Bir kişi oğlu ilə kənddən Bakıya gəlir. Qohumunun evində gecələyən ata-oğul Azərbaycan televiziyasının verilişlərini izləyir. Kişi qohumundan televizoru hardan aldığını soruşanda, bildirirlər ki, Bakıdan alıblar.
– Deyirəm axı, – deyə kişi dillənir. Üzünü oğluna tərəf çevirir:
– Oğul, sabah bir yaxşı televizor alarsan.
– Televizorumuz yoxdurmu? Bir də ki, hər yer televizorla doludur, Bakıdan kəndə televizormu aparaq? – deyə oğlu etiraz edir.
– Ordan aldığımız televizor özgə dildə danışır, başa düşmürəm, Mənə Bakı televizoru lazımdır ki, içindəki adamlar öz dilimdə danışsın.
Burda təhlil ediləsi bir neçə məqam olsa da, öz mövzuma aid olan hissəni, yəni “televizorun içindəkilərin öz dilimizdə danışmaqlarını” əsas götürürəm. “Srazı” nədən danışacağımızı bildiniz.
Televiziya kanallarının aparıcılarının qüsurlu nitqləri haqqında FADMM üzvləri həmişə həyəcan təbili çalırlar. Bu mövzuda Seyran Səxavətin əhatəli və təkliflə dolu məqaləsi də hamımızın yadındadır. Ondan götürdüyüm müsahibədə dedi ki, dilimiz sürətlə korlana-korlana gedir. Məndə təxminən minlərlə faktlar var. Məqalədə də yazdığım faktların biri beş olub. Qəribədir, dillə bağlı qurum, dil komitəsi, Prezidentin xeyli sərəncamı var, yenə də vəziyyət yaxşılığa doğru getmir. İndi əməlli-başlı hərəkətə keçmək lazımdır. Televiziyalar cərimə olunsun, nəzərlərinə çatdırılsın, əgər heç nəyi veclərinə almasalar lisenziya məsələsi qaldırırlsın. Bəlkə, fayda verə. Evində uşaqlarıyla iki cümlə qurub danışa bilməyənləri televiziyaya yığıblar.
“Uşinskinin dilimizi məhv edən vəsiyyəti” adlı mətndə yazmışdım: Televizor adlı əşyaya qarşı antipatiyam olduğundan o işləyən saatlarda həmin otağa keçmirəm. Müğənni olsaydım Barış Manço kimi mən də televizor üçün oxuyardım: mövsümlər gəldi keçdi baxışmayalı. Sonuncu dəfə adam kimi (yəni divanda əyləşib) televizora baxanda çox gənc idim. Uzun illərdir ki, televiziya proqramlarından imtina etmişəm. Dərzidə, gözləmə salonlarında və s. yerlərdə məcburən izlədiyim proqramlardan dəhşətə gəlirəm. Bu illər ərzində zövq almaq üçün iki-üç nəfər sanballı ziyalımızın çıxışını izləmişəm, vəssalam. Nəhayət, son günlərin karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydalardan xəbər tutmaq üçün özümü bu “işgəncəyə məruz” qoyub, bir neçə verilişi izləməli oldum. Amma hansı məqsədlə ekrana yaxın əyləşdiyim yadımdan çıxdı. Özümü nitq polisi kimi hiss etdim. İki-üç verilişə baxmaq xeyli material toplamağıma imkan verdi. Veriliş gedə-gedə apardığım qeydlərin çoxunu indi oxuya bilmirəm. Aparıcıların nitqi kimi qarışıqdır. Onların “kələ-kötür” nitqini dinləyəndə mənə elə gəldi, necə ki, yollar ayaqlarımızı ağrıdır, eləcə də bu əyri-üyrü tələffüzdən sözlər narahat olur. Qulaqlarımız da bir yana, yazıq ana dili nələr çəkir. Son vaxtlar “bilməzsən” sözünü “bilmərsən” kimi deyənlər də artıb. Dillərinə hardan düşüb bilmirəm. Speys telekanalındakı aparıcını dinləyirəm ki, vəziyyətdən məlumatım olsun. Vaxtımın çoxu onun “xəbər verdiyim kimi”, “qeyd etdiyim kimi”, “dediyim kimi” ifadələrindən axırda hansını seçəyini gözləməyə getdi. “…ayın 20-dək fyaliyət göstərəcək” cümləsini də sonra başa düşdüm ki, “fəaliyyət” demək istəyir.
Real tv-dəki qonaqsa maska düzəltməyi öyrədirdi, bildirdi ki, bunu düzəltmək çox “hasantdır”.
Brilliant Dadaşova gül kimi xatirəsini işlətdiyi ifadə ilə İctimai kanaldakı verilişdə eybəcərləşdirdi: “Mirzə Babayev bərkdən oxuyana deyirdi ki, niyə anqırırsan?”. Aparıcı Saleh Bağırova tutacağım iradın isə onun savadına, mədəniyyətinə heç bir dəxli yoxdur. O da etiraz edib deyə bilər ki, əksər ziyalılar “Rəcəbovu – Rəcəbıv”, “Babayevi – Babaiv” kimi tələffüz edir, burda nə var ki. “Hasant” sözünü bu verilişdə də işlətdilər. Bu da onu göstərir ki, çoxumuz “asan” əvəzinə bu cür deyirik. Elə mənim yaxınlarım da. Ola bilsin mənim tələffüzümdə də bəzi qüsurlar var. Siz də mənə xəbərdarlıq edin. Beləliklə gec də olsa ana dilini qorumağa birinci özümüzdən başlamış olarıq.