- Köşə

Pərvanə BAYRAMQIZI. Dünyanı kim sevir?

“Yer kürəsi”, “təbiət”, “kainat” dediyimiz yaşadığımız məkan “kağızlaşdırılaraq” “qlobus”, siyasi aləmdə ayrı-ayrı “dövlətlər”, şeirlərdə isə “dünya” adlandırılıb, yəni, hər şəklə salınıb, “başına hər cür oyun” gətirilib. Sual versək, “dünyanı kim daha çox sevir; geniş əraziyə sahib olmaq məqsədi ilə uğrunda çarpışan siyasətçilərmi, yoxsa sözün ümidinə qalan şairlərmi?” yəqin ki, cavab gecikməz. Dünyanı “qamarlamaq” iştahası fatehlərin, toxunmağa qıymamaq da şairlərin sevgisidir.

Nüsrət Kəsəmənlinin “Dünya köhnə dünyadır, sevgiləri təzədir” duyğusundan birdən-birə keçək “dünya da köhnə dünyadır, siyasəti də” reallığına. Belə olanda Məmməd Arazın nəzərindəki kimi “Dünya gözəl dünyadır” deməyə dilim gəlmir, amma şairin “Dünya sənin, dünya mənim, dünya heç kimin” misrasını hegemon dövlətlərə tam aid etmək olar. Bəli, dünyanı idarə etmək, digər dövlətləri özlərindən asılı vəziyyətə salmaq, hər şeyə sahib olmaq köhnə siyasətdir. Dünyanı incitməyən, sevib-oxşayan şairlərdir.
Siyasət aləmi bir yana siyasi kitabları (istər bədii, istər elmi) oxuyub məəttəl qalırsan, dilindən bir şablon ifadə qopur: dünyada nələr olur…
Dünyaya nə qədər şeir yazılıbsa, toplamaq, bir-bir oxumaq istəyinə düşmüşəm. Siyasi aləmlə həmin şeirləri qarşı-qarşıya qoymaq maraqlı olar. Şairlərin söz qoşduğu, fatehlərin parçaladığı dünya şüur inkişaf etdikcə siyasət meydanına çevrilib, oraya bir-birini yıxmaq üçün “qoçular” çıxardıblar. Onlar da zəifləri basıb “yeyiblər”. Bata bilmədiklərini digər yollarla məhv etməyə çalışıblar. Həmin proses hələ davam edir. Bu əsrlər ərzində şairlər hələ də öz işlərindədirlər. Dünyanın “işlərini” dərd edib ona söz qoşurlar, siyasətçilər isə bu gözəlliyi korlamaqla məşğuldurlar. Dünyaya xitabən yazılan şeirlər onlar üçün əhəmiyyətsizdir. Oxumurlar, oxumazlar. “Qılınclar toqquşub iş görən zaman” şeir nəylərinə gərəkdir? Kimdir kövrək hisslərin təsirindən yaranan “Dünya” şeirini oxuyub insanlara can yandıran? Özləri necə pis əməl sahibləri olduqlarını bizdən yaxşı bilirlər. Guya unudubıar ki, Birinci Dünya müharibəsində bəşər nə zülümlər çəkib? Ondan sonra neçə müharibələr başlayıblar… Bu qədər siyasi proseslər baş verdiyi, iqtisadiyyatı, siyasi aləmi idarə edə bilənlər olduğu halda dünyaya şeir yazmaq uşaq arzusudur. Hə, uşaq… şair şairləri oturanda ayaqları yerə çatmayan uşaqlar sayır.
Dünya mövzusunda ən gözəl şeir deyəndə yeddi oğulun (S.Vurğunun “Komsomol” poeması) hərəsinin bir bənd dediyi “Dünya” şeirini xatırlayırsınız. Haqlısınız. Elə şair də “Biz gəldi-gedərik sən yaşa, dünya” deməkdə haqlıdır”. Hələ Zeynal Xəlilin: “Kimlər gəldi, kimlər getdi bu dünyadan…” yazmaqda nə qədər haqlı olduğunu demirəm. Hamı gəlib-getdi bircə dünya yaşadı, yaşayır, yaşayacaq(mı), bilmirik. “sirrini verməyir sirdaşa dünya”. Dünyanın sirrini elmi inkişaf etdirməklə yeni texnologiya yaradan insanlar öyrənməyə çalışırlar. Dünyaya koronavirus kimi “layihə” ilə meydan oxuyurlar. Şeirlərin duyğusundan ayrılmaq istəməsək də belə bir eybəcər cümlələr oxuyuruq: “Müharibə sülhdür”, “Azadlıq köləlikdir”, “Cəhalət qüvvədir” “Prollar insan deyillər”. Necə səslənir? Doğrudur, əsərdəndir, amma həqiqətdə bundan betər faciələr baş vermirmi?
“2050-ci ildə hələ, bəlkə, ondan da əvvəl Köhnə dillə bağlı bütün bilgilər yoxa çıxacaq. Keçmiş dövrlərin ədəbiyyatı tam məhv ediləcək. Çoser, Şekspir, Milton bayron yalnız Yenidil variantında mövcud olacaq. Həm də onların tək dilləri dəyişməyəcək, müəyyən dərəcədə özləri də əslində olduqlarının ziddinə çevriləcəklər. Hətta partiya ədəbiyyatı dəyişəcək. Hətta şüarlar da dəyişəcək. Əgər “Azadlıq məhfumunun özü ləğv ediləcəksə, o zaman “Azadlıq – köləlikdir” şüarına nə lüzum qalacaq? Fikir mühiti tamamilə başqalaşacaq. Bizim indi anladığımız mənada fikir olmayacaq. İnanclı adam fikirləşmir. Onun fikirləşməyə, ümumiyyətlə ehtiyacı yoxdur. İnanclı olmaq – şüursuz olmaq deməkdir.” (C.Oruel “1984” romanı)
Bu romanı oxuyandan, bu qədər siyasi prosesləri izləyəndən sonra Müzahim İsmayılzadənin:

Üfürsək qopacaq öz məhvərindən,
Bir saman çöpündən asılıb dünya.
misraları öz yerini alır.

Zəlimxan Yaqubla, Ramiz Rövşən isə bizə ehtiyatlı olmağı tövsiyə ediblər. Biri deyib:

Mənim balam bu dünyayla oynama,
Sən cavansan dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı…

Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.

O biri də: “Zarafat eyləmə, qurbanın olum”, – deyir. – “Bu dünya zarafat meydanı deyil”.
“Sən bu qumarbazla qumar oynama,
Zarafat gəlməsin sənə bu dünya” misrasında dünyadakıların namərdliyi nəzərdə tutulur.

Çox yerdə qəbrini qazan olacaq,
Başın qaynamaqdan qazan olacaq,
Sanma yaşamağın asan olacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Yoxsulluq yoxsulun bağrına oxdu,
Mədəsi toxların məzəsi toxdu.
Fil var, qarışqaca hörməti yoxdu,
Zarafat gəlməsin sənə bu dünya.

Çox yerdə məkrli oyun olacaq,
Şir, pələng çevrilib qoyun olacaq,
Hələ neçə dəfə toyun olacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Ömrünü qar yeyib, qış aparacaq,
Xırmandan dənini quş aparacaq,
Dünyadan əlini boş aparacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Qeybətin quyusu, hiylənin toru,
Sənə diri-diri göstərər goru.
Başın var, başsızdan başını qoru,
Zarafat gəlməsin sənə bu dünya.

Şeytan dura-dura şərlənər dəvə,
Qatır quyruğunda hərlənər dəvə.
Kinindən yıxılar, tirlənər dəvə,
Zarafat gəlməsin sənə bu dünya.

Muğamı ağlamaq, valı ağlamaq,
Valın da qırılmış halı ağlamaq.
Fışqırıq çalmağın dalı ağlamaq,
Zarafat gəlməsin sənə bu dünya.

Yasın yeddisi var, üçü, qırxı var,
Qəbir yerinin də haqqı, nırxı var,
Ölümdən sonra da min cür qorxu var,
Zarafat gəlməsin sənə bu dünya.

Ürəyə çəkilən dağdı, düyündü,
Hər gün xırdalanan ömürdü, gündü,
Gör bu dəyirmanda kimlər üyündü,
Zarafat gəlməsin sənə bu dünya.

Zəlimxan, günahın yeddi qat olar,
Həyatın qan dolu bir həyat olar.
Zarafat eyləsən, şahın mat olar,
Zarafat gəlməsin sənə bu dünya!

Dünyanın əsl üzü göründü. Həqiqətdən bizi agah edən şair yenə də ümidimizi üzmür: “Gözəl dünya, gözəllərin var olsun” söyləyir.
A.Şopenhauerin qənaəti: “Keçmiş zamanın indiki çağdan üstünlüyü ondan ibarət idi ki, onda, Bonapartın ifadəsincə desək, sözlə əməlin uyğunluğu vardı, indi isə belə bir uyğunluq yoxdur”.
Bu qədər siyasi quruluşların, siyasi ideyaların, siyasi təşkilatların mövcud olduğu dünyada bir də azadlıq məfhumu uydurublar.
Mənim də bu mövzuda şeirim var, təkcə sonuncu misrasını yazıram:
Dünyanın dünyama gərəyi yoxdur.
Sözlə musiqini birləşdirən bəstəkar oldu, siyasətlə şeiri birləşdirməyə cəhd etməklə mən kim olacam bilmirəm. Əslində, bunu kimsə olmaq üçün etmirəm. Ağlıma bir-iki fikir gəldi onu tutub “sənədləşdirdim”. Onsuz da indi çoxu ağlına gələni yazır.
… amma Sabir Sarvan ağlına gələni yox, ağlımızdan keçəni, ağrıya gələni yazıb. Görün necə gözəl ağıdır… hə, ağıdır:

Çaldıran ağrısı

Necəsən, dərdimi deyəm,
Dağ ərisin, daş yerisin.
Vay o günə, dəli başla,
Üstünə qardaş yerisin.

Heç yana çatmasın əlin,
Alışsın ağzında dilin,
O tərəfdən Sultan Səlim,
Burdan Qızılbaş yerisin.

Açılsın əllərin göyə,
Allah da durmasın yiyə.
«Zalım qardaş» deyə – deyə
Diyirlənsin, baş yerisin.

Oyan gürzünə tarixin,
Çaxıl gözünə tarixin,
Tüpür üzünə tarixin,
Qoyma bu vərdiş yerisin.

Görürsünüz, dünyanı qana çalxalayanlar ortada yoxdular, ortada böyük meyit qalıb — tarixin meyidi. Onu şairlər ağlayırlar.
Siz deyin, dünyanı kim sevir?

Xəyalımdan “yeddi oğula” bacı olub Vaqif Osmanovun “Dünya” şeirini söyləmək keçdi:

DÜNYA

Nə yaman güclüymüş nəfsin, iştahan,
Bir anmış şipşirin çağların, dünya.
Ömrün hər addımı sınaq, imtahan,
Çoxmuş düyünlərin, bağların, dünya.

Çəkib qurtarmırıq intizarını,
Görmədik şəfqətli sığallarını.
Heç dada bilmədik şirin barını,
Nə tez uralandı tağların, dünya.

Sənin vəsf etməli haran qalıbdı?
Məlhəmi olmayan yaran qalıbdı.
Ağlı-qaralıydın, qaran qalıbdı,
Nədən yoxa çıxıb ağların, dünya?

İnsanın bəzəyi ürək, göz, əldi,
Ağılsız gözəllik solğun xəzəldi.
İlahi yaradan dağlar gözəldi,
Sinələr dağlayır dağların, dünya.

Ömür bir Günəşdir, əbədi yansan,
Sürünən məxluqsan, əyilsən, sınsan.
Ümidi öləndə məhv olur insan,
Günbəgün azalır sağların, dünya.

Bu son deyil, dünya haqqında hələ çox şeirlər yazılacaq. Niyə də yazılmasın “axı dünya fırlanır”.