- Dil, Manşet

Pərvanə BAYRAMQIZI. Minalanmış dilin xəritəsi

Səhhətiniz necədir, Seyran müəllim?

— Şikayətim yoxdur.

— Çox gözəl. Təki olmasın.

— İki səbəbdən şikayət etmirəm; birinci şikayətim yoxdur, ikinci də şikayətə baxan yoxdur.

Bir qədər sonra üzündəki xoş ifadə çəkilmişdi. Xalq dilində desək, od püskürürdü. Mövzu ana dili olunca Seyran Səxavətin şikayəti də olur, tələbi də. Bu gün Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkil etdiyi tədbirdə iştirak edənlər  şahiddirlər: Seyran müəllim ana dili mövzusunda heç kəsə güzəşt etmədi. Əflatun Amaşovun çıxışını sonacan dinləməyə səbri çatmayıb dik atıldı. Könlündən keçəni açıq söyləmək xüsusiyyətinə sadiqliyi ilə seçilən yazıçıya baxdıqca fikir bildirən insan əvəzinə çıtır-çıtır yanan ocaq görürdüm. Kiməsə xoş gəlməyə çalışmadı. Mənəvi borcu, dilə sevgisi onu sərt olmağa məcbur etdi. Haqlıdır. Ana dilinə sevgisi təqdirediləndir. Elə gözəl, vacib məqamları qeyd etdi ki, o fikirlərə əvvəldən bələd olduğumdan həmin ifadələri mən də yerimdən söyləyirdim. “İndi filan sözü işlədəcək” dedikcə həmin fikri eşidirdik. Keçən il müsahibə alanda çoxunu danışmışdı. Budəfəki çıxışında konkretliklə yanaşı yazıçılığına salıb problemi diqqətə daha da ağrılı çatdırdı: “ermənilər torpaqlarımızı minalayıb çıxıblar. Həmin ərazilərdən istifadə edə bilmirik. Televiziya kanallarındakı aparıcılar da ana dilimizi bu cür minalayıblar. Monitorinq Mərkəzinin nəşr etdirdiyi kitab minalanmış dilimizin xəritəsidir. Ondan istifadə etməklə minaları zərərsizləşdirə bilərik”. Əgər Seyran Səxavət Azərbaycan dilini korlayanların adlarını açıq deyir, bu işdə məsul olan kəslərə fikrini qəti şəkildə bildirir, sərt şəkildə tələb irəli sürüsə mənim də vicadanım yol vermir ki, onun ana dili təəssübkeşliyinə laqeyd qalım. Bu sevgini gənc nəsilə aşılamaq gərəkdir. Seyran müəllimdən nümunə götürməliyik.

Əflatun Amaşovun Seyran Səxavəti səbirlə dinləməyi, sərt olmasına baxmayaraq ona təşəkkür etməyi diqqətdən yayına bilməzdi.

Çıxış edənlər çox oldu. Mərkəzin direktoru professor Sevinc Əliyeva qonaqlara söz demək üçün vaxtı səxavətlə təyin edirdi. İşinin peşəkarı, sanballı adamlar bir-birindən vacib məqamlara toxunurdular. Hamının ürəyi dolu idi. Qulu Məhərrəmlidən danışmağa dəyməz. (Deyəsən, izləyici cəlb etmək üçün fikrin sətiraltı mənasını qabardan jurnalistlərlə aparıcıların üslubuna keçdim) Qulu müəllim nə vaxt yersiz danışıb ki? Səlahiyyətim olsaydı onu hər gün efirə dəvət edərdim ki, çıxışı ilə çoxuna dərs keçmiş olsun.

Rafiq Həşimovun nitqinə, səsinə heyran qalmamaq mümkün deyildi. Nailə İslamzadə hər dəfə efirə necə məsuliyyətlə çıxdığından danışanda adam indiki aparıcılardan əməlli-başlı inciyir. Niyə inciməyək, millətə yazıqları gəlmir. Elə bil ana dilini korlamaq üçün yarış təşkil ediblər.

Dilçilik institutunun əməkdaşları və digər iştirakçıların hamısının çıxışı mükəmməl idi.

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin üzvü  kimi məndə də mövzu qıtlığı yox idi. Mərkəzin təsisçisi Vasif Sadıqlının ortaya qoyduğu faktlardan, gördüyü işlərdən, icraçı direktor Gülyaz Əliyevanın, üzvlərin iki il ərzində  yazdıqlarından, xaricdə yaşayan soydaşlarımızdan aldıqları müsahibələrdən  çox danışmaq olardı. Təəssüf ki, iş saatı tədbirdə sonacan qalmağa imkan vermirdi. “Onsuz da gördüyümüz işlər göz qabağındadır” deyib arxayınca getdim şöbəmizə. Biz daima işləyirik. Könüllü, qonorarsız. Bunu Mərkəzin bir ili tamam olanda təəssübkeş ziyalıların çoxu vurğulamışdı. Telekanallardakı vəziyyətdən, reklamların bərbadlığından, Bakının əcnəbi sözlərlə işğal olunmuş küçələrindən FADMM ailəsi həmişə yazıb, əlaqədar təşkilatlara müraciət ünvanlayıb. Seyran Səxavət demiş, Azərbaycan dili heç kəsin ata malı deyil ki, istədiyi kimi korlasın. Bu xalqın dilidir, onu özünə qaytarmalıyıq.

Yaxşı olar ki, tədbirdə səsləndirilən fikirlər yazıya köçürülüb dərc edilsin. Hər çıxışdan əla bir məqalə alınar. Aparıcıların qüsurlarından geninə-boluna danışıldı, problemlər göstərildi, təkliflər irəli sürüldü. Hər kəsdə ana dilinə sevgi, qayğı duyulurdu. Görülən işlərin müsbət nəticə verəcəyinə ümidimiz artdı.