Uşaqlıq illərimə ad qoymuşam – “Kitablardakı günlər”. Onda elə bilirdim, həyat da, həyatdakılar da kitablardakı kimidir. “Əlifba”, “Oxu” kitablarında çörək şəkli görürdüm, elə gözəl çəkirdilər, kürsüdə bişən çörəyi yemirdim ki, kitabdakından istəyirəm. Alma bağları əsrarəngiz idi. Mənə elə gəlirdi, təsvir olunanlar hardasa uzaq bir yerdədir, nə vaxtsa oraya çatacam. İstəyirdim, kitablardakı çörəkdən yeyim, kitablardakı uşaqlarla oynayım, kitabdakı ağacdan alma dərim. Hətta “mən kitablardakı yazıçılardan olacam” deyirdim. (El arasında tanınan şairlər kimi yazmamağı nəzərdə tuturdum.)
Təsvir olunan nənələri üz-gözü qırış, başı şallı gördüyümdən elə bilirdim, nənə ancaq bu cür olmalıdır. Baxırdım nənələrimə ikisi də boy-buxunlu, qırışsız idi, zövq ala bilmirdim.
İstəyirdim evimiz də nağıllardakı kimi balaca və taxtadan olsun.
Qəribə istək, maraqlı arzu idi.
Kitabın cildini açanda səhifələr mənə möhtəşəm şəhər kimi görünürdü. Sanki bir-bir gəzirdim. Ətrafımda nə qədər adam olsa da, kitabdakı imzaların yerini vermirdi. Tanıdığım adamlardansa onlar mənə doğma görünürdülər, onlarla söhbət etmək istəyirdim. Kimin bir yaxşı şeirini, yaxşı hekayəsini oxuyanda onu tanıdığımı zənn edirdim. Elə bilirdim, o da məni tanıyır. Kitablardakı adamlarla sözümüz tuturdu. Ürəyimi oxuyurdular. O vaxtdan indiyədək kitablardakı adamları axtarıram. Hər mənada.
Ciddi, qaradinməz olmuşam. (Yazılardakı yumor sizi aldatmasın, həyatda zarafatcıl deyiləm) Yaşıdlarım kimi əylənmirdim. Kitab oxuyurdum, yazırdım, oynayanda da müəllimə olub uşaqlara şeir əzbərlədirdim. O qədər ağırtəbiətli idim ki, böyüklər məni özləri yaşda bilirdilər. Bir dəfə qonşunun nəvəsini ovutmaq üçün özümü saz çalırmış kimi göstərəndə camaat məəttəl qalmışdı. Heç kəs mənə (on yaşım vardı) bu cür “şitliyi” yaraşdırmamışdı. Məndən başqa kimin 10-15 yaşı vardısa, istədiyi kimi oynayırdı. Adam özünü necə tanıdırsa, elə də gedir. O vaxtdan indiyədək əyləncə ilə aram olmadı.
“Sən uşaq deyilsən” deyə boynuma məsuliyyət qoyanlardan çoxu həyatda yoxdur, hamının halına yanmağı bacardığıma, kiçiklərin qeydinə qala bildiyimə, güclü məsuliyyət hissimə görə böyükləri hörmətlə anıram.
Məktəb kitabxanasından ayrıla bilmirdim. Kartondan arakəsmə ilə düzəlmiş balaca otaqdan ötrü evimizdə darıxırdım. Kitabların qoxusuna bayılırdım. Ən hündür yerə kitabxanaçı məni çıxarırdı, istədiyim kitabı tapıb götürəndə qələbə qazanmış kimi fərəhlənirdim. Amma kitabxanaçı olmaq arzum yox idi. Ağlıma da gəlmirdi. Həyat ürəyimə başqa şeylər salsa da, qarşıma ona əks olanları çıxardı. Çox şeyə peşman oldum, təkcə kitabxanaçı olmaqdan başqa… Məktəbin karton kitabxanasının xoş təəssüratı məni ömrüm boyunca “müşayiət” etdi, işlədiyim kitabxanada darıxmadım. Ən doğma, ən rahat ünvan sandım. Kitabxanaçılığı özüm sevdiyim kimi sevdirməyə də çalışdım.
Məncə, şəkillərimdə də narazı kitabxanaçı obrazı görünmür.
Bir də şəxsi istəklər, duyğular, arzular var… onları qələmə alanda ilk cümlə kimi “Nəyi arzuladımsa həyata keçmədi” yazmaqdan başqa ürəyimdən heç nə gəlmir. Gözlədiklərimdən kəskin fərqli şeylər yaşadım. Axırda arzu etməyi “tərgitdim”. İndi həyat nə versə, onu qəbul edirəm. Daha heç nədən qorxmuram. Xoşbəxtlikdən çox bədbəxtliyə hazıram. Böyük arzular arzulamaqla həyatımızı çətinləşdirib özümüzü depressiyaya salırıq. Yaşamaq o vaxt asan olur ki, insanlardan yaxşı heç nə gözləmirsən, cəmiyyətin inkişaf edəcəyinə ümid etmirsən, yuxarılardan ədalət ummursan. Onda rahat yaşayırsan, çünki istəyinin ürəyində qalacağına hazır olursan. Canın qurtarır dərd çəkməkdən.
Bir diləyin ola, onu ömrün boyu arzulayasan, arzulayasan, çatmayasan. Adamı od götürür, çırthaçırt elə yanırsan ki, heç ocaqdan belə səs eşidilmir.
Hələ bir arzulamağı da yasaq edələr, onda alov “geniş miqyas alır”, yanğınsöndürənlər də (məsləhət verənlər) hadisə yerinə gecikmiş olurlar.
Uşaqlığım arzulamaqla, gəncliyim onları öldürməklə keçdi. Qırx üç yaşda qəlbim məzarlığa döndü.
Gənclik bir yana, heç uşaq olmadım. Deyəsən, qoca doğulmuşam.
Gəncliyi ancaq hər il fevralın 2-də kiçik statuslarda “yaşayıram” o da yadıma düşsə.
Qocalıram. İp kimi bir-birinə dolaşan qırışların düyünü qaşlarıma ilişib. Ürəkdə ölən arzulara od vurmuşam. Od tutan arzuların yerində qalan külün rəngi saçlarıma dağılıb.
Həyatla mübarizə aparmıram, əksinə onunla razılığa gəlib dostlaşmışam.