Övlada məhəbbət yetirmək, qayğı göstərmək baxımından analar eyni olsalar da, dünyagörüşü, həyata baxış tərəfindən yanaşanda onları fərqləndirməyə səbəblərimiz çox olur.
Deyirik, heç bir valideyn övladının pis böyüməsini istəmir. Amma bəzi valideynlər özləri bilmədən tərbiyəni yanlış istiqamətə yönəldirlər. Buyuranda getməyən uşağına “sənə pul verəcəm, saqqız alarsan, get filan işi yerinə yetir” deyən analar əslində, nə böyüklükdə qəbahətə yol verdiklərinin fərqində olmurlar. Buna bənzər halları saymaqla qurtarmaz. Öz “xeyir-duasıyla” övladını pisliyə alışdıran ana gələcəkdə qüsurlarla dolu olan balası üçün xiffət edəndə səbəbkarın özü olduğunu bilmir. Uşağı mənfi istiqamətə elə ata özü də yönəldə bilir. Anaya, ətrafdakı insanlara münasibətilə, kişi olmağından istifadə edərək böyüklük səlahiyyətlərini aşaraq və s. yanlışlıqlarla övladını uçuruma doğru itələyir. Fikrimi əsaslandırmağa nümunələr çoxdur, bilirəm ki, sizin də ürəyiniz doludur. Bu cür halların baş verməməsi üçün uşaqlarımıza körpə yaşlarından kitabı düzgün yol göstərən dost kimi təqdim etməliyik. Özü kitaba dəyər verməyən valideynin övladı nadir hallarda kitabsevər olur. Bu cür uşaqlara hər an rast gələ bilmirik. Serialdan ayrılmayan, telefonda saatlarla kiminsə qeybətini edən ananın övladı kitabdan uzaq böyüyər. Bunun mənfi nəticəsindən cəmiyyət əziyyət çəkir. İdeal cəmiyyət formalaşdırmaq üçün uşaqları düzgün tərbiyə etməliyik.
Hər ailədə körpə doğulmamışdan qabaq onun otağı hazırlanır. Beşik, uşaq mebeli ilə yanaşı, otağın bir tərəfində də kitab guşəsi üçün yer ayrılsa və bu ənənəyə çevrilsə, uşağın gələcəyi üçün səmərəli olar. Böyüdükcə uşağa şəkilli kitablar göstərmək lazımdır. Bu cür böyüdülsə, kitaba bağlanacaq. Uşaqlara özlərini oddan, iti əşyalardan qorumağı öyrətməyimizlə yanaşı, mütaliənin faydalarını da izah etmək lazımdır. Sadə dillə izah edilən və valideynin göstərdiyi nümunə ilə onlarda mütaliə vərdişi yaranacaq, oyuncaqlar kimi kitabları da sevəcəklər. Bu proses məktəbəqədər müəssisədə davam etdirilməlidir. Sonrakı illərdə onları tez-tez kitabxanaya aparmaq lazımdır. Erkən yaşlardan düzgün yönləndirilən mütaliə prosesi səmərəli olacaq.
Ünsiyyətdə olduğum uşaqlarla ilk söhbətim mütaliə mövzusunda olur. Həvəsləndirdiklərim çoxdur. Bundan məmnunam. Onları ensiklopediyalarla tanış edirəm. Şəhid ailəsi ilə görüşə gedəndə də hədiyyə olaraq kitab almışdım.
Bunları Beynəlxalq Uşaq Kitabı günüdür deyə təqvimə “hörmət” xatirinə, xoşunuza gəlmək üçün yazmıram. İlin bütün günlərində kitaba, mütaliəyə maraq oyatmaqla məşğulam. Sevginin izahı yaxşı əməllərlə ölçülür. Vətənpərvərlik burdan başlayır.
Bu əlamətdar tarixdən istifadə edib bir neçə kəlmə də uşaq vaxtı özümün kitaba münasibətim barəsində yazacam.
Məktəbə getməmişdən qabaq oxuya bilirdim. Hərfləri öyrənən kimi rəfdə cildi görünən kitabın sərlövhəsini oxudum: “Arbat övladları”. Səhv etmirəmsə, rus ədəbiyyatıdır. Atam ali təhsilini Rusiyada almışdı deyə bu cür kitablara “Atamın kitabı” deyirdim. Sərlövhədəki “övlad” sözünə görə kitabı oxumaq istədim. Dialoqla başlayırdı. Başa düşmədiyim sözün mənasını atamdan soruşdum, izah etdi, tövsiyəsi isə “bunu oxuma, sənə aid deyil” oldu. Hansı kitabları oxumalı olduğumu söylədi.
Böyüdüyüm Alnabat kəndindəki ata evimdən bir az aşağıda balaca bir kitabxana vardı. Ordan götürdüyüm ilk kitabça (bəlkə də, jurnal idi) Korney Çukovskinin “Milçək-vizilçək” şeiri olub (Teymur Elçinin tərcüməsində). Bacı-qardaşımla buranın fəal oxucuları idik. Balaca olmağına baxmayın, “əlimizdən yaxşı tuturdu”.
“Bizim deyillər” deyə xarici ədəbiyyat oxumağa marağım yox idi. Rus ədəbiyyatını oxuyanda yorulurdum. Obrazları qarışdırırdım. Adamın adı gah “viç”lə verilirdi, gah “ov”, gah da öz adıyla. Hələ uşaq yaşlarına uyğun yazılanda lap başımı itirirdim. Söhbətin kimdən getdiyini tuta bilmirdim. Atam izah edəndən sonra hər şey qaydasına düşdü. Böyüyəndə Almas İldırımı dərslikdən qabaq həmin kitabxanadan aldığım kitabın sayəsində tanıdım. Kitab diqqətimi çəkdi, vərəqləyib bir-iki şeir oxuyan kimi bildim ki, şairimi tapmışam. Hansı məkanda oluramsa-olum, rahatlıq tapdığım ünvan kitabxana idi. Kitabın cildini açanda gözəl aləmə düşdüyümü düşünürdüm. Səhifələr mənə möhtəşəm şəhər kimi görünürdü, sanki o şəhərləri bir-bir gəzirdim. Ətrafımda nə qədər adam olsa da, kitabdakı imzaların yerini vermirdi. Tanıdığım adamlardansa onlar mənə doğma görünürdü, onlarla söhbət etmək istəyirdim. Kiminsə bir yaxşı şeirini, yaxşı hekayəsini oxuyanda onu tanıdığımı zənn edirdim. Elə bilirdim, o da məni tanıyır. Kitablardakı adamlarla sözüm əla tuturdu. Onlar ürəyimi oxuyurdular. O vaxtdan indiyədək kitablardakı adamları axtarıram. Hər mənada.
Mirzə İbrahimovun “Pərvanə”romanını ilk dəfə dördüncü sinifdə oxumuşdum. Elə bilmişdim, bir qızdan bəhs edir. Kiçik yaş qrupundan olan oxucu üçün düzgün mütaliə seçimi olmadığını oxuyub bitirəndən sonra anladım. Anaların haqlı olduğunu həmişə gec anlayırıq. O vaxtdan indiyədək “risk edib” təzədən mütaliə edə bilmirəm. Həmin vaxt peşəkar kitabxanaçının tövsiyəsinə ehtiyac varmış… Uşaq mütaliəsinə xüsusi diqqət yetirmək vacibdir. Uşaq ədəbiyyatı adına indi kitabxanaları FİLANKƏSin cızma-qaraları zəbt edib. Canım yanır millətin balalarına. “Uşaq mütaliəsinin peşəkar motivləri” məqaləm bu təəssübkeşliyin sayəsində yazıldı.
Sonda sözügedən mövzuya aid yazdığım “Ad günü adlı” hekayənin linkini yerləşdirirəm. Uşaqlarınızın oxumağına şərait yaradın. Sonrasını özləri təyin edəcəklər.
https://kamilinfo.net/ad-gunu/?fbclid=IwAR2xawZDTjxmVSCQlD-gHb1Srl8va51rNhHwR5nl9-WQA451I8YeeBuJrC0