Əlimi saxlamasam mətnə üçüncü başlıq da qoyacam. Yaxşısı budur, onu növbəti abzasda oxuyasınız.
“Bir suala on cavab”. Ya da “oxucuya hesabat”.
(“On” rəqəmi şərtidir.)
Sual: “Şair yaşamadığı hissləri necə qələmə alıb özü yaşayırmışkimi təqdim edə bilər?”
Məndən başqa hamı cavab verib. Elə yerindəcə – statusun rəy bölümündə.
Hövsələniz olsa, mətnin axırında oxuyarsınız. Olmasa da bəribaşdan həmin hissəni gözdən keçirin ki, söhbətin məğzi sizə aydın olsun.
Yazmağa ilk dəfə şeirlə başlamışam. Üçüncü sinifdə oxuyanda şeir, dördüncü sinifdə isə hekayə yazmışam. Hər ikisini də atama həsr etmişdim.
İlk kitabım da şeirlərdən ibarət olub. Həvəslə yazırdım. Hamının sevincini, kədərini duyub şeirə çevirə bilirdim. Qızlar, oğlanlar öz sevgilərini ifadə edib şeir istəyəndə çətinlik çəkmədən onların dilindən “poeziya nümunəsi” “düzəldirdim”. Yoldaşı rəhmətə gedən qadın məndən ayrılıq mövzusunda şeir istəyəndə ağrı ilə elə şeir yazmışdım, oxuyanlar bu yaşda ölümdən, ayrılıqdan yazmağımı irad tutdular. Özümə aid olduğunu düşünmüşdülər. Ailə qurmayan qırx yaşlı qohumum bir dəfə zarafatla dedi ki, mənim dilimdən hansısa qıza xitabən “ay qismətim, niyə gecikirsən, gəl çıx daha” mövzulu şeir yaz. Həmin gün şeiri yazıb özünə oxudum. O şeiri kim oxudusa, elə bildi müəllif kişi xeylağıdır.
Hərdən ağlımdan keçirdi, gör mənim nakam eşqim olsaydı necə kədərli şeirlər yazardım. (gülürəm)
Beləcə xeyli şeir topladım. Əksəriyyətini 18-25 yaş arasında yazmışam. Getdikcə hiss etdim ki, şeir yazmaq məndə bacarıqdır, şairlik yanğım yoxdur. Həm də nə qədər olar ee, başqasının eşqinə qafiyə tapmaq? (Gördünüz, əsl şair olsaydım, buna başqa cür yanaşardım. Bir də… özümdən yazsaydım, ardı davam edərdi.)
Vaxt ötdükcə, çoxlu şeir kitabları oxuduqca gözəl şeirləri fərqləndirməyi öyrəndim. Duydum ki, nəsrdə özümü daha dərindən ifadə edirəm. Şeir yazmağı buraxmağı qərara aldım. Bəzən şair kimi təqdim edirlər, razılaşmıram.
Şairlər, qiraətçilər iyirmi il qabaq yazdığım şeirləri səsləndirəndə dinləyib düşünürəm: adam başqalarının qəlbini duyub hisslərini özününküləşdirəndə doğmalıq yaranır. Ona görə yazıçılar, şairlər insanlara ən əziz adamları kimi görünürlər.
Çoxu elə bilir, öz hisslərimdən, öz həyatımdan yazmışam. Oxuduğu hekayənin həqiqətən baş verib-verməməsi, sevgi şeirlərini şairin kimə yazması oxucuya həmişə maraqlı görünür. Həmin illərdə yazdığım şeirlərə görə hələ də oxuculara hesabat verir, nəyisə izah edirəm.
Zahir Əhmədov adlı feysbuk dostumuza bu mövzu o qədər maraqlıdır ki, bunun üçün polemika açıb dostlarından (əksəriyyəti tanınmışlardır) soruşub:
– Şair yaşamadığı hissləri necə qələmə alıb özü yaşayırmışkimi təqdim edə bilər? Dostluğumda bir şairə dedi ki, o bunu edib, amma təsəvvür etməyə çətinlik çəkirəm.
Status profilimdə görünsə də rəy bildirmədim, çünki bu mövzuda Zahir bəylə dialoqumuz olmuşdu, ikimiz də bir-birimizin fikirlərinə bələd idik. Mənə insanların empati hisslərinin nə yerdə olması, dünyagörüşü, məsələyə münasibəti maraqlı idi. Həmin rəyləri olduğu kimi mətnə əlavə edirəm. Adlar sual doğurmasın deyə, nəzərinizə çatdırım ki, orfoqrafiya qaydalarına əməl etmişəm. İstifadəçi adları ingilis şriftləri ilə yazıldığından kimsə özünü tanımaya bilər, fikirlərsə olduğu kimi qalıb.
Könül Aydın: Mümkündür. Şairlərin digərlərindən bir fərqi də budur.
(Könül xanımın cavabı, ədəbi dünyagörüşü xoşuma gəldi.)
Gülgəz Nur: Empati qurmaqla. (Əla və doğru cavab)
Asiman Qocayev: Əlbəttə. Böyük ehtimalla. Dostoyevski də heç vaxt balta ilə heç kimi öldürməyib…Yazıçılıq kimi şairliyin də əsas gücü yaşanmamış hissləri təsvir etməkdir.
(Bu şəxs baltanı kökündən yox ee, quşu gözündən vurub)
Zaur Rzayev: Buna təxəyyül deyirlər. İncəsənət adamları ekstrapolyasiya edə bilir. Hansısa bir hadisə onların beynində zəncirvari reaksiyanı trigger edə bilir. Bu baxımdan onlar yazdıqlarını yaşayırlar, yazdıqlarına inanırlar. Məsələn, avtobusda səndən irəlidə oturan qızın dalğalı saçları onda hansısa xatirələri oyada bilər o xatirələr də obraza çevrilər. Əsl incəsənət simvollardır, işarələrdir, fiziki hadisənin təsviri yox.
Şəhla Əliquluyeva: Şairləri bilmirəm, ancaq aktyorlar bunu həmişə edirlər. Məsələn, autizmli insanı oynamalıdırsa, gedir autizmli insanlarla bir neçə ay ünsiyyətdə olur.
İlqar Hüseynli: Şairlərin təxəyyülü buna imkan verir.
Aida Adıgözəl: Sözü və başqasını hiss etmək ruh aləmidir. Mamam sağdır, amma mən onun ölümünə şeir yazmışam. Təxəyyül göz önünə gətirmə və bunu sözlə ifadə etmək, başqa izahsız aləmdir. (P.S. fikir aydın deyil) Buna ironik yanaşmaq olmaz…
Pərvanə İsgəndərova: Yaza bilər, amma o hissi yaşadıqdan sonra qələmə alarsa, daha möhtəşəm sənət əsəri yarada bilər.
Əfqan Əsədov: Adam şairliyə peşə kimi yanaşırsa, niyə də olmasın?
Hüseyn Red İsmayılbəyli: Fantast şair.
Aygül Mehman: Bir hadisəni, hissi, duyğunu yaşayanda yazmağa vaxt olmaz, yazanda da yaşamağa. O yazanlardandır.
Nicat Əmiraslanlı: İncəsənət bir balaca şizofrenik momentlərlə müşayiət olunan fenomendir. Məncə, çox realdır.
Xəyalə Əliyeva: Məncə mümkündür, şairlərin xəyal gücü xəstəlik dərəcəsində ola bilər. Şair tanıyıram çox gözəl şeirləri var, ancaq tüfeyli həyat sürür, yazdığı ilə yaşadığı fərqlidir ailəsində yoldaşını və övladlarını döyür, incidir.
Arzu Əsəd: Olar amma şeir olmaz, qafiyəli, hecalı bir nəzm parçası olar. Şeirin şeir olması üçün məhz elə o yaşantı olmalıdır. Həm də ola bilsin ki, qadın olduğuna görə məhəllə basqısından dedi-qodudan çəkinib, abır-həya edib ifadə etdiyi hissi yaşantıların ona aid olmadığını bilərəkdən deyir.
(Coğrafi ərazi, sosial mühit baxımından ağlabatan rəydir. Mümkün ola bilər, amma mənim şeirlərimə aid deyil.)
Qurban Hüseynov: Məntiq var. Bir çox şair, məsələn, cənnət-cəhənnəmi vəsf edir. Deyir, şərab kimi bulaqlardan, al yanaqlı hurilərdən, əbədi həyatdan necə vaz keçim? Bu tip şairlər belə çıxır ki, ölüb-dirilib?
Görəsən, mövzunu müzakirəyə çıxaran dost insanların yanaşması ilə razılaşdımı? Məncə, burda sual doğurası vacib məqam yox idi, bir balaca yazı-pozu ilə məşğul olan, ədəbi dünyagörüşə malik, ədəbiyyatla maraqlanan, çoxlu bədii əsər oxuyan adamlar rəy bölümündə yazılanları qəbul edirlər.
Son abzas – köhnə mətnimdən kiçik hissə:
“Bəzən yazdığım şeirlərə görə məni sorğu-suala tutanlara Salam Qədirzadənin əsərlərini nümunə göstərib deyirəm: – yazıçı təkcə özündən yazmır. Yazdıqlarına baxın, qəhrəmanları qadınlardır. Görün qadının hissləri, qadının dili ilə necə gözəl danışır. Müəllifin kişi olduğunu təsəvvür edə bilmirsən. Bəyəm hər yazılan əsəri yazıçı özü yaşayır? Ona şairin, nasirin ömrü yetər?”