- Köşə

Pərvanə BAYRAMQIZI. BİR otuzdan böyük oldu

SU QOVUŞDURDU BİZİ QARABAĞA. 

Suqovuşanımız.

Zəfər Günümüzün il dönümüdür. Sevinciylə, qüruruyla BİR otuzdan böyük oldu.
Riyaziyyatın bu tərəfini şəhid və qazilərimiz, əsgərlərimiz sübut etdilər.

İki oğlu döyüşdə olan anaya xəbər gəlir – övladlarından biri şəhid olub, “hansı oğlum?” sualını verə bilməyib. Neçə-neçə evlərin işığı söndü yurda Günəş doğsun deyə.
Anım günündə şəhid şəkilləri hərbçilərin əllərində bayraq kimi dalğalanırdı. Bu bayraq Azərbaycan xalqının əlindən enməyəcək. Bir az da mətinləşdik, dözümümüz bir az artdı.
Himn səslənəndə kövrəlirik, şəhid analarını əziz tuturuq, qaziləri görəndə qarşılarında diz çökürük. Vətən sevgisi budur. Otuz il ərzində məktəblərdə, kitabxanalarda təşkil edilən tədbirlərin, mətbuatın apardığı təbliğatın nəticəsidir bu. Kütləvi kitabxanalarda həmişə vətənpərvərlik mövzusunda müxtəlif işlər görülüb. Məktəblilərlə hər görüşdə məlum olurdu ki, ürəklərində Qarabağ nisgili gəzdirirlər. Sovet tərbiyəsi ilə böyüyənlərlə  müstəqillik dövrünün insanlarının cəmiyyət, sosial həyat haqqındakı təsəvvürləri fərqli olsa da yurd sevgisində hər kəs bir-biri kimi düşündü. Bu birliyin nəticəsində bu gün varıq.

Atası Qarabağ uğrunda şəhid olanlar üçün bu torpaq yenə cənnət oldu, özləri də bu şərəfli ölümü seçdilər. Gələcək nəsil bu ağrını yaşamasın. Qazanılan QƏLƏBƏ əbədilik olsun. Buna çalışaq.

Tədbirdə arabada gələn qazini görəndə xəcalətimdən ayaqlarımı gizlətməyə çalışdım. Onlarla şəkil çəkdirib paylaşa bilmərəm. Qazilərin özlərinin şəkillərini paylaşmaq, tanıtmaq, döyüş xatirələrini yazmaq lazımdır. Biz onlara  borcluyuq. Ayağını itirənə ayaq, qolunu itirənə qol, gözünü itirənə göz olaq. Ruhdan düşüb mənən ölməyə qoymayaq.
Məğlubiyyətlə barışmasaq da həsrətə alışmışdıq. O boyda Cənubi Azərbaycan, Dərbənd, daha haralar, daha nələr. Qorxumuz vardı – olmaya Qarabağ da İrəvanın taleyini yaşayacaq? Siyasi prosesləri izləyirdik. Gözlədiyimiz –  dünya ədalətli qərar verəcək, yurd sahibləri yurduna dönəcək. Nə ədalət? Ədalətləri olsa özləri müsəlman ölkələrinə divan tutmazlar. Səbir etdikcə, nəyisə gözlədikcə dərdimiz ilbəil “yaşa dolurdu”. Beləcə otuz yaşlı yurd həsrətimiz sinəmizdə dağa döndü.

2020-ci il sentyabrın 27-də qəfil ayılmadıq, onsuz da sərsəkəli yatırdıq. Qarabağ gecələr dilimizin duası, gündüzlər nəğməsi idi. Toylarda “can”, yasda başsağlığımız olmuşdu. Qarabağın şərəfinə restoran da açmışdıq. Guya ovunurduq, yaşadırdıq. Yersiz idi, amma unutmadığımızın bir göstəricisi də saymaq olardı. Buna indi bu cür yanaşa bilirik, işğalda olanda başqa təsir bağışlayırdı. “Keçdi” deyə bilmərik. Otuz ildə talanan sərvətimiz, qətlə yetirilən soydaşlarımız, oğurlanan abidələrimiz unudulası deyil. Qarabağın həsrətilə dünyadan neçə-neçə insanlar köçdü. Keçmədi. Heç bitməyib də. Düşmənin dişləri həmişə itidir. Arxayın olmamalıyıq. Şəhidlərin, qazilərin, əsgərlərin qazandığı Qələbəyə sevinsək də müəyyən siyasi məsələlər üzündən nigarançılığımız da var. Yenə ümid edirik, yenə ordumuza sığınırıq. Hansı çətinliklərlə böyüdüklərini bilmədiyimiz minlərlə oğula pənahlanırıq. Əziyyətlərinə şərik olmadığımız anaların oğul itkisinin acısını canımızda hiss edirik. Analar əvvəl onların idi, indi bizimdir, körpələri bizə əmanətdir. Döyüşdülər, canlarını Vətənə fəda etdilər, öhdəmizə düşən vəzifə bu qəhrəmanlığı təbliğ etmək, Vətəni qorumaq,

Qələbəni əbədi etməkdir.

Zəfər bayramımız mübarək olsun. Gözün aydın, AZƏRBAYCAN!