Böyük dövlətlər xırda dövlətlərə nağıl danışırlar. Deyirlər, biri varmış, biri yoxmuş, Yer üzündə demokratiya adında dillərdə dolaşan bir söz varmış. Həmin sözün ən çox işlədildiyi ölkələrdə xeyli nağılbaz, xəyalpərəst yaşayırmış. Onlara deyən olanda ki, demokratiya sizin ölkələr üçün deyil, qılınclarını sıyırıb adamın üstünə hücum çəkirmişlər. Uzun illərdir, nağılbazlar barmaqlarını kəsib yaralarına duz səpib ağrıya-ağrıya demokratiyanı gözləyirlər. Nağılçı isə onlara hələ də deməyib ki, dünyada nağıl olmayan bircə şey var, o da göydən alma deyil, bəşəriyyətin başına bomba kimi üç dövlətin düşməsidir.
Nağıl vaxtı bitdi.
Demokratiya, azadlıq, müstəqillik ideyası, humanizmin təbliğatı, xalqları qardaşlaşdırmaq süniliyi zəif dövlətlərin başlarının altına qoyulan yastıqdır. Güclü dövlətlər bildiklərini, istədiklərini edirlər. Bu “biliyə”, “istəyə” cəzbedici adlar verilir.
Terror təşkilatlarını yaradır, sonra onlarla mübarizəyə başlayırlar. Mübarizə adı verdikləri əməliyyat isə yeni müharibələr, daha çox güclənmək, ərazilərə sahib olmaq, sərvət toplamaq, xalqları əzmək, asılı vəziyyətə salmaq məqsədidir.
Güclü dövlətlər güclənəcək, inkişafı diqqət mərkəzində olan xalqlar inkişaf edəcək, yenə uduzan, zərər çəkən, itirən, gözüyaşlı qalan müstəmləkələr olacaq.
Neçə əsrdir itkilərimizin yarası sağalmayıb. Bizə “unudun” deyənlər, görürsünüz, sizin pasifist olmağınızla deyil, demokratiya nağılına inanmağınız əbəsdir, onlar bizə yeni dərdlər verməkdə israrlıdırlar.
Azərbaycan kimi pərən-pərən olan diyara Xırdalan adlı şəhər yaraşmır. Onun əvəzinə Bütövlən olsaydı “özümüzü yığışdırardıq”.
Ağı ədəbiyyatı siyasi oyunların qurbanı olan millətlərdə yaranır. “Ağlaşma əsərlər” deyib bəyənmədiyiniz ədəbi nümunələrin süjetini qaniçənlər qurur. Dünənki partlayışların coğrafiyasına baxın.
Adı Güney oldu, Gün düşmədi, gün görmədi. Dumanlı, boranlı Təbriz.
İçin-için yanan alovlu Təbriz.
Təbrizdən təyyarə gözləyirik. Namərd gülləsi dəyən qardaşımızın cənazəsi gəlir. Təbriz də bizdən təyyarə gözləyir, gözləyən gözləyənədir.
Küçədə soyuqda evsiz qalanlarımız var, orda Göydən alma düşmür, bomba yağır.
Yeni bayatılar çağrılmasın?
Əliyalınların silahı söz olur.
Onlar heyiflərini gözlərindən çıxırlar.
Ağlamağı niyə sevirik?
Bizim millət niyə ağlayır? Niyə şeirlərimiz, qədim ədəbiyat nümunələrimiz hamısı kədər-qəm ifadə edir?
Ağı da bizə məxsusdur. Bizi bu qədər dərdəcər edən nədir?
Bəzən özümüz özümüzü qınayırıq. Kədərli şeir qiraətinə pis baxırıq. Bir çoxumuz şənliyi təbliğ edirik. Çoxu “Keyf elə” repinin ardınca buna görə qaçdı. Təbii ki, keyf edən də var, qəm daşıyan da.
Niyə kədərə meyilliyik? Niyə də olmayaq?
Qonşuluğunda acgöz dövlətlər olan bir xalq niyə sərsəkəli olmasın?
1813-1828 ci illərin parçaladığı millət niyə ağlamasın? 1905-1918-ci və sonrakı illərdə öz yurdunda dinc yaşadığı halda qanına qəltan edilən millət necə şənlənsin? Bu millətin bu boyda dərdlərini torpağa gömüb üstündə özünə rəqs elətdirən yetmiş illik bir hakimiyyət yalançı sevinc bəxş etdi xalqımıza. Ziyalısını güllələyib sürgün edib özünə də şirin vədlər verdi. Hər şeyi puç olan bir xalq niyə ağlamasın?
“Ağlamayaq” demirəm, bu tibbi baxımdan da rahatlıq gətirir. “Dərd çəkməyin” demirəm, yenə xain qonşu üzündən ağır itkilərimiz oldu. “Ağı deməyin” demirəm, əzizini itirənlərdən bunu gözləmirəm. Deyirəm, ailə üzvünü itirdiyindən od tutub yanan adamın yasına qadın molla çağırıb neçə əsr qabaq baş verənlərin faciəsindən danışıb ölü sahibinin bağrını çatlatmayın. Heç kəsin inancına şəbədə etmirəm. Kərbəla hadisələrini oxumaq, öyrənmək istəyən kitabdan oxusun, evində ağlasın onlara. Ağlanılası şəhidlərimiz çoxdur. Tolerantlığın, humanizmin yeri yoxdur, xarici dövlətlərin münasibətini gördük. Humanizm bizə qalıb? Özləri əməl etmirlər. Ermənilər yeniyetmə oğlanlardan, qızlardan ibarət ordu hazırlayıb gələcək nəsili kinlə, nifrətlə yerişdirib yurdumuza göndərirlər, bizsə…
Ağlamaq istəyirsinizsə, Azərbaycan tarixini bilən qadınlar yas mərasimə cəlb edilsin. Ağlaşmada danışsın ki, 1905-ci ildə işgəncəylə filan qədər soydaşımız qətlə yetirilib, Bakıda, Qubada, Şamaxıda nə qırğınlar törədilib. Mütaliəsiz olan qadınlar da onlardan eşitsinlər, Qoy o molla qadın “Gülüstan” müqaviləsiylə dərbədər olduğumuzu, “Türkmənçay”da nələri itirdiyimizi danışsın. İllərlə göz yaşı tökərək həsrətdən ölənlərdən danışsınlar. Ağlamaq istəyirsinizsə, bunlara ağlayın. Amma, bəlkə, düşünməyə vaxt ayıraq?