– Rus dilini harda öyrənmisiniz?
– Küçədə.
– Necə yəni?
– Oynadığım uşaqlardan.
– Hamısı rus uşaqları idi?
– Yalnız biri rus idi.
– Bəs o qədər azərbaycanlıya tək bir nəfər rus necə təsir edə bildi?
– Rus uşaq öz dilində danışırdı, azərbaycanlılar da onun dilində danışmağı sevirdilər.
– Görürsünüz, küçədə öyrənilən rus dilinin hökmü canımız-qanımızla öyrəndiyimiz ana dilindən hökmlü çıxdı. Uşaq vaxtı valideynimlə Bakıya gəlmişdim, qohumumgildə qalırdıq, onun uşaqları da, binada yaşayan azərbaycanlı tay-tuşlar da rusca danışırdılar. Aralarında özümü yad kimi hiss edirdim. Sovet hakimiyyəti illərində Bakıda yaşayan uşaqların rus bölməsində oxumayanları da rus dilində danışırdı. Təmasda olduqları erməni, rus uşaqların dili onlara maraqlı göründüyündən onlar kimi danışmağa, onlara oxşamağa çalışırdılar. Valideynin özündə də təəssübkeşlik olmadığı üçün öz dilinə sevgi aşılamırdılar. Rus dili sürətlə yayılıb. Bir yandan da rus məktəblərinin təsiri ana dilini ölümcül etmişdi. Həmin təsir sadə vətəndaşlar arasında bu gün də türk, ingilis dillərinə qarşı duyulur. Azərbaycan dilinin harda itib-batması əksəriyyətin vecinə deyil.
– Biz beləyik də…
Eyni vaxtda dərindən köks ötürdük. Ardından dilləndim:
– Demək, rus dilini azərbaycanlı uşaqlardan öyrənmisiniz.
– Belə çıxır.
– Küçədə öyrənilən dilin gücü necə oldusa hələ də bu təsirdən çıxa bilmirik. Azərbaycanlı uşaqların valideynləri öz dillərini evlərindən qovub küçəyə atırlar, ruslar isə dillərini özləri ilə hər yerə aparırlar.
– Ona görə dilləri uzundur. – kinayə ilə əlavə etdim.
Söhbətimiz davam edir.
– Rusiyada yaşamısınız?
– Bir müddət. Özümüzünkülərin ana dilinə ögey münasibətini orda da gördüm. Bizimkilərdən biri azərbaycan dilində danışanda rus ona: – normal dildə danış anlayım. – dedi. Hamı başladı “anormal” dili, yəni ana dilini qoyub rusca danışmağa. Gürcülər Rusiyada bir-birləri ilə öz dillərində danışsa da, azərbaycanlılar əmməlli-başlı ruscaya keçdilər.
– Bu sosial-iqtisadi asılılıqdan yaranır. Belə məqamda rus dilini öyrənmək vacibdir, amma ümumilikdə dilə bu cür unutqan, laqeyd münasibət, bir-biri ilə yad dildə ünsiyyət qurmaq yolverilməzdir.
– Bəli. – deyərək bir qədər fasilə verib təzədən başladı: – Sonralar Azərbaycana köçəndə gördüm, hələ də Bakıda üstünlüyü rus dilinə veririlər. Məndə yaranan psixoloji travma – “normal dildə danış” əmri ana dilimə qarşı diqqət oyatmışdı. Ondan sonra təbliğata başladım ki, ay adamlar, öz dilinizi sevin, başqalarına da sevdirin. Rus bu dilə “anormal dil” deyir. Rus dilini Bakıdan gedəndən bilirdim. Onda ana dilinə belə diqqətlə yanaşmırdım. Rusların münasibəti o vaxt mənə təsirini göstərdi. Azərbaycana qayıdandan sonra hər yerdə bu məsələni qabartdım ki, öz dilimizi biz də ruslar, gürcülər kimi sevək.
Bu məqamda Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərindən aşağıdakı fikirləri xatırladım:
“… Türk hilalının parladığı üfiqlərə şimal buludları gəldi: İran aslanı gəzən dağlara Moskva qartalı qondu. Şimal Azərbaycan rus idarəsinə keçdi. Rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar”.
Müsahibimə də rusların xeyri ana dilinə qarşı həssaslıq oyatmaqlarında olub.