- Köşə

Pərvanə BAYRAMQIZI. “Od-alov Sima”

“… buz kimi soyuq sətirlərin arxasındakı sazaqda od-alov Simanı necə tapacaqsan?” – Mənə göndərilən CV-nin sonunda qoyulan sual.
Yanlış anlamayın, müəssisə rəhbəri deyiləm, mənə iş üçün müraciət etməyiblər. Mətanətli bir qadının əmək fəaliyyəti ilə tanış olmaq istəyirəm, ona görə mənə özü demiş, “buz kimi soyuq sətirlər”dən ibarət olan CV göndərib. Sənədə baxıram. Bu qədər işlə məşğul olan qadın üç övladını nə vaxt böyüdüb? (1969-cu ildə ailə həyatı quran Sima xanımın bir qızı, iki oğlu var.) CV adama söyləyir ki, o, bircə il də fəaliyyətsiz qalmayıb. CV göstərir ki… yox, fikrimi hələlik saxlayıram. Əvvəldən başlayaq. Sima Cəfərovanın anadan olduğu ildən.

1945-ci il… Müharibədən danışmıram. Həmin ildə Gədəbəyin Düz Rəsullu kəndində anadan olan bizim Sima xanımın ömür yollarına yolçu olmaq istəyirəm. Kim bilir, o ildə İslam müəllimin qonşularında neçə ailədə müharibənin vurduğu ağır zərbələrdən üzü gülməyən adamlar varmış… amma yəqin ki, oğlundan qara kağız almış atalar ona yeni doğulan körpəsinə görə gözaydınlığı veriblər. Eşitdiyimə görə keçmişdə atalar daha çox oğlan uşaqlarına üstünlük veriblər. CV isə mənə İslam müəllimin qız övladına oğuldan fərqli baxmadığını sübut etməyə çalışır. Biz doğulan qız övladının təhsil dalınca getməyindən, işlədiyi dövlət müəssisələrinin siyahısından bilirik ki, atası qızının gələcəyindən narahat olub və gələcəkdə qızının da narahatlığı olmasın deyə təhsil almasına şərait yaradıb. Düz Rəsullu kənd orta məktəbinin birinci sinfinə 1952-ci ildə qədəm qoyan balaca Sima 1963-cü ildə Çay Rəsullu məktəbini bitirən gənc qıza dönür. Yəqin ki, sonralar o, həmyerliləri ssenari müəllifi, kino redaktoru, “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nahid Hacızadə, Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının xarici həqiqi üzvü İzzət Rüstəmov, Kimya elmləri namizədi Samir Abbasov, İqtisad elmləri namizədi Kamil Abdullayev və siyahının uzana biləcəyinə səbəb olan digər elm və ədəbiyyat adamlarının cəmiyyətdə mövqeyindən nümunə götürüb özü də vətənin gərəkli övladına çevrilməyə çalışıb. 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olan gənc Simanın necə tələbə olduğunu təsəvvür etmək çətin deyil. Çalışqanlığına, yaxşı oxumağına əmin olduğumuz qədər onun şən, şux, ümid və inamlı olmasından da arxayınıq.

Bu gün səksən yaşlı əsl Azərbaycan qadını səhhətindəki narahatlığa güc gələrək iş başındadırsa, cəmiyyətin problemlərinə laqeyd qalmırsa, onu narahat edən mövzulardan yazırsa, demək, gənclik və tələbəlik illərində bundan daha çevik olub. Sima xanım hazırkı fəaliyyəti ilə səksən rəqəminə meydan oxuyur, digər qadınlara, gənc qızlara gözəl nümunə olur. İnstitutu 1967-ci ildə bitirib. Həmin ildə Göyçay rayonunun İnçə kəndində müəllimlik fəaliyyətinə başlayıb. İstiqamətini burdan götürən Sima Cəfərova sonralar nələr etməyib? Sənədə göz gəzdirirəm. İnformasiya doludur, maraqlı əmək fəaliyyəti var. Əslində, mən bunları bilirəm, özünün söhbətlərindən dinlədiyim məlumatları CV-dən oxumağımın səbəbi yalnız rəqəmlərdir, yəni illərin ardıcıllığı. Onlara baxmaq üçün istəmişəm, yoxsa uzun illərdir tanıdığım nümunəvi xanımın gördüyü işlər üçün hansısa sənədə göz atmağa ehtiyac qalmazdı. Gərək nankorluq etməyib sənədin bir köməyini də etiraf edim: CV-yə baxanadək onun Gədəbəydə anadan olduğunu bilmirdim. 2020-ci ildən bu günə kimi canbir qəlbdə olmağımıza baxmayaraq bir dəfə də olsun hansı bölgədən gəldiyini soruşmamışam.

Nə vaxtsa hansısa söhbətindən Füzulidən olduğunu zənn etdiyim Sima xanımı Füzuliqarışıq sevmişəm. Azərbaycanın hər qarışı mənə əziz olduğundan tanışlarımın özlərindən eşitməsəm, heç birinin hansı rayondan olduğunu soruşmuram. Buna maraq göstərmirəm. Mənə vacib olan onların cəmiyyət üçün faydalı olmalarıdır. Digər tərəflərini araşdırmaq yersizdir. Göyçaydan sonra gedib Füzuliyə çıxan, orda Texniki Peşə Məktəbində müəllim olan Sima xanım beş il sonra Füzuli XDS İcraiyyə Komitəsinin katibi olub. Belə çevik qadının bir yerdə qalmağını ağlımıza gətirməyək. 1990-cı ildə Xızı rayon “Dağlar yurdu” qəzetinin redaksiyasında Kənd təsərrüfat şöbəsinin müdiri işləyir. Sonrakı illərdə gördüyü işləri, çalışdığı təşkilatları sıraya düzməyəcəm, mətn uzun olacaq, oxucular tənbəllik edəcəklər. Hazırkı işini qeyd edib onun özündən eşitdiyim bir-iki xatirəsini, bir də onu hazırda necə gördüyümü yazacam.

Sima xanım 2012-ci ildən indiyədək Bakı Avrasiya Universitetinin kitabxanasının müdiridir. Kitabları necə sevdiyini görəsiniz. Bəzən şəxsi kitabxanasından əlinə yığıb bizə hədiyyə kitablar da gətirir.
Onun elmi-pedaqoji məqalələri, hekayə və esseləri, bir neçə bədii əsərə yazdığı ön sözlə də tanışıq. Yazıları “Azərbaycan müəllimi”, Göyçay “Yeni həyat”, Füzuli “Araz”, “Örnək”, Sumqayıt “Sosialist Sumqayıtı”, “Məslək” qəzetlərində dərc edilib.
Son illər yazdıqlarını isə Kamilinfo saytından oxuyuruq.

Əvvəllər tez-tez görüşürdük. Hər görüşdə onun dağ kimi dayandığını görürdüm. Onda Gədəbəyin dağlarının əzəməti duyurlur. Sözü-söhbəti ağayanadır. Fikrini bir dəfə deyir, özü də qətiyyətlə. Xanım-xatın yazmıram, çünki illərdir hər cür məsuliyyətli işdə təcrübə qazanması onu artıq bir qoşunun qarşısında dayana biləcək qədər mətin, dözümlü edib, amma qadına məxsus gözəl keyfiyyətləri canından kənara bir addım da atmağa qoymayıb. Hərdən təmkininə, ədəb-ərkanına diqqət yetirəndə özünün söylədiyi əhvalatı xatırlayıram. Anası ona uşaq vaxtı necə dərs veribsə, hələ də tərbiyə qaydalarına riayət edir. Hansı dərsdən söhbət getdiyini birlikdə oxuyaq:
“Evimiz yol kənarında idi. Ümumiyyətlə, bizim kənddə evlər yola yaxın, həm də sıra ilə tikilmişdi. Relyef elə idi ki, dərənin sağ yaxasındakı evlərin həyəti ilə sol yaxasındakı evlərin həyəti sanki bir-birinə baxırdı. Adamlar da eləcə. Bu həyətdən çağırıb o taydakı həyətin adamına nəsə demək olurdu. Keçmiş zamanda danışmağıma baxmayın, (oralar indi mənim üçün keçmişdir) elə indi də elədir.

Evimiz qonaq-qaralı olardı. Evə qonaq gələn kimi atam bizdən bir-iki ev aralı yaşayan müəllimləri də çaöırardı. Yenə qonaq astanadan içəri daxil olan kimi o, dedi:
– A qızım, qaç Fərhad əminə, Nəbi müəllimə də de gəlsinlər.
Hər iki ev yolun altında bizim evin sırasında idi. 1954-55-ci il olardı, 9-10 yaşım vardı. Çıxdım yolun yaxın tərəfinə. Başladım çağırmağa:
— Ay Nəbi müəllim! Ay Nəbi müəllim!
Evimizin eyvanı yola tərəf idi. Anam eyvanda xörək hazırlayırdı. Tez əli ilə məni yanına çağırdı. Qaça-qaça gəldim. Əli saçıma çatmadı, çömçənin quyruğu ilə hörüyümün üstündən vurub dedi:
— Nəbi müəllim sənin tay-tuşundu, onu çağırırsan? Gedərsən evə, qapını döyərsən. Üzünü tutarsan Kövsər xalana, deyərsən ki, atam Nəbi müəllimi çağırır.
Böyüdüm, yaşa doldum, qocaldım bunu unutmadım. Heç vaxt heç kəsi, hətta övladlarımı belə uzaqdan, ucadan çağırmadım”.
Məncə, gözəl nümunədir.

Sima xanımın uşaqlığı, demək olar ki, ədəbiyyat adamlarının əhatəsində keçib. Bunu da onun gözəl xatirələrindən öyrənmişik. Görüşdüyümüz günlərdə aramla, ahəstə-ahəstə danışdıqlarını həmin arxayınlıqla qələmə də alıb:
“1951-ci ilin payızı idi. Birinci sinifdə oxuyurdum. Hər zamankı kimi yenə evimizdə şəhərdən gələn tanımadığım qonaqlar var idi. O vaxt əmim Gəncəbasar meşələrinin mühafizəsi və qorunması ilə məşğul olan idarənin müdiri idi. Adlı-sanlı adamlar qonaq gəlir, təbiət qoynunda gəzir, ovçuluq edir, sonra bizim evə xəngəl yeməyə gələr, gecələyib səhəri gün şəhərə qayıdardılar. İndi də cüyür ovlayıb gəlmişdilər. Anam xəngəl bişirirdi, çöldə qazanlar qaynayır, şişlər fıstıq odunlarının közündə tüstülənə-tüstülənə göz yaşı tökürdülər. Cızıltı səsi ətrafı bürümüşdü.

Qonaqlardan biri məni yanına çağırıb uzun hörüklərimə sığal çəkdi, qaldırıb dizinin üstündə oturtdu və soruşdu:
— Məktəbə gedirsənmi?
— Bəli, birincidə oxuyuram.
— Ayə, bu balaca qız əlifbanı bilir. – dedi və soruşdu, əlifba hansı hərflə başlayır?
Atam kimi heç çox da kök olmayan bu boyda kişinin əlifbanın başlandığı hərfi bilməməsinə təəccüblənib dedim:
— A!
— Bəs niyə ahərfi ilə başlandığını bilirsən? – “həə, deməli, bu kişi daha çox şeylər bilirmiş.” – deyə düşünüb üzünə baxdım.
— Bəs Azərbaycan hansı hərflə başlayır? Bəs ana hansı hərflə başlayır?
— İkisi də “a”,- dedim.
— Azərbaycan, ana “a” hərfi ilə başladığına görə əlifba da “a” hərfi ilə başlayır. Sən “A” hərfi ilə başlayan şeir bilirsənmi?
— “Azərbaycan” – bir bənd də söylədim, qulaq asanlardan biri dedi:
— A Səməd, uşağı yorma.
Bu “uşağı yorma” mənə qəribə gəldi. Axı kənddə uşaqlar yorulmurdular, hər iş üçün qaçırdılar, qoyun-quzu, toyuq-cücə, hinduşka, inək-camış, bulaqdan su gətirmək, dərs oxumaq – hələ çox işlər uşaq işi idi.
Atam çağırdı, “onlar böyük adamlardı” dedi.

S.Vurğunun “Qaldı” rədifli şeiri də həmin il o evdə cəbr dəftərinə yazılmışdı. Mənim bilmədiyim, yəni əski əlifba ilə. Atam qoşa vərəqin digər üzünə kiril hərfləri ilə həmin şeiri yazdığı o vərəqi institutu bitirəndə mənə vermişdi. İllərlə əyani vəsait kimi şagirdlərimə göstərirdim. Heyf Füzulidə kitablarımla birgə qaldı.
Sonralar hamısını adbaad tanıdım. Səməd Vurğun Qazaxda atamla bir oxumuşdu. Hüseyn Ariflə sona qədər dostluqları davam etdi (nədənsə biz ona “Hüseyn əmi” deyirdik.) Zarafatcıl Osman Sarıvəlli, ciddi görkəmli Nurəddin Rzayev, Abbas Abbasov və rayonumuzun sayılıb-seçilənlərindən Əli Rəsulov, raykom katibi Süleyman var idi (familiyasını unutmuşam ona da əmi deyirdik.)”
“Heyif… Füzulidə kitablarımıa birgə qaldı” Sən demə, o Füzuliyə gəlin köçübmüş. Qoçaqlığa baxın, Gədəbəydən Füzuliyədək toy çaldırıb. Şükür ki, həmin vaxt ona “xoşbəxt olasan” deyənlərin arzusu həyata keçib.

Sima xanımın haqqında müxtəlif vaxtlarda kiçik statuslarım olub. Məsələn, bir dəfə yazmışam, Simasını qoruyaraq yaşa dolmaq gözəldir.
Sima xanım öz simasını qoruyur, biz də öz Simamımızı qoruyaq; sevərək, əzizləyərək, tez-tez yada salaraq…

Bu günsə daha geniş yazmağı qərara aldım. İstədim, belə nümunəvi qadını tanımayanlar da tanısınlar, gənclər üçün də örnək olsun. CV-nin sonundakı, mətninsə əvvəlindəki suala cavab verirəm: Buz kimi soyuq sətirlərdən od-alov Simanı tapdım. Mən onu yüz alovun (istiqanlı xanımları nəzərdə tuturam) içində də taparam.