- Köşə

Pərvanə BAYRAMQIZI. Kötükdəki yaşıllıq

Heç kəsə heç nədə güzəşt etməyib, hər xırda iradı mübahisəyə, mübahisəni müharibəyə döndərib adamlarla dil tapıb dolanmayan biri mehribanlıqdan, sülhdən danışanda odsuz-ocaqsız alışırsan. Paxıllıqdan qurda çevrilənin, dilindəki zəhərlə ilanı kölgədə qoyanın, atmacaları kirpi tikanından betər olanın, insanlara qarşı aqressiya ilə davrananın sənin kimləsə soyuq münasibətin yarananda çırmanıb ortaya atılılıb barışmaq təklif etməyinin adını qoymaq olmur. Təəccüblənirsən: humanistdirsə, niyə özünə edilən pisliyi bağışlamır? Nə üçün kin-küdurətlə yaşayır?

Çox adam sənə edilən pisliklər özünə edilənədək sakit durur, sənə də bunu tövsiyə edir. Onların əsl üzü özünün xətrinə dəyilən məqamda ortaya çıxır. Ağıl öyrətməyi sevən ağılsızlar qərəzlə incikliyi ayıra bilmirlər.

Maraqlı rəsm görmüşdüm. Kötükdə yaşıllıq təsvir olunmuşdu. Fikrimdəkiləri müqayisə etmək üçün əlverişli oldu. Kötükdə yaşıllıq salan adam ekran qarşısında əyləşib serialda uşağına qışqıran anaya qarğıyıb, serial bitən kimi dönüb övladını şillələyən, filmdə sevənlər ayrılanda ağlayıb balasını özünün məsləhət bildiyinə zorla verib “sənin xoşbəxtliyinə çalışıram” deyən, baxdıqlarının rejissoruna irad tutaraq fikrində ssenarini dəyişib ideyalarına uyğunlaşdıran, saflıqdan dəm vurub, qeybəti pisləyib, amma qonşudakı kişi ilə qadının mehribanlıqla salamlaşmalarına pis don geyindirən qadın kimidir. Ağacı kəsdiyinin fərqində olmayıb kötüyündə yaşıllıq salmağa cəhd etmək saxtakarlıqdır.

Hadisələrə özünüzə təsir edən tərəfdən qiymət verməyin, başına hadisə gələnin halına uyğun yanaşın. Düşünün, görün olan sizə olsaydı, özgəyə verdiyiniz məsləhətlərə özünüz əməl edərdinizmi?