- Dil, Manşet

Pərvanə BAYRAMQIZI. Davam edir… hər şey

“Axır zamanlar ədəbi türk dili məsələsi yomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azərbaycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu?”

Bilirəm, bilirisiniz, Əbdürrəhim bəy Haqverdiyevin məqaləsindəndir. Təəssüf ki, hələ də bu sual ətrafında müzakirələr davam edir.

Ana dili problemimiz bizə babalardan miras qalıb desək, yanılmarıq.

Doxsanıncı illərdə akademik, alim, şair, yazıçılar “dilimiz Azərbaycan dilidir, yoxsa türk dili?” mövzusunda təzədən mübahisə etdilər. Prezident Heydər Əliyevlə ziyalıların geniş müzakirəsini izlədiyimiz videolentə hansısa azərbaycanlının ürək ağrısı keçirmədən baxdığına inanmağım gəlmir. Həmin kadrlar Azərbaycan xalqının nə qədər çətinliklərdən keçdiyini bir daha sübut edir, səsləndirilən hər kəlmə, hər fikir faciəmizi özümüzə təzədən göstərirdi.

Ziya Bünyadovun qətiyyətlə: “kim istəyirsə, evində divarlara yapışdırsın ki, mən türkəm” deməsi, Bəxtiyar Vahabzadənin “Azərbaycan türkcəsi” yazılmasını istəməsi, Vaqif Səmədoğluya atasının özünü türk sandığını söyləməsi, yəqin ki, yadınızdadır. Bir millətin ziyalıları öz dilinin adını XX əsrdə hələ də təyin etməyə çalışır. Bu, xalqımızın zülmətlərdən keçib gəldiyinin göstəricisidir. Səsləndirilən fikirlərin hər biri özlüyündə bir ağrıdır. Heydər Əliyev Həsən bəy Zərdabinin özünə “tatar” dediyini xatırladaraq zaldan soruşur: “Bu qədər azərbaycanlı ziyalı olduğu halda, niyə bizdə rus-tatar məktəbi açılanda C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Hüseynzadə etiraz etmədilər ki, niyə “ruskiy-tatarskiy şkola?” Hamı da bunu qəbul elədi. Bizim tariximiz, taleyimiz belə olubdur. Rusiyada bizə tatar deyiblər”. Tatar məsələsi də tariximizin ürəyimizcə olmayan səhifələrindən biridir. “Nə üçün?” sualını kimə verəcəyimizi də bilmirik. “Bizim taleyimiz belə olub…” susuruq. Bu, bizim bədbəxtliyimizdir.

Heydər Əliyev: “1918-ci ildən bizə türk deyiblər, Allaha şükürlər olsun, 1936-cı ildən indiyədək azərbaycanlı deyiblər”.

Həmin vaxtkı müzakirə 1905-ci və 1906-cı illərdə çıxan jurnalları, o dövrdəki ziyalıların mübahisəsinin müasir şəklidə davamıdır. Necə ki, həmin vaxtlar bir qisim ziyalı özünə türk, bir qisim də azərbaycanlı deyirdi, eləcə də indi Zəlimxan Yaqub türk, N.Həsənzadə azərbaycanlı deyir. Dilçi alim Afad Qurbanov da bir çoxları kimi “türk dili” yazılmasının əleyhinədir, O, özbəklərin 1930-cu ilədək türk adlandırılmasını vurğulayır və zala müraciətlə soruşur: “sonradan özbək adlandırılanlar niyə bu məsələni qaldırmayıblar?”

Bəlkə, bu barədə dərindən düşünək? Bəlkə, doğrudan da, bizi qəsdən türklükdən ayırmaq üçün hərəmizə bir ad veriblər? Bəlkə, biz özbəklərdən daha inkişaflı olduğumuzdan bu məsələyə qayıdırıq?

