Adamların iç üzləri o qədər də qapalı olmur, kimin nəyə qadir olduğu rəftarından, söhbətindən, mövzu dairəsindən bəllidir, bunu, sadəcə, həssas insanlar duyurlar. Digərləri gec – pisliyi görəndə, namərdlər özləri özlərini ifşa edəndə agah olurlar.
Həyalı adam “mən həyalıyam” demir, həyası rəftarından, söz-söhbətindən duyulur. Oğru da tutulanadək əliəyriliyini etiraf etmir. Paxıl adamların özünüifşası da buna bənzəyir. Hansı paxılın “paxıllıqdan dedim”, “gerçəyi bilsəm də paxıllıqdan susdum”, “filankəs yaxşı insandır, paxıllıqla pisləyirəm” dediyini eşitmişik? Belə bir şey olmayıb, yəqin ki, olmayacaq da, amma… həə, məsələnin əsas tərəfi budur; amma arif insanlar paxıl adamı cizgisindən, kəlməsindən tanıyarlar. Paxıl adam “monoloqu” ilə özünü nişan verir. Elə öz sözündəncə bildirir ki, ay adamlar, baxın, paxıllıq belə bir hissdir. Özünü tərifləyə-tərəifləyə “tərifi sevmirəm”, özünü matah saya-saya: – sadə insanam – deyir. Paxılın nəzərində uğur qazanmaq başqasının haqqına sahib olmaqdır. Paxıllar itələyib arxaya saldığı adama yuxarıdan-aşağı baxıb yaxşı yerə özünün layiq olduğunu düşünür. Paxıl “çıxışından” tanınır, kəlməsindən hissləri aydın görünür. Bir də vəzifə görməmişləri var. Beş-altı adama rəhbərlik etmək tapşırılanda özünü itirir. Yadıma Laçın rayonundan olan ağbirçəkdən eşitdiyim məsəl düşür: ata üzü görməyən uşaq elə bilər, Şahqulu da atadır. (Məsəl ürəyimdən deyil, amma yaxşısını tapmadım)
Mənəviyyat yoxsulları, xəstə təfəkkür sahibləri özlərini özləri tanıtdıqlarını hiss etməzlər.
Gözütox olmağına, kimsədən nəsə istəməməyinə baxmayaraq “Allahdan xoşbəxtlik diləmisən” deyib sənə nöqsan tapan paxıl tapılır. Şəxsi işin üçün rəhbərliyə yaltaqlanmadığını görsə də paxıl adam bunu dilinə gətirmir, əksinə kiməsə olan ehtiramını öz ürəyindəki kimi yaltaqlığa yozur. Heç nə tapmayanda yumor hissinə ağız büzür. Əlbəttə, televiziyada, yutub kanallarında səviyyəsiz gülüşə baxıb qəşş edən acı gülüşlə ucuz gülüşün fərqini anlamaz. O, problemlərə sarkazmla yanaşmağı dərk etmir, gərək düşük aktyorların güldürdüyü tərzdə söyləyəsən ki, ağzını göyə tutub hırıldaya.
Ləyaqətli olmağın, ali keyfiyyətlərinlə tanınmağın, xeyirxahlığın xainin gözünə iynə kimi batır. Belələrinə cavab verməyə gərək yoxdur. Onları öz içlərinin eybəcərliyi çürüdəcək. Paxıllıq kimi ağır, anadangəlmə xəstəliyin müalicəsi olmur. Bu xüsusiyyətləri onlara ən böyük bəladır.
Qarğış kimi də çox ağırdır; qəlbin paxıllıq hissi ilə dolsun. Allah, sən saxla! Bu cür yaşamaq olar???
Yaradan paxıllara şəfa vermir, gündə yüz dəfə ölüb-dirilirlər. Can verirlər hər gün.
Seyr eləmək zövq vermir ee… ağır mənzərədir.
“Boğulanlar da saman çöpündən yapışırlar”. Çünki məhv olacaqlarını bilirlər, sudan quru çıxmaq üçün tel nazikliyində çöp də onlara tir kimi görünür. Özlərini xilas etməyə çalışırlar. Xainlər əməlləri ortaya çıxıb biabır olanda qarşısındakı insanın ən xırda nöqsanını saman çöpü zənn edib sallanırlar. Adi əlaməti, kiçik bir səhvi başına qaxmaqla ona zərbə vurduğunu düşünür. Əslində isə onun nöqsan saydığı heç nöqsan da deyil. Sadəcə, kin-küdurətli qəlbi ilə yanaşdığından reallığı o cür görür.
“Gözün qarası başa qaxıdır” ifadəsini belələri üçün işlədirlər. Namərd adamlar ən əsas mahiyyətin vacib olduğunu düşünmürlər. Edilən səhvdən özgəninmi, özününmü ziyan çəkəcəyin şərti birinci yerdə dayanır. Ətrafdakılara təhlükə yaratmamaq amili hər şeydən öndədir. Hər kəs şəxsi həyatında yanlışa yol verə bilər. Bunun başqalarına zərəri dəyməz. Öz günahında, çikab əməllərində boğulanlar isə xeyirxah adamlara qaxınc etməyə mütləq nəsə tapırlar, amma zəhmətləri hədər gedir, o “nəsə” gülünc bəhanəyə dönür, xain özünü ifşa edir.
Həssaslığımızı əzizləyən, duyğularımızı qiymətli sanan, varlığımıza sevinən, xətrimizə dəyməkdən qorxan, səhvimizi bizdən əvvəl özündən gizləyən, incidəcəyindən ehtiyat edib danışmayan, yanlışımızı düzəltməyimizə başqa yolla nail olan insan varsa… xoşbəxtik. Başqa heç nəyi dərd eləməyək.
Qeybətimizi edən, paxıllığımızı çəkən varsa, onu qarşımızdan qəfil hoppanıb gölə düşən qurbağa sanıb məmnunluğumuza davam edək.