- Köşə

Pərvanə BAYRAMQIZI. Adam Azərbaycan

Hər səsi olan müğənni, hər müğənni də sənətkar, hər sənətkar da vətəndaş ola bilmir. Səsi olub müğənni olmaq, müğənni olub sənətkar olmaq, sənətkar olub da vətəndaş olmağı təkcə O bacardı.

Şeirlərində “Vətən” deyə bağırıb, ürəyində Avropa arzulayan şairlərə, fürsət düşən kimi xaricə qaçan müğənnilərə və daha kimlərə Vətənin müqəddəsliyini sübut edən Yaqub Zurufçumuz vardı.  Yenə var. Həmişə də olacaq. O göstərdi ki, günün xoş keçən yer Vətən deyil. Vətən elə Vətəndir. “Hər oxuyandan” madriqalları ilə Molla Pənah olar, hər xaricdə yaşayandan Yaqub Zurufçu olmaz. Yaqub Zurufçu olmaq üçün Azərbaycanı ürəyində ölkə-ölkə gəzdirmək, dincliyindən keçib Vətənə dönmək gərəkdir. Onun şəxsində Adam Azərbaycan gördük.

Vətəndən oxuyanda ona sevgini səslə, sözlə ifadə etmək üçün dəridən-qabıqdan çıxanlar bilsinlər ki, sevgini ruhdan duyurlar. Yaqub Zurufçu ruhundan. Əgər o yoxdursa qışqırma, onsuz da eşitmirik.

Yaqub Zurufçunu ona görə sevirik ki, yalandan “Vətən, səndən ötrü burnumun ucu göynəyir” demədi, göynərtisini hiss etdik. Hər cür imkandan Azərbaycan üstün idi onunçün. Ayrılıq” mahnısını elə-belə ifa etməmişdi, “Çöpü də ikiyə bölmərəm” oxuyanda da hisslərini oxuyurdu.

O, Vətənindən keçmədi, biz də keçmərik ondan. Balalarımıza onun Vətən eşqindən bəhs edək. Böyüyəndə ölkəni tərk edəndə xatırlasınlar ki, hara getsələr onları gözləyən Azərbaycan var.

“Sevin, Azərbaycanı!” – Yaqub Zurufçu kimi.