Akademik Cəmil Quliyev 1911-ci ildə rus ensiklopediyasında “Azərbaycan dili” sözü işlədildiyini bildirir. Hüseyn Abbaszadə Həsən bəy Zərdabinin 1906-cı ildə “Həyat” qəzetində “Rusiyanın tərkibində olan müsəlmanların hamısı türklərdir” dediyini vurğulayır. Onun “dilimiz türk dili olsun” təklifinə tarixçi İqrar Əliyev etiraz edir. Onun nümunə göstərdiyi kitabdakı cümlələrə yerdən etiraz edənlər olur. Dilçilik İnstitutundan Türk dilləri şöbəsinin müdiri Həsən Quliyev dilimizin türk dili olması məsələsini xaricdən gələn təxribat adlandırır.

“Belə bir zamanı adlatdıq” demək olardı, əgər bu gün ana dilini rus və ingilis dillərindən az sevənlər olmasaydı.

Uzun illər əvvəl Ə.Haqverdiyev yazır ki, türk dilində qəzetə və jurnal çıxarılmasına sabit çar hökuməti qəti olaraq icazə verməyirdi.

Bu hal sovet hakimiyyəti illəri boyunca da davam etdi, ana dili dövlət müəssisələrində burulub-bükülüb küncə atıldı.

Ə.Haqverdiyevdən daha bir sitat: “Azərbaycanda 1905-ci ilin inqilabından sonra ədəbiyyat hərəkətə gəldi və bundan Osmanlı ədəbiyyatının ağalıq xülyası həvəsə düşərək Əli bəy Hüseynzadə və başqaları  Azərbaycana ezam olundu”. Fikir özü millətin bədbəxtliyindən xəbər verir. Burda xalqın ziyalılarının iki cəbhəyə ayrıldığı bəlli olur. “Füyuzat”ın nəşrə başlaması birbaşa ana dilini osmanlılaşdırmağa  xidmət edirmiş. “Molla Nəsrəddin”in mübarizəsi məhz bununla imiş, amma gənclər əsasən Əli bəy Hüseynzadənin təsirinə düşürmüş. Ə.Haqverdiyevin dili ilə danışdım. Həmin fikri təsdiqləyən daha bir nümunəni M.İbrahimovun məqaləsində oxuyuruq: “1905-ci il revolyusiyası dövründə nisbətən artmış olan burjua mətbuatının dil siyasətində biz iki cərəyana rast gəlirik: farsçılıq, ərəbçilik və osmanlıçılıq. Hər iki cərəyan Azərbaycan dilinin sərbəstliyini məhv etmək, onun inkişafını dayandırıb, onu bir dil olaraq aradan qaldırmaq məqsədini daşıyırdı”.

O dövrün yazılarını oxuyub ziyalıların mövqeyini öyrənəndən sonra 1995-ci ildəki “türk, yoxsa Azərbaycan dili?” sualına M.İbrahimovun, A.Şaiqin və Haqverdiyevin hansı cavabı verəcəyi bəlli olur.

“Füyuzat”çılar pantürkizm, panislamizm siyasi görüşlərinə xidmət üçün azərbaycanlıların dili ilə nəinki hesablaşmır, onun uzun əsrlər boyu yaratmış tarixi xüsusiyyətlərini, sərbəst varlığını belə inkar edirdilər: “Xülasə demək istəyirəm ki sənin ayrıca (milli) bir lisanın yoxdur. Sənin lisanın daha başqa yerdəki tərəqqilərin lisanı, həpsinin qibləgahı təkamülü, yəni ən son varacağı yol Osmanlı lisanıdır”.  Azərbaycan və hətta Orta Asiya dillərinin “qibləgahı təkamülü”nü osmanlı dilində görən bu ağalar dili şüurlu olaraq ərəb-fars və Azərbaycan dilinə yabançı digər sözlərlə doldururdular” deyən Mirzə İbrahimov Əlibəy Hüseynzadənin dil haqqındakı fikirlərini qeyri-elmi və propaqanda adlandırır. Eyni zamanda bildirir ki, Əhməd bəy Ağayevlə Ə.Hüseynzadə elmi dinə qurban verir. Həm də dinin vəhşiliyə dəlalət edən ayinlərini müdafiə etməyə “qalxışdıqlarını” yazır. “Kalkışmaq” sözü bizdə yox, türk dilində işlədilir. Amma M.İbrahimov özü də “qalxışır” yazır. Bu sözü Ömər Faiq Nemanzadə də işlədir.

Əli bəy Hüseynzadə ilə çağdaşları daim mübahisədə olub. Mirzə İbrahimovdan fərqli olaraq, Ömər Faiq onun fikirlərinə mülayim tərzdə münasibət bildirib, hətta məqaləsinin əvvəlində ən vacib məsələdən bəhs etdiyi üçün təşəkkür də edir. Sonrakı illərdə Mirzə İbrahimov bir qədər sərtləşir, “İki stlin mübarizəsi” adlı məqalə yazır. Məqalədə Hüseyn Cavidi də xalq düşməni adlandırır.

Mirzə İbrahimova görə ərəblərin, türklərin iranlılarin xalqımızın arasında müxtəlif din və məzhəb salmaq niyyəti qədim Romanın sınaqdan çıxardığı zəhərli siyasətin davamı olub. O,  Şamaxıda şiəliyin, Şəkidə sünniliyin hakimiyyət sürməsini şimaldan tutmuş cənuba qədər bütün Azərbaycanı vahid bir bayraq altında birləşdirmək istəyən böyük dövlət adamları üçün maneə olması fikrində haqlıdır. Amma həmin böyük dövlət adamlarının kimlər olduğunu konkret göstərmir. Müsəllim Həsənovun “Mirzə İbrahimovun “nəhəng siyasi səhvi” məqaləsini oxuduqca bu “böyük dövlət adamlarının” Sovet hakimiyyəti olduğunu öyrənirik. “Ancaq proletar hakimiyyəti bizə qədim babalarımızın əzəmətini qaytararaq milli dövlət yaratmaq, mədəniyyətimizi inkişaf etdirmək imkanı verdi, dilimizi də əsrlərin vurduğu ağır buxovlardan azad etdi, onu dövlət, iqtisadiyyat, texnika dili səviyyəsinə qaldırdı”.

Amma M.İbrahimovun ana dili sevgisinə qətiyyən şübhə etmək olmaz. O, «Azərbaycan dili dövlət idarələrində» adlı məqaləsində sovet hakimiyyətinin ilk illərindən fərqli olaraq, son 15-20 ildə dil sahəsində kobud təhriflərə yol verildiyindən söhbət açır,  idarələrdə və bəzi adamlarda Azərbaycan dilinə qarşı biganə, laqeyd münasibət yarandığından narazılığını və narahatlığını bildirir. Vətəndaşların Azərbaycanca olan yazılarına ana dilində cavab verməyən, hətta cavabsız buraxan bürokratların olduğunu vurğulayır.

Qasım İsmayılov rayonunun (indiki Goranboy) rayon Partiya Komitəsinin katibinin 1959-cu ilin iyun ayında keçirilən plenumda söylədiyi “Lenin dilinin öyrənilməsindən gənclərin müəyyən hissəsini soyutmaqda İbrahimovun böyük təsiri vardır. Belə ki, bu dil məsələsi çıxandan sonra gənclərin bir hissəsi rus dilini öyrənməkdən imtina etmişlər” fikirləri yazıçının ana dili təəssübkeşliyinə sübutdur. Əlbəttə, M.İbrahimov qeyri dillərin öyrənilməsinin əleyhinə deyildi, elə biz də belə bir istəkdə olmarıq. Amma ana dilinə xor baxmaq, onu sıxışdırmaq yolverilməzdir.

Adları çəkilənlərin hamısı millətin maariflənməsi işində can qoymuş ziyalılarımızdır. Təəssüf ki, iki cəbhəyə ayrılıblar.

1906-cı ildən çıxan “Füyuzat” əvvəllər tanınmış yazıçılar tərəfindən yüksək dəyərləndirilsə də, 1930-cu ildən “mürtəce mətbu orqan” adlandırılıb. 1913-cü ilin mətbuatında Firidun bəy Köçərli də jurnalı və ətrafındakı ziyalıları tənqid edərək yazır: “Kaş o alicənab  İstanbulda rahat əyləşib bizim şumbəxt Qafqaza təşrif gətirməyə idi. … elm və kamalında bizə bir bəhrə vermədi. Anacaq dilimizə pozğunluq saldı, təzə dil gətirdi. Ətrafını bir dəstə meymunlar bürüdü və ona təqlid etməkdə biri-birinə macal verməyib “böyük hünərlər ”göstərdilər. Bu işin nəticəsi bu oldu ki indi qəzetlərimizin və jurnallarımızın dilini oxuyub başa düşmək olmur”.

Əli bəy Hüseynzadə özü isə “Həyat” jurnalının 1905- ci il yeddinci nömrəsində belə bir sual verib: “Bizəmi qəzetəmizin dilini sadələşdirmək, yoxsa cəmaətimizəmi öz ana dili olan türkcəyi öyrənmək lazımdır? Budur məsələ”. Onları tənqid edənləri nəzərdə tutaraq deyir: “Nə qayıraq? Öz ana dilini bilməyən bir neçə zatın xətiri üçün türkcə hüruf ilə yazılmış rusca bir qəzetəmi çıxaraq?”

Ziyalıların hamısı ana dili təəssübü çəkir, amma ortaq fikrə gələn yoxdur.

İnsafən “Molla Nəsrəddin”inin dili daha rahatdır. Ə.Hüseynzadənin məqaləsini oxuyanda adam yorulur. Amma onun:

Bilirmisən, cühəla
Nə etdilər Vətənə?
Nə qoydular, uyuya
Nə qoydular, oyana.

misralarını oxuduqdan sonra kim deyə bilər ki, Əli bəy Hüseynzadə kortəbii surətdə osmanlılaşmağın tərəfdarı olub?

C.Məmmədquluzadə də “Ax unudulmuş vətən, ax yazıq vətən” deyə dil xiffəti edir. O, “Fars konsulu” məqaləsində yazır: “… fars məmurları azərbaycanlılar ilə farsca danışanda  və azərbaycanlılar onların dilini qanmayıb məəttəl qalanda  bir kəs çıxıb deməyib ki, ay baba, mən əgər Azərbaycan türküyəm, nə səbəbə mənim idarəmdə mənim öz ana dilim ilə mənim özümlə danışmırsan?”

“İdarə” sözünü oxuyanda adamı od götürür. Bu gün də dövlət idarələrində rus dilində danışırlar.

“Darülfününu qurtarmış cavanlarımızın hamısı rus dilində yazı-pozu eləyirlər, müsəlmanca savadlı olanlar da eləyir, olmayanlar da eləyir.”

Yenə belədir, Mirzə Cəlil, əhalinin çoxu rus dili məktəblərinə üz tutur.

1990-cı il 8 mart tarixində  “Ədəbiyyat və incəsənət” qəzetində “Ümumxalq işi” adlı məqalədə Rasimə Seyidova ana dili ilə bağlı yazır: “Məlumdur ki, dilin ən yaxşı öyrənilməsi  erkən yaşlarından olur. Buna baxmayaraq, Bakıdakı uşaq bağçalarının çoxunda Azərbaycan dilli qruplar yoxdur. Bir sıra bürokratlar, milli qeyrət hissindən məhrum olan müdirlər özlərini zəhmətə salmamaq üçün müxtəlif bəhanələrlə  Azərbaycan qruplarının açılmasına mane olurlar.

Hazırda Bakıda, xüsusən şəhərin mərkəzi hissəsində, habelə 26 Bakı komissarı, Nəsimi, Nərimanov, Xətai rayonlarında Azərbaycan dilli məktəblərin sayı rus məktəblərindən xeyli azdır. 1944-cü ilədək şəhərimizin bütün məktəbləri beynəlmiləl adlanırdı. Sonralar məktəbləri ayırıb Azərbaycan dilli məktəblərin çoxunu bağladılar. Ona görə də yaşadıqları rayonda Azərbaycan dilli məktəb olmadığından azərbaycanlı valideynlər uşaqlarını rus məktəblərinə yazdırırlar”.

“Rus məktəbi, yoxsa Azərbaycan məktəbi?” mövzusu 2022-ci ildə də ziyalılarımızı bir-birinə qarşı qaldırdı. İbrahim Nəbioğlu bu mövzuda çox gözəl bir məqalə yazdı. Razılaşanlar da oldu, etiraz edənlər də. Taleyimizə yazılan qismət belədir. İbrahim Nəbioğlunun ana dili yanğısını duymaqdansa, onu Türkiyədə yaşadığına görə qınadılar.

“1905-ci il inqilabınadək Azərbaycanda ədəbiyyatın yoxluğunu cürətlə etiraf etmək olar. Nərimanovun, Qənizadənin və mənim tərəfimizdən beş-üç kitabça buraxılmışdır. Türklərin bir mətbəəsi yox idi.  Quberniya mətbəəsində türk hürufatı var idisə, o da xırda elanlar tərcüməsi üçün olub, bərbad bir halda idi”.

Əbdürrəhim bəy Haqverdiyevin fikirlərini o dövrdən məlumat kimi dəyərləndirirk.

Həsən Bicarinin məqaləsindən diqqət çəkən fikirlər: “Tarixi faktlar çox aydınlıqla müasir Azərbaycan dilinin “səlcuqların zorakı assimilyasiyası məhsulu olması” fikrini tamamilə rədd edir”. O, qeyd edir ki, Sultan Məlikşah Səlcuqi Azərbaycan dilini dəyişmək fikrində olmayıb, o hətta Azərbaycanı qızına cehiz olaraq verib. H.Bicari səlcuqların savadsız olduğunu yazır. Məlumat almaq üçün internet resurslarından istifadə etdim. Vikipediyada belə bir məlumat tapdım: Anadolunun yeni sahibləri Oğuzlar, XI və XII əsrlərdə türkcəni yalnız danışıq dilində və şifahi ədəbiyyat ənənələrində yaşatmaqtaydılar. Bu dövrə aid Anadoluda türkçə yazılmış heç bir əsərin olmaması bizə Oğuzların yazı dillərinin olmadığını, hətta “Kutadgu Bilig” kimi nəhəng bir əsərin dilini, yəni Türküstan yazı dilini bilmədiklərini düşündürməkdədir. Böyük Səlcuqlu dövlətinə hakim olan dil anlayışı Anadoluda da dəyişməmiş və iki yüz il yazı dili ehtiyacına ərəb və fars cavab vermişdir. Bu müddət içində Anadolu Səlcuqlarının rəsmi və ədəbi dili, fars, elm dili ərəb dilidir”.

Eldəniz Məmmədovun “Səlcuqlar kitabı”ndan da aşağıdakı qeydləri götürdüm:

“Şarl Lui Monteskye 1711-ci ildə qələmə aldığı  “İran məktubları”nda yazırdı:

“Dünyanın heç bir xalqı şöhrəti və əzəməti ilə “tatarlarla” yarışa bilməz. Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib dünyanın 3 qitəsində ağalıq edirlər. Bu müzəffər xalqın yalnız tarixçiləri çatmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yazsınlar. Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır.”

Görünür, Bicari bu kimi şeylərə əsaslanaraq belə qənaətə gəlib. Amma Şarl Lui Monteskyenin dediyi fikrə “sərf etmədiyi üçün” əhəmiyyət vermirlər.

Nizami Cəfərovun fikrincə də,  oğuz-səlcuq yürüşləri hun-qıpçaq axınlarından fərqli olaraq, daha çox hərbi-siyasi xarakter daşıyırdı. Onların saraylarında türk dili ilə yanaşı, fars, ərəb dilləri də böyük nüfuza malik idi. Çünki oğuz-səlcuq əsilzadələri özlərini yalnız türk kimi deyil, həm ərəb, həm fars, həm də bir türk kimi hiss edir, yəni bütövlükdə müsəlman dünyasının övlad-varisləri sayırdılar.

Məncə, bunlar Əli bəy Hüseynzadənin ideyasına uyğundur.

N.Cəfərovdan daha bir sitat:

“Azərbaycanda Atabəylər dövlətini yaradan oğuz-səlcuqlardır”, Azərbaycanda (eləcə də Şərqi Anadoluda) oğuz-səlcuqların tarixi missiyasını əks etdirən ən mühüm tarixi-ədəbi mənbə “Dədə Qorqud” eposudur. Azərbaycanın türkləşməsinin başlanğıcı olsa da, Azərbaycan xalqının təşəkkül-formalaşma prosesində oğuz-səlcuq türklərinin məskunlaşması dövrü (I minilliyin sonu II minilliyin əvvəllərindən orta əsrlərin sonu, yeni dövrün əvvəllərinə qədər) əsas rol oynayır”.

Axtaranda maraqlı və təzadlı fikirlərə çox rast gəlmək mümkündür, amma mənə A.Şaiqin fikirləri daha çox xoş təsir bağışladı:

“Lisanı mükəmməl surətdə islah olmuş bir qövmün milliyyətini, qövmiyyətini  nə zaman və nə də heç bir silah məhv etməyə qadir olmaz. İnsaf edək: qonşularımız ermənilərin, gürcülərin əksəri azərbaycanca söyləməyə bu anadək həvəs etmələri, toylarında, bayramlarında öz erməni sazəndələrinə Azərbaycan şərqisi, Azərbaycan nəğmələri oxutmaları lisanımızın ahəngdar və gözəl olduğuna dəlil olmazmı? Məişətimizin birər aynası olan hədsiz-hesabsız bayatı və şikəstələrimiz, məsəllərimiz, tapmacalarımız ürəkləri ən dərindən çırpındıran, ruhları səmadakı şəfəqlərə qədər yüksəldən mahnılarımız, nəğmələrimiz qibtə ediləcək səadətlərdir, deyilmi?

Hələ əsrlərdən bəri ağızdan-ağıza keçmiş, aşıqlarımızın oxuduğu yanıqlı şeirlər, mahnılar, hekayələr, nağıllar heç bir millətdə görünməmiş qiymətli bir xəzinə olduğunu iddia edərsək, xəta deyil zənn edirəm.

Əzizinəm baş əyər,
Barlı budaq baş əyər,
Qiyamət o gün qopar
Mərd namərdə baş əyər.

Milli vicdan milli məktəblərlə doğar. Məktəb və müəllimləri olmayan bir millət müəyyən bir sima və məfkurəsi olmayan bir cocuğa bənzər ki, öz xeyir və şərini düşünə, dost və düşmənini fərq edə bilməz”.

A.Şaiqin 1929-cu ildə yazdığı: “İslamiyyətdən əvvəl türkdilli xalqıların öz qövmi həyatlarını tərənnüm edən sağlam və səmimi yazı və ağız ədəbiyyatı vardı. Çöl həyatı yaşayan və içlərinə  bir neçə əsrdən bəri oturaq həyatı girmiş olan bu xalqlar zəngin bir lisana malik idi. İslam dinini qəbul etdikdən sonra əski ictimai və iqtisadi həyatın dəyişməsi ilə onlarda hər şey dəyişdi, hər şey alt-üst oldu. “Şaman” məzhəbi yerinə islam dini keçdi, əski uyğur əlifbası yerinə ərəb əlifbası qondu, heca vəzni yerinə ərəblərdən alınan əruz vəzni oturdu. Saf türkcəyə bol-bol ərəb və əcəm kəlmə və tərkibləri keçdi. Xülasə, hər şey dəyişdi. Hər şey əski olmaqla bərabər canlı sağlam və aydın simasından silinərək qarışıq çürük və süni bir şəkil aldı. Yeni və dindaşlıq hissi türkdilli xalqlarda o qədər dərin və silinməz bir iz buraxdı ki, türk hökümdarları əcəm (fars) dilini rəsmi hökumət dili olaraq qəbul etdilər. Bu şüursuz inqilablar, yanlış xətti-hərəkətlər türk dilinin türk mədəniyyətinin canlanmasına, böyüməsinə böyük əngəllər törətdiyi kimi xalqın ideologiyası və psixologiyası üzərində də olduqca zərərli və qaba izlər buraxdı. Türkdilli xalqların əxlaqı və  təbiəti dəyişdi. Ərəb və əcəm mədəniyyətini mənimsəyərək oxu-yazı bilən zümrə xalqdan olduqca uzaqlaşdı” fikirləri həqiqətdir.

Hələ insanaların millət kimi etnik qruplara bölünməyindən xəbərsiz olduğum vaxtlarda “türkün sözü” ifadəsini eşidəndə düşünmüşdüm ki, türk nə deyib ki, hamı onun sözünü işlədir? Və hansı sözlərdir ki, xüsusilə seçilir, nədən bilirlər, məhz bu söz türkündür? Bir qədər kobudluq duyulan sözlərə nə üçün türkün sözü deyildiyini araşdırmağa çalışdımsa da, məntiqli cavab tapa bilmədim. Sonralar tapdığım cavablarsa bunlardır:

Sabir Rüstəmxanlı  bildirir ki, türk dilində bir sözü müxtəlif mənalarda işlətmək olur, yəni altmənalar çoxdur:

“Ona görə “sözdən söz çıxartmaq”, “sözü başqa cür yozmaq kimi” ifadələr də xasdır. İşlədilən “türkün məsəli” ifadəsi də əvvəlcədən deyilir ki, yəni başqa cür anlamayın, düzgün başa düşün.

İkinci tərəfdən türklər hər zaman sözü açıq deyən olublar. Bu, tərbiyəsizlik deyil. Dünyanın bir çox dillərində müəyyən mənalarda bəzi şeylər öz adı ilə səslənir. Türklər də qədimdən hər şeyi öz adı ilə deyiblər. Görünür, “türkün məsəli” ifadəsi daha çox türk olmayan xalqların dilində işlənib ki, türklərin açıq, mərd danışığı, hər şeyi olduğu kimi deməsi başqa xalqlara sirayət edib. Yəni cəsarətləri çatmayıb, müəyyən şeyləri deməyə, “türkün məsəli” deyib, davam ediblər” (şərq.az).

“Azleks”dəki açıqlama ürəkaçan olmadı: şifahi nitqdə sözün vulqar mənada qavranılmaması üçün həmin sözdən əvvəl işlədilən ifadə.

“Türkün məsəli” ifadəsi əslində, türkləri təhqir etmək üçün istifadə olunurmuş. Bu haqda Məmməd Əmin Rəsulzadə “Bakı və Azərbaycan tarixinə dair əsərlər: 1918-1919” kitabında yazır:

Ədəbiyyatın dili olduğu üçün fars dili ali, mədəni dil hesab olunurdu. Türkcəyə isə aşağı səviyyəli dil kimi baxılır, hətta, təhqirin dili kimi təqdim edilirdi. Hər hansı bir təhqir işlədiləndə “türkün sözü” məsəli” ifadəsi burdan yaranıb. Yəni təhqir işlətmək türklərə aid bir şeydi.

“İrəvan tv” feysbuk səhifəsindən

Ən çox ürəyimə yatan xalq yazıçısı Anarın “Türkün sözü” məqaləsindəki:

“Əsrlər boyu saray dili, rəsmi dil və çox vaxt ədəbiyyat, elm dili kmi fars və ərəb dilləri işlənən şəraitdə türk dilinə bir növ sadə xalqın dili kimi xor baxılırdı. Şirvanşah Axsitanın Nizamiyə “Leyli və Məcnun” əsərini sifariş verərkən dediyi sözlər, bəlkə də, məhz bu mənanı daşıyır. Yalnız ona görə yox ki, Şirvanşahlar şəcərələrini İran-fars xanədanlarıyla bağlayırdılar. Bir də ona görə ki, “türkcəni”, “türkün sözünü” sadə xalqın, rəiyyətin dili sayırdılar” fikirləri ilə, Nizaməddin Şəmsizadənin  “525-ci” qəzetdə yazdığı “Dilimizdə də “türkün sözü” ifadəsi var, bu söz qanundur, hikmət simvoludur. Nə yazıq ki, biz bəzən bu hikməti başa düşmürük” qeydləri oldu.

“Canlı işlər, tarixi dəyişiklər bizə göstərir ki, hər cəmiyyət, hər fərd hər dürlü ənənəsindən, müqəddəsatından, imkan və etiqatından az-çox əl çəkdiyi halda milli dilindən əsla və əsla vaz keçməmişdir. Və heç vaxt da keçəməz. Çünki hər bir millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz”.

Ömər Faiq Nemanzadə. 1919. 24 təşrini nömrə 327-328.  “Azərbaycan qəzeti” 21.

Ta özüm nəsə yazmağa lüzum görmürəm. Sözü verək, “oxuduqlarınıza”:

Türk-tatar şivələrindən nümunələr:

             Gürəş cırları                                     

Tatar briqadası kommunarlarına:
Tavlar mindim, kırlar yürdün…
Kumdan səhra keçdin sin.
Dəhşət sular içdinsin…

Azəri şivəsinə tərcümə

Mübarizə şərqiləri
Tatar briqadası kommunarlarına:
Dağlar mindin, qırlar yürüdün,
Qumdan səhra keçdin sən.
Dəhşət sular içdin sən.

Özbək şivəsi

Səlimə-Xudaya qembaqallik kürüp gitsin; min hem enu Tursunbay, Nimelbaynin kızlarıdik bay kızı bolsam, bün dey bektsiz bolup, birevnin işin tikip oturmes idim.

Azəri şivəsi ilə

Səlimə-Xudaya, kasıblıq quruyub getsin, mən də o Dursun bay, Nemət bayın (dövlətlilərin) qızları kibi, zəngin qızı olsam, belə baxtsız olub, özgə birisinin işini tikib oturmazdım.

Bəkir Çobanzadə

Dilimizin təmizliyi müstəqilliyimizin səviyyəsini göstərir, qəlizliyi  – asılılığımızın səviyyəsini.

“Aşağı” təbəqə də dili zənginləşdirir, “yuxarı” təbəqə də. Birincisi elin sözüylə, ikincisi jarqonla, əcnəbi kəkələməsi ilə.

 Safruh

Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir.

Humboldt

Başqa dilə gəlməz, ananın səsi,
Hər sözü axtarsan var türkcəsi.

Ziya Göyalp

*****

Bu dildə varlığın hər sədası var;
Bir neçə sait də düşməmiş kənar.
Nəinki hər səsi, hər yarım səsi,
Dinlə sədaların zərrəsini sən.
Bu dil təmizlikdə – uşaq nəfəsi,
Gözəllik utanır bu incə dildən.
Onun məhv etdiyi boranlı qışdır,
Onun qarşısında düşməndi əsən,
Onu həqiqətmi ovxarlamışdır?!
Şahlar qılıncını bu dildir kəsən!

Ə.Kərim.