- Köşə

Pərvanə BAYRAMQIZI. Adama elə bu lazımdır

Kimi prioritetlərinin üstündə əsir, prinsiplərini qoruyur, kimi də mal-mülkünü, vəzifəli qohumunu. Biri mənəviyyatsız, digəri də maddiyyatsız heç kim olacağını bilir.

Nəyin vasitəsilə iç üzünü gizlətsən də daxilində nə varsa əvvəl-axır üzə çıxacaq. Ya özün hadisələrə münasibətində özünü göstərəcən, ya da hadisələr sən hiss etmədən nəyə qadir olduğunu sübuta yetirəcək.

Adam var, qaranlıq mühitə işığını yayır, adam da var, işıqlı yeri zülmətə döndərir.

Olduğu yeri gülüstana döndərənlərin qədəmi dəyən yeri cənnət sanırsan, izlərini ovcuna yığmaq istəyirsən.

Ümidi, inamı, sevgisi ilə təzədən pöhrələyənləri şaxtası ilə dondurmağa çalışanların zəhməti hədərdir.

Niyyət — mənbəyini fərdilikdən götürüb topluma doğru axan sudur. Dumduru olarsa, ətrafına can verər, çirkab olarsa hər yanı bulaşdırar.

İdeyalar uğrunda xalqa qurban getməkdən müqəddəs heç nə yoxdur; səni unutsalar da qurmaq istədiyin quruluşda yaşayıb gözəl dövran sürürlər. Adama da elə bu lazımdır.

Sözü yazanda oxumağa, deyəndə eşitməyə nə var. Sözü sevən, sözlə nəfəs alan o, dodaqdan qopub havaya qanadlananda onu gözləri ilə görər.

“Könüllü” həm söz, həm də əməl kimi gözəldir.