İki ili az müddət bilməyin, iyirmi dörd aya dünyaya yeni insan gəlir, dili söz tutmağa başlayır. Kiminin də cəza müddəti olur, çəkib bitirir. Bu müddət ərzində Cümhuriyyət də qurulub.
Bəşəriyyətin də ikiillik cəza müddətində başına gəlməyən qalmadı. Elə gözəl insanlar dünyasını dəyişdi ki, koronavirusa lənət oxuduq. İşsizlikdən əziyyət çəkənlərə yardım edə bilmədik, necə dolandılar, balalarını necə böyütdülər, xəbərimiz olmadı.
2020-ci ilin aprel ayından öyrəşmədiyimiz həyat tərzinə alışmağa başladıq. Deyinə-deyinə günləri ötürdük. Əllərini pandemiya dövründən əvvəl də yuyanlar üçün fərqli bir şey olmasa da çox adam virusun qorxusundan hər gün sabunla əl yumağa başladı. Bir qisim də sabun almağa pul tapmadı. “Evdə qal” sloqanı tüğyan elədi. Sosial şəbəkələrdə şəbədənin biri bir qəpikdən paylaşıldı. Elə mən də az yazmadım. Gah hekayə, gah təhrif şeirləri, gah da hirs, təəssüf qarışıq xeyli status yazdım. Mayın birindən maska ləğv olur deyirlər. Bu münasibətlə maskayla bağlı bəzi paylaşımlarımı xroniki ardıcıllıqla təzədən nəzərinizə çatdırıram. Bu bir növ maskalı dövrümüzün hesabatıdır.
Xatırlayırsınızsa, sms icazə yeni tətbiq ediləndə maska tapılmırdı. Onda yazıb soruşmuşdum ki, görəsən, maska apteklərə qəsdən verilmir ya apteklər qəsdən maska satırmırlar?
Bir paylaşımımda da statusa baxmağa gələnlərə rəy bölümündə qələbəlik olduğundan maska taxmağı tövsiyyə etmişdim.
Ağzını geniş açıb nərildəyən şir şəkliylə maskalı şəklimi paylaşıb əsnəməyi nəzərdə tutaraq yazmışdım ki maska bizi belə bir ədəbsizlikdən xilas edib.
Növbəti günün təhrif şeirləri:
Karantin günündə maska ağzımda
Yadıma bir neçə bəd dua düşdü.
Nə işi varıydı təhsilin Zumda?
Bütün şagirdlərin qiyməti “üşdü”.
Cərimə kasıba dəyən dəyənək,
ÜST-ün, TƏBİB-in nəyini bəyənək?
Sms yazmaqdan barmaq döyənək
Ömür karantində quş kimi uşdu.
Getdikcə maskaya alışırdıq. Ona görə də statusun səpkisi dəyişirdi:
Maskaya elə öyrəşmişəm ki az qalıram yorğan kimi başımacan çəkim. Evə gələndə də çıxarmağı unuduram. O olmayanda üzümdə nəyinsə çatmadığını hiss edirəm. Alışdıq artıq.
Adamlar işsizlikdən gileylənməyə başlamışdılar: əvvəllər cibimizdə qəpik-quruş olardı indi əlimizi hansı cibimizə salırıqsa maska çıxır. Ta arvad da ciblərimizi yoxlamır.
Bir zamanlar “rədd olsun çadra” indi də “rədd olsun maska”. Hər dövrdə canımızı xilas etməyə çalışdığımız problem olur, daha doğrusu olmalıdır. Yəni “malı”nı özləri edirlər.
Nə başınızı ağrıdım, maska, karantin mövzusunda paylaşımlarım çox olsa da, toplamağa həvəsim yoxdur. Yadımda qalanları nəzərinizə çatdırdım.
Sonda isə 2021-ci ilin iyun ayında yazdığım statusu qeyd edirəm:
Maska mənimdirsə əgər, çıxartmıram əl çəkin.
Hə, mayın birində maskamı çıxarmayacam. Çünki avtobuslar ağzınacan dolu olur. Sərnişinlər çox yaxın dayanırlar. Maskanın yeri var. TƏBİB indi də maska çıxarmayanları cərimələsin.