Çoxluğun sırasında fərqlənən biri olur. Ətrafındakılar kimi düşünmədiyi, axının əksinə getməyi, istədiyini həyata keçirməyə çalışdığı üçün təklənir. Bu cür adama çoxluq “cızından çıxan”dan tutmuş, hər cür ifadə işlədir. Razılaşmaq, yaxud etiraz etmək üçün dərindən düşünməyə, geniş şəkildə izah etməyə ehtiyac var. Bəlkə, fərqli olan haqlıdır? İstəklərini insanları incidəcək rəftara yol vermədən həyata keçirən şəxs daxilən müstəqildir. Ruhu azad insanlar başqalarını bezdirmirlər. Özgənin həyatına maraq göstərənlər özlərini qəlibə salanlardır. Qəlibdən çıxmaq əvəzinə, azad ruhlu adamları narahat edirlər. Onlar da hamı kimi yağışdan daldalanmasalar, fərqli şəxslərtək damlaları ovcuna yığmaqdan zövq alsalar, fikirləri özgənin həyatında olmaz.
Qürurunu qoruyub mənəvi dünyanı maddiyyatın çirkabına bulaşdırmadınsa, şöhrət üçün şəxsiyyətini nəyəsə qurban vermədinsə, işinin düzəlməsi üçün kiməsə yaltaqlanmadın, yazılarının dərcindən, təqdimatının keçirilməsindən ötrü kimdənsə xahiş etmədinsə, hamıdan arxada qalacaqsan. Hər işdə səni ötüb keçən sırtıq adamların gözündə kimsəsiz görünəcəksən. Tanınmaq üçün özünü oda-suya vuranlar səni tənbəl sanacaq, düşüncəsizlərsə əsl səbəbi dərk etməyəcəklər. Bu işdə sənə dərindən bələd olanlarla paxılların qəbul etdikləri nəsnə eyni olur; hər iki tərəf bilir istedadlısan, dəyərlisən. Aralarındakı fərq ondan ibarətdir ki, biri bildiyini etiraf edib süst mövqeyinə heyifsilənir, digəri bunu heç cür dilinə gətirmir və için-için söndüyünə sevinir.
Gözdən asanca düşə bilərsən, qısa