mövqeyim də əvvəldən bəlli olub. Susmaq, özünü eşitməzliyə qoymaq olmur. Yenə bir dəli quyuya daş atıb, yüz ağıllı çıxara bilmir. Bilirəm, axırda həmin dəli ağıllı, təəssübkeş, işıqlı insan sayılacaq, bizsə ona daş atan təsiri bağışlayacağıq. Səbəb də bəllidir. Neçə ildir, Paris də bizi erməniyə münasibətimizə görə qınayır, tökülən qanımızı görmür. Hörmətli şair də özünü kütlənin əlində qalan qurban kimi aparacaq. Bəs necə, o düşmənin yaxşı cəhətini deyib, biz isə düşmənə düşmən deyirik.
“Məni aparan çaya Kür də deyərəm, Araz da”.
Bu məsəl xalqımıza məxsusdur. Yəni, a çay, balaca olmağına balacasan, amma məni qabağına salıb aparırsansa, sən Araz, Kür kimi həcmlisən, güclüsən. Hər mənaya yozmaq olar, mənsə düşmənin millətimizin qanını tökən əlini tək özünün işini irəli elədiyi üçün öpən şairə aid edirəm və məşhur alqışı dəyişib qarğış edərək (bu məqamda arzu hesab etmək olar) erməniyə: — əl öpənlərinizin sayı çox olmasın — deyirəm.
Yəqin ki, şair bəy hamımızı qınayacaq, bəlkə, ələ də salacaq. Nəzərində qaragüruh olacağıq. Kitaba dəyər vermədiyimizi, düşmənin də arasında yaxşı adamların olduğunu bilmədiyimizi söyləyə bilər. O, millətinin qınağına hazır olub belə bir fikri rahat söylədiyi kimi biz də onun cavabına dözümlü olmalıyıq. Neynək, biz Əkrəm Əylisli, Günel Mövlud, İlkin Qəmbər, Şəhriyar bəy qədər “tolerant” deyilik.
Dırnaqda yazdığım söz, mənə elə gəlir, onlarda səmimi şəkildə deyil. Mövqeyinə ən çox bələd olduğum G.Mövlud olduğu üçün yuxarıdakı misalı ona aid edə bilərəm. Onun da ermənilərə “humanist” duyğular bəsləməsi onu aparan çaya Kür, Araz deməsinə bənzəyir. Özünə normal şərait qurmaq, bu dünyanın cənnətini görmək üçün ermənini sevməkdən, xalqından üz döndərməkdən asan nə var? Əsas bunu bacarmaqdır. Bizim bir balaca irəli çıxanımızın ilk işi yurduna, millətinə ögeyləşməkdir.
Biz — qanımıza susayanların əlini öz işimiz üçün öpməyənlər bu cəhətdə çox “qabiliyyətsizik”. Biz heç humanist də deyilik. Humanistliyi bizə təlqin edən hegemon dövlətlər özləri qəddardırlar. Demokratiyanı müsəlman, türk dövlətlərinə şirin nağıl kimi danışır, şişin burnunda verirlər. Vətəndaşlar arasında çaxnaşma salmaq, dövlətləri parçalamaq işində əla vasitədir. Bizim bəzi qlobalistlərimiz, nihilistlərimiz də bu vasitəni alqışlayırlar. Boyy, deyəsən, səhv elədim, üzüdönükləri qınamaq olmaz, Avropa əmi gəlib “ak eləyəcək”. Onları yox ee, bizi.