- Köşə, Manşet

Pərvanə BAYRAMQIZI. Fasonlu ədabazlar

Adətən, yuxudan oyanıb mətbuatı araşdıranda Tarif Şurasının gecə qiymətləri bahalaşdırdığını öyrənirdik. Budəfəki sabahımız (vaxt şərtidir) Şahbaz Xuduoğlunun ana dilimizi ucuzlaşdırdığı xəbəri – statusu ilə açıldı.

Statusu oxuyan kimi ən birinci Bəxtiyar Vahabzadənin “fasonlu ədabazlar”, “qəlbini oxşamırsa, qoşmalar telli sazlar, onlar qoy mənim olsun” misraları yadıma düşdü.

Onsuz da Bakı sakinləri Şahbaz Xuduoğlunun təklifindən qabaq birbaşa ingilis dilinə keçiblər. Üç ildir, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin (FADMM) təsisçisi,  üzvləri Bakı küçələrindəki əcnəbi dildə yazılan bütün yazıları çəkib göstərir, həyəcan təbili çalırlar. Ana dilimizi həm savadsız təbəqədən qorumalıyıq, həm də ziyalılardan. Savadsızların bilməyərəkdən korladıqları dilimizi ziyalılarımız qəsdən, yad dilə sevgiləri ilə məhv edirlər. Bir çoxu da ana dilinə “Nəyimə gərəkdir?” ifadəsinə bənzəyən susqunluqla pislik edir.

“Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik”.

Şahbaz bəydən əvvəl Rasim Qaraca da buna bənzər fikirlər söyləmişdi. Nədənsə onun sözləri bu qədər qıcıq yaratmadı. Bəlkə də, adamları daha çox narahat edən ikinci dəfə bu fikri irəli sürən bəyin qətiyyəti, ümumilikdə dilə baxışı oldu.

Deyir, Azərbaycan ədəbiyyatı oxunmur, dili sevilmir. İllərdir yerli yazıçılara “yuxarıdan-aşağı” baxmağın, ana dilinin əleyhinə aşkar-gizli kampaniyalar təşkil edilməsinin təsirindən olarmı?

Böyüyən nəsil hara baxırsa, qeyri dillərdə yazılar görür, bunlar boşunamı ötəcəkdi?

Yad dillərin reklamı ilə məşğul olduğumuz qədər ana dilini sevib inkişafına xidmət etsəydik, bu gün dildən imtina təklifi irəli sürülməzdi.

“Bu gedişlə bu dil bir azdan heç meyxana dili də olmayacaq”. Ziyalılar Şahbaz Xuduoğlunun zərərli təklifini qəbul etsələr, Bakı küçələrinin hər yerində ingilis dili hökm sürsə, oliqarxlar rusca danışıb, balalarını da rusdilli etsələr, dilin məhvi öz-özünə baş verəcək.

Qonşu rayonların ləhçəsini sevməyib, bir-birimizin nitqimizə şəbədə edən biz niyə yad dilləri böyük eşqlə sevirik?

İlk anadilli qəzəlin müəllifi İzzəddin Həsənoğlunun qəbri son günlər İranda dağıdılanda mənə elə gəldi ki, Azərbaycan ziyalıları buna etiraz edəcək, ana dilinə can yandırıb bundan belə dəyərlərini qoruyacaqlar. Heyhat… əksinə dedilər ki, bu dil bizə heç nə vermir. Məlum statusa Elçin Şıxlı dilini sevən insanların ürəyindən olan rəy yazıb: “Olduqca zərərli düşüncədir. İndi kitablarınız satılmır deyə özümüzdən imtinamı edək?”

Bizə “Əriyib suya dönməyi, axıb çaya getməyi təklif edirlər”. Yenə də susacaqsınız?

XIX əsrin ziyalılarının ana dili uğrunda mübarizəsini, yazdıqları məqalələri, XX əsrdə Heydər Əliyevlə ziyalıların ana dili müzakirəsini xatırlayaq.

Görün nə vaxtın problemidir…
Görün necə böyük problemdir.
Görün nəyi problem edirik.
Bu problem nə vaxt bitəcək?
Niyə ana dilimiz problem olub?

Problemdən ibarət cəmiyyətin problem olan işləri qalıb bir kənarda, problem üstünə problem gəlir, çünki əsrlərdir dilimizin adını tapa bilmirik.

“Problem” sözü oxumaqdan bezdiniz? Elə isə biryolluq çözək problem qalmasın.

Şahbaz bəylərimizin Paris eşqi bitmir ki bitmir. Parisə getmək pis deyil, ordan gəlib ana dilini dəyişmək həvəsinə düşmək pisdir.

Yazıq ana dilim…