- Köşə, Xəbərlər

Pərvanə BAYRAMQIZI. Hər şəhid bir ovuc torpaqdır

Rəsmi sənədlər üçün sistemləşdirilməsinə, ərazilərin bir-birindən fərqləndirilməsinə görə məcbur olub bir tərəfinə Naxçıvan, bir tərəfinə Bakı, o biri tərəfinə Gəncə, bu biri tərəfinə Şəki və s. dediyimiz Vətən şəhidlərin ruhu, qazilərin yarım canlarıyla yaşayır. Ona görə də:

“Haralısan?” sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!

Hər itkin düşən oğulların naməlum ünvanlarında bir Azərbaycan var. O Azərbaycan ki uğrunda əsrlədir nə canlar gedir…

Üzlərini görmədiyim tay-tuşlarım, məndən kiçiklər, böyüklər –  şəhidlərin hamısı doğmalarımdır. Şəhid Şirinov Elvin Elsevən oğlu kimi.

Anası onu böyüdüncə çəkdiyi zəhmətə qatlaşmaq imkanım olmasa da bu gün o ananın çəkdiyi dərdin ağırlığını qəlbimdə daşıyıram. Bütün şəhid anaları kimi ona da borcluyam. Haqlarını ödəməyə imkan qismət olsun.

1997-ci ilin mart ayının 12-də Elvin anadan olanda dünyaya gəlişinə sevinib: “oğul düşmən çəpəridir” deyiblər. Analar oğullarını Vətən üçün böyüdürlər. Arzuların ən gözəli “oğlun böyüyüb əsgər getsin” olur. Hamı bilir ki, əsgər olmaq şərəfdir. Öz yurdunun keşiyini çəkmək, onu düşməndən qorumaq oğul işidir… bir anlıq əlimi saxladım. Vətən yolunda canından keçən qızlarımızı xatırladım. O məşhur məsəli çəkməyəcəm. Bir qədər fərqli: “şəhidin cinsi olmaz!” deyəcəm. “Qara çadır-ağ çadır” qurmaq təfəkkürü çoxdan ölüb. Xaçmazda Arəstə Baxışova doğulanda kim bilirdi ki, Vətənin onda gözü var? Kim bilirdi Arəstəyə valideyn, övlad sevgisi deyil, Vətən sevgisi qalib gələcək? O da sinəsini Vətən yolunda çəpər elədi, düşməni ordan aşmağa qoymadı.

Siyahını uzadacaq adlar çoxdur. Hamısını bir şeirə, bir mətnə sığdırmaq olmur. Onlar üçün ən gözəl sözləri qəlbimizə yazmışıq.

Qəhrəmanlıqları ilə ömürlərini ömrümüzə qatdılar. Əvəzimizə ölənlərin yerlərinə yaşayırıq.

İkinci Qarabağ müharibəsində Vətən yolunda canından keçən Beyləqan rayon Birinci Şahsevən kənd şəhidi Elvin Bakı şəhərində yerləşən Laçın rayonu Xəlil Qədirov adına 3 saylı orta məktəbi 2014-cü ildə bitirib. “Bakı şəhərində yerləşən Laçın məktəbi…” məhz buna görə şəhid olub Elvin. Laçın məktəbi Laçında olsun deyə.

Əsgər nə istəyir? –
Bir təzə nəğmə.
Nəğməsiz darıxır əsgər tüfəngi.
Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir.

Şəhidlər ocaq qaladılar canlarıyla. İsindi Vətən daşı. “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı…”

Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi – Vətənin daşı Elvin!

2020-ci ilin oktyabr ayının 26-da  Füzulin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə Vətənləşən Elvin!

Qusarda əsgərlikdə olarkən yaxşı xidmətinə görə hərbi hissə komandiri məzuniyyət verəndə evə gələrkən anasının onun boynuna sarılması məqamları nə sözə sığasıdır, nə ürəyə. Hansı sözü tapasan ki, əsgər oğlunu qoxlayan ananın hisslərini ifadə etsin. Hansı söz həmin anda qürurlanan Vətən oğlunun hisslərini təsvir etməyə yetər? Həmin anın əbədiyyət olması özü hər şeyi söyləyir. O kadrlar uzun illər texnikanın yaddaşında qalacaq. Bir də nə qədər ki, Vətən var, Elvin onun bir parçası kimi seviləcək. Hər şəhid bir ovuc torpaqdır.

Bir nəğmə əsgərin dodaqlarında,
Sərhəd küləyinə həmsöhbət olar.
Bir nəğmə əsgərin barmaqlarında
Tətiyə söykənən cəsarət olar.

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” “Füzulinin azad olunmasına görə”  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

“Şuşanın azad olunmasına görə…” Boğazımızda düyünlənən qəhər, dərdlərin möhtəşəmi Şuşa dərdi. “Dərdin də gözəli olur” yazmışdım. Hə, ən gözəl dərd Vətən dərdi, yurd həsrətidir. Onu özün çəkirsən,  başqasının çəkməyinə dözmürsən. Tədbirini də, çarəsini də özün tapırsan. Canını verirsən. Tərəddüdsüz-filansız.  Erməninin belə gözəl dərdi yoxdur, çünki onların heç vaxt torpaqları olmayıb.

“Qarabağ” futbol komandasında azyaşlılar üçün təşkil olunmuş qrupa üzv olanda, bəlkə də, özünü həsr edəcəyi sahəni axtarırmış. Nəhayət, tapır – hərbiyə yönəlir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandiri müavini – qrup komandiri kursunun bitirir.

Elvini sevgi və məsuliyyət çəkir bu sahəyə. Çünki

O nə zaman bölünər,
Nə vaxt çıxar əlindən?
Ləhcəsinə, dilinə
Yad ləhcələr girəndə…
O keçməz əldən-ələ,
O əbədi diləkdir.
Qara tikanı belə
Yenə Vətən deməkdir…
Fərqi yoxdur azca da;
Ya kiçik yalı getdi,
Ya bir quru ağacı,
Ya bir mahalı getdi…
O daimi namus, ar,
O əbədi qoruqdur.
Ürkək quş kimi uçar,
Onu əldən buraxdın…
Bilir ərlər, ərənlər,
Vətənə tay olmayır,
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır.

kimi şeirlə böyümüşdü.

Vətən dərdi, yurd həsrəti anaların bayatılarıyla oxşanılır. Bayatılarımız çox oldu, ağılarımız dillərdə dolaşdı. Nəhayət, qəhrəmanlar üçün marş yazılmalı günlər gəlib yetişdi. Mənim yazım da Elvin üçün təşəkkür məktubu olsun! Qəhrəmanı çox olan xalq öyünməlidir, boynumuzu bükməyək. Azad etdikləri torpaqlarımızı qorumaqla onlara layiq olmağa çalışaq.

Onlar: “Bu Vətən yolunda dağ aşan oğullar,
Torpaqdan göyərib daşlaşan oğullar,
Əbədi şöhrətə yaraşan oğullar!”dır.

Bəli:

Hələ övlad deyil ki,
Hər doğulan sakini…
Övlad gərək vətənə!

2020-ci ilin sentyabr ayı Azərbaycan anamızın övladlarının tarix yazan aylarının başlanğıcı oldu.

“Vətəndir yol” deyirlər…
Ona qurban gedənə
Əsl oğul deyirlər…

Elvin kimi…

Analar övladlarına həmişə yurdu əmanət ediblər. Yenə də deyirlər:

Vətəni sevmək azdır,
Onu qorumaq gərək.
Vətənim demək azdır,
Vətənin olmaq gərək.

Azərbaycan övladları bilirlər ki,

“Onun adi torpağı,
Ruhdan, candan irəli…
O, anandan qabaqdır,
O, atandan irəli…”

Məhz ona görə:

“Ölsək də qoynunda qoy ölək ki, biz
Çürüyək, bir ovuc torpağı artsın!”

(Şeirlər Məmməd Araz, Cabir Novruz, Musa Yaqub və Tofiq Bayramındır. )