Bəzi yaşlı şairlər hələ də köhnə üslubuna sadiq qalaraq zəngin qafiyəli, ağılverən misralar yazmağa davam edirlər. Deyə bilərsiniz, üslub dəyişmir, onun tərzi o cürdür. Yaxşı bəs inkişaf olmamalıdır? Nə qədər olar “aman”, “zaman”, “güman” və s. qafiyələrdən ibarət “hikmətli” şeirlər yazmaq? Bəs adama nə qədər deyərlər “namərd olmaginan?” Bunu bir az da başqa cür, yeni fəlsəfi fikirlə söyləsinlər də. Axı bu poeziyadır.
Söhbət sərbəst şeirin üstünlüyündən getmir. Problem hansı vəzndə yazılmasından asılı olmayaraq şeiri həddən çox qafiyəyə bürüməkdə, ya da qafiyəsizliklə çılpaq qoymaqdadır. “Səhər”, “şəhər”, “qəhər” kimi sözlər bədii təfəkkürdən süzülməyəndə, ifadələrin üzərinə poeziyanın gözəlliyini sərməyəndə şeir abırsız görünür. Adam gözünün ucu ilə də baxmır. Zəngin qafiyənin zənginliyinə arxayın olub necə israfçılıq edirlərsə, yazdığı şeir bütövlükdə özü qulaq qafiyəsinə dönür.
Hərdən də adama acıqlanırlar: şeirimi “layk” eləmirsən.
Yaşından irəli gələn həssaslığının dərdindən gerçəyi söyləyə bilmirəm.
Susmağımın bir səbəbi də bir çox tanınan, sevilən şairlərin də zəif şeirlərinin çox olmasıdır. İmza çox vaxt lazımsız şeiri “lazımlı” edir. Nüfuzlu hesab edilən bir neçə qəzet var, səhifələrində akademikin, məşhur şairlərin, hətta gənclərin də bərbad şeirlərinə yer verir. Onları oxuyanda yaşlı qafiyəbazlara yazığım gəlir. Meydanda at oynadanlara susub günahı yalnız pis yazmaqdan ibarət olan yaşlılalara çəmkirəsi deyiləm.
Bu pirolmuşlar va ha… şairləri deyirəm, hansının şəklinə baxırsan, barmağı çənəsində fikrə getmiş vəziyyətdədir. Kitabının cildində də, həyatda da. Cavanlıqdan indiyədək hələ də fikirdən ayılmayıblar. Qafiyə fikri çəkirlər, yaradıcılıq yoxsulluğunu dərd etsəydilər ortalığa çıxarılacaq bir-iki bədii nümunələri olardı.
Qida rejimi kimi gündə üç dəfə şeir yazan adam həmahəng söz eşidəndə həmin sözü yerindəcə tutub sürüyə-sürüyə gətirib atır misralarının arasına. Söz yazıq da qoyulduğu yerə gəlmə olduğu üçün (türk qardaşların “yabançı” sözünün yeri məlum) heç bir kəlməyə yapışmır, sürüşüb düşür. Şair qeyzlənir: “demədim burda dur?” Sözü bir də atır bəndlərin içinə. Söz də yan-yörəsindəkilərə doğmalaşa bilmir. Bu dəfə tirtap düşür. Çarəsiz qalan şair: “dayan iki dəqiqə, indicə gəlirəm” deyib tələsik qaçıb özünü salır onun-bunun şeirinin arasına. “Tıq-tıq xanım” cizgi filmindəki siçan toy evindən azuqəni daşıdığı kimi şair də özgənin yaradıcılığından söz demir, misra demir, fikir demir, əlinə, ağlına gələni götürüb qayıdır öz şeirinin yanına. Bayaq tapdığı sözə uyğun bir-iki qafiyə tutub gətirən şairin ilhamı sevincdən yerə-görə sığmır. Bəs necə, sahibi əlidolu qayıdıb, ona zəhmət az düşəcək. Şair əziyyətə qatlaşıb alın təri ilə sözləri yerbəyer eləyir. Kənara çəkilir, əlini əlinə vurub bayaqkı “nadinc” sözə qələbəsini göstərir: — Elə bildin qurtulacaqsan? Hələ indiyədək bir söz də mənim şeirimdən qaça bilməyib aaa. Mənim qaçağan sözlə işim olmaz. Gətirmişəm öl öldüyün yerdə.
Bax buna görə də çox şairin şeiri ölür yazıldığı yerdə. Addım atıb yeriyə bilmir. Yeriyəni də tezliklə şikəst olub qalır öz yerində.
Şeirçinin çoxu qonşu ilə dalaşıb şeir yazır, xəstəxanaya gedəndə də həkimdən resept vərəqi alıb elə ordaca şeir düzəldir. Anası ölür — yerindəcə bir ağı, uşaqları evlənir, sevincindən bir şeir. Qafiyə tutmağa nətəri öyrəşibsə kinini, nifrətini, qəzəbini də şeirləşdirir, şeirini də kitablaşdırır, kitabını da ədəbiyyat adına camata sırıyır. (“sırışdırır” daha yaxşı səslənir) Üstəlik heç kəsin yazdığını bəyənmir: – İndi yaxşı şeirmi var? – deyir.
Yadıma “ağız əymək” ifadəsi düşdü. Çox adam bunu parodiya ilə qarışıq salır. “Ağız əyərkən” özünü kiməsə bənzətmək, kimisə təqlid etmək üçün məcbur olub ağzını-gözünü əyirsən. Səsin bənzəmək istədiyinin səsinə oxşasın deyə ciyildəməli, yaxud xırıldamalı olursan. Yəqin ki, təsəvvür etdiniz. Məncə, qonşu-qohumda “ağzını əydikləriniz” az olmayıb. (Bəlkə, çoxunda bu istedad şəklində olub, getdikcə inkişaf etdirib parodiyaçı kimi tanınıb.) Uşaq vaxtı bir balaca məndə də vardı meyillilik, atam xoşlamadı, bir də kimisə parodiya etmədim. Beləcə qabiliyyətim ölüb getdi. Uzun illərdən sonra elə bu dəqiqə ürəyimdən “ağız əymək” keçdi. Özü də qəzəblə. Bilirsiniz, kimlərin ağzını əymək istədim? (Yumruqla-zadla yox ee, sadəcə, öz dedikləri kimi. Amma bir az fərqli. Qəzəblə ağız əyəndə səs necə çıxırsa, o cür təsəvvür edin)
– İndi yaxşı şeirmi var? – deyənlər var ha, bax onların.
Nə “ağızları əyiləsidirlər!”
– İndi şeir yazanmı var? (Bunu ağzımı əyərək təkrarlayıram)
- Əlbəttə, var. Amma oxuyan azdır.
Mütaliə etmədiyindən xəbərsiz olan adamların yaxşı yazanların olmadığını söyləyəndə, görəsən, niyə ağızları əyilmir?
Yaxşını görməyib pisdən danışanların çənəsi əyil… dilim gəlmir ee, qarğamağa.
Yaxşı şeirləri bir mətnə toplayıb ixtiyarlarına verəndə tənbəllikdən oxumurlar, yersiz tənqid etməyə isə on ağız da kirayə götürürlər.