- Köşə

Pərvanə BAYRAMQIZI. Külə şükür oxuyanlar

Qarabağdan yazmaq onun uğrunda ölməkdən çətindir. Sadə, amma böyük ger­çəyi əks etdirən fikir olduğundan, mənə elə gəlir ki, hamı bu cür düşünür. Bəlkə, başqasından da eşitmisiniz. Elədirsə, plagiat saymayın, beynimdən oğurlamışam. Ölmək ona görə asandır ki, can sənindir, əzizinə fəda edib onu yaşadırsan, söz isə xalqındır, onu elə işlətməlisən ki, elə deyildiyi tarixdə də yoxa çıxmasın. Vətən üçün canından keçən adamın nəşi nə qədər dəyərlidirsə, Vətən mövzusunda zəif yazılan yazı da o qədər əhəmiyyətsizdir. Bu cür yazılar ölü doğulan uşaq kimidir. Ağrısını da ana çəkir, yoxluğunu da təkcə özü hiss edir. Əbədi diri olan mətn olmayacaqsa, yazılmasa, yaxşıdır.

Talanan yurd haqqında yaxşı yazmaq üçün oralara getməli, ermənilərin vəhşi olduqlarını sübut edən izlərə baxmalı, çoxlu faktlar toplayıb o ağrını canında hiss etməli, müşahidələrini təfəkkürünə qatmalısan. Viran qoyulan obalardan çəkilən videolar, fotolar yetərincədir. Tarixə bələd olmaq, qazilərlə danışmaq, şəhid ailələri ilə görüşmək bədii əsər yaratmağa istiqamət olsa da, təəssüratın diri deyilsə, mətnin şax dayana bilməyəcək, D vitamini zəif olan orqanizm kimi yan-yörəyə əyiləcək. Məncə, səngər görməyənin səngərdən yazmağı inandırıcı çıxmaz. Buna görə də bö­yük həcmdə əsər yazmağa cürət etmirəm. Şedevr olmayacaqsa, bəsit yazılarla ədə­biyyat yaratmaq yalnız onu korlamağa xidmət edir.

Mir Şahin ədəbiyyat adamlarının yuxusuna haram qatdı. “Tək-tək ayılanlar”ın da üstünə sanki bir qab neft tökdü. İlk cavabı Fərid Hüseyn yazandan sonra dal­badal “atəş səsləri” eşidilməyə başladı. O buna atmaca atır, bu ona tikan batırır, biri qaxı qaxır, biri söyür və s.. Bir-birimizə nə qədər qəzəbli imişik. Kin-küdurətimizi tökməyə himə bəndik. İlahi, bu məmləkətdə ziyalılar niyə bir-birinə bu qədər əks mövqedədirlər? Bu qədər enerji varsa, niyə yazılarına sərf etmirlər? Fərid Hüseynin təqdim etdiyi siyahıya baxanda Mir Şahin haqsız görünür, tərcüməçi rəyini oxu­yanda isə – tərcümə etmişəm bir neçəsini, məzmunsuz söz yığımıdır (rəyini sildiyini gördüm deyə adını mətndən çıxartdım) – həmin siyahı gözdən düşür. Bir insanın bütün yazıları oxumaq imkanı, təbii ki, məhduddur. Yazılanların hamısının haqqında fikir bildirmək olmur. Mir Şahini kolxoz planına oxşar tələb irəli sür­məkdə qınayan Şərif Ağayar ağır müharibə illərindən gözəl əsərlər yazıb. Ən çox onun yazdıqlarını oxumuşam. Jurnalistin dediyi məzmunda yazmayıbsa, məncə, bəlli bir səbəb var…

Hər kəs yurdunun tarixini, uzun illərin ağrısını, sonda qələbənin sevincini ifadə edən mətn yaza bilər. Ürəyə bağlı “vəzifədir”, burada adama qrafik verilmir. Yazıb-yazmamaq könül işidir. Amma Mir Şahinlik olmasın, adam hərdən özünü danlayır ki, niyə bizim ədəbiyyatda da xarici ədəbiyyatda (bütün sənət sahələrində) olduğu kimi, müharibə, qələbə mövzusunda şedevr əsərlər yoxdur? Sifarişlə yazmayaq, özümüzü danlayaq ki, ay ürəyim, ay ilhamım, niyə bu səndə alınmır? Jurnalistin sözünü qəribliyə salmayaq, haqlıdır. Siz də bilirsiniz, nə demək istəyir, amma tən­qid edirsiniz. Mir Şahinin qələbəmiz üçün şedevr əsər istəməsi çoxunun Qərb ədə­biyyatındakı dahilərdən nümunələr gətirib, onlara oxşamaq istəyi kimi bir hissdir.

Müharibə mövzusunda bir-iki hekayə, Qarabağ mövzusunda məqalələr, köşə­lər, xeyli sayda kiçik statuslar yazmışam. Mir Şahinin nəzərində tutduğu mənada isə öz payıma deyim ki, arzuladığım şərait olmadığından bu mövzuda böyük əsər yazmağa ürək eləmirəm. Oxucunu peşman eləməkdən qorxuram.

Yaxşı yazıçıyam, deyə bilmərəm, amma əla oxucuyam. Tərifləmək olmasın, elə gözəl əsərlər oxuyuram ki. Şeirə qarşı da çox həssasam. Əsl poeziya nümunəsinə rast gələndə duyğularımı paylaşıb həmin şeiri təbliğ etməsəm, bağrım partlayar. Tam məsuliyyətlə deyirəm, Ayaz Arabaçının müharibə boyunca yazdığı şeirlər marş üçün çox yararlıdır. Qələbə ruhlu həmin şeirləri həmişə təbliğ edirəm. Sanballı musiqi bəstələyən olsa, “Den Pobedı”dan geri qalmaz.

Qolumuzun qüvvəti, dizimizin dirənci,
Kişiliyə, qeyrətə, namusa məhvər ordu.
Ümidləri günəştək qar altından oyadan,
Bir qom bənövşə kimi təzə ordu, tər ordu.

Ürəyim gedən yerə həmişə tək getmişəm..
Nə səndən qırıq qalıb, nə sənə şəkk etmişəm,
Adını ürəyimin başına həkk etmişəm,
Sən bir qalib ordusan, sən bir müzəffər ordu.

Can qurban etməzmiyəm, hayqırtına, səsinə?
Səsimi duydurmusan dünyanın hər kəsinə,
Hamının gözü çıxıb heyrətdən kəlləsinə,
Misilsizdi çaldığın bu böyük zəfər, ordu!

Gör necə vüqarlısan zirvələrin qaşında,
Hər oğlu bir Babəkim dəbilqəsi başında.
Tanrı özü dayaqdı sənə haqq savaşında,
Səni yenə bilərmi şeytan ordu, şər ordu?

Sənin belə hirsini, qeyzini gözləmirdim,
Dronların səmada feyzini gözləmirdim.
Açığı mən bu qədər tezini gözləmirdim.
Göstərdin necə olur yağıya məşhər, ordu.

Sən bu gün hər nəzmdə, sən bu gün hər nəsrdə,
Qalmaz daha bir arzum, qalmaz daha kəsrdə
Bir onu bilirəm ki, bu möhtəşəm əsrdə
Sənə bənzəmək istər cəsarətdə hər ordu.

Bəstəkarını gözləyir…

Ağdam işğaldan azad ediləndən sonra Qulu Ağsəs “Ağdam” şeirini yazdı. Necə sevildisə, az qala, hər gün hamı bu şeiri söylədi. Şeiri ilk oxuduğum vaxtlarda təəssüratımı beş-altı cümlə ilə bildirmişdim. Hər dəfə yenidən oxuyanda yenə nəsə yazmaq istəsəm də, tənbəllik edirdim. Mir Şahinin çıxışı mənim kimi tənbəl adama da təsir göstərdi. “Ağdam” şeiri təkcə bir şəhərə yazılmış şeir deyil, bütövlükdə Azərbaycanın obrazıdır. Zaman-zaman Azərbaycan kimi böyük coğrafi ərazi yandırılıb, yerində bir ovuc külü qalıb. O külü üfürüb yenidən alovlandırıblar. Şimala, Cənuba bölünüb, yenə dirçəliş tapıb Azər­baycan Demokratik Cümhuriyyəti olub. Onu da kül edib Sovet Azərbaycanı düzəl­diblər. Alışdırıb söndürənlərə od-alov olmuşuq. Şair buna görə yurdunun külünə şükür oxuyur. Yurdun külünə qovuşduq. Bu da yenidən Odlar yurdu olmaq de­məkdir.

“Şükür külünə” – vüsal qoxulu bu ifadə otuz illik həsrətin yanğısını göstərir. Ağdamla – Qarabağla bərabər kül olan, həsrətdən qovrulan ürəklərin sonda bircə damla suya şükür oxumasıdır bu.

Qələbədən sonra yazılan əsərlər içərisində mənim üçün ən dəyərlisi bu şeirdir. Burada “yaranandan üzü bəri” Ağdamın – Azərbaycanın yası da, toyu da, işğaldan sonra dərdimiz üzərində siyasət meydanında ATƏT-in Minsk qrupunun qurduğu oyun da var:

Dünyanı bazara çıxaran,
dünya bazarında satılan –
şəhərim!

1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən üzü bəri bizə boşuna ümid verən qrup…

“Heyətlər təzələnir, bir şey görünmür hələ”. (Qabil)

Ağdam rayonunun işğalı 853-cü qətnamədə pislənildisə də, otuz il ərzində ora­nın xarabalığa çevrilməsinə göz yumuldu. Xan qızı Natəvanın məzarının dağıdıl­ması heç kəsin vecinə olmadı. Bunu əslən Azərbaycandan olan fransız fotoqraf Rza Diqqətinin çəkdiyi fotolardan bildik. Yuxarı başa keçirib çörək verdiyi kafir yağma­ladı Azərbaycanı – Qarabağı – Ağdamı. “Bir balaca boyu, dam dolusu toyu” olan bu şeirdə gedilən istiqamət – Uzundərə, çatılacaq son məkan, uğrunda ölünən son mənzil – Qarabağ – Ağdam var. Əlbəttə, sevincdən ağlımız çaşar, otuz ilin həsrətini qırx dörd günə sonlandırmaq olar? Olarmış. Oldu. Üç min şəhidlə olarmış, qazilər­lə, itkinlərlə hər şey etmək olarmış.

Qələbədən sonra yazılan əsərlərin hamısını oxumamışam. Bəlkə, yaxşıları da var, amma bu 80 sözdən (“da” ədatını da nəzərə alanda) ibarət olan şeirdə hər şeyi gördüm. “Sən dar gündə Şuşaya arxa oldun…” Ayrıca Şuşanın taleyi, Xocalıda qət­lə yetirilənlərin doğrulmayan ümidləri söz-söz yaşayır, göz yaşı kimi süzülür mis­ralardan. Şeir də, şeir üçün yazılan fkirlər də təkcə Ağdamın halına yanmaq deyil, həmin bölgələrin hər birində törədilən faciələri oxşamaqdır. Şeirdə tarix yoxdur, amma hər misra adamı tarixə qaytarır, 1988-ci ildən bəri Qarabağda baş verənləri vərəqləməyə sövq edir. Burada elə kövrək hisslər var ki, gərək duyasan. Böyük acı, böyük sevinc şair ruhundan sıçrayıb oxucu qəlbinə dolur. Acının sevinclə sona yetməsi, viran qalmış yurdun quruca daşı, torpağı da insan ömründən qiymətlidir. Yoxsa uğrunda niyə ölürdülər?

“Sən öl”ü, “sağ ol”u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan –
şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!

“Adam şəhərim” – ifadə mənə doğmadır. Mənim də “Adam Azərbaycan” san­dığım şairlər var – Almas İldırım mənim üçün Azərbaycandır. Bir də Yaqub Zuruf­çu. Yurda sevgisini isbatlamış adamlar. Adamın dili adamı ilə uzun çıxır. Adamı­mız çox olsun. Özümüz də Adam olaq.

Millət var, var olmaq üçün gözə kül üfürür, millət də var, kül ola-ola var olur. Bəxtimizə külə şükür oxumaq düşsə də, varıq!

“İlahi, nə etsən, sən mənə elə”, İlahi heç bir vətəndaşa yandırılmış Vətəninin külünə şükür oxumağı qismət eləmə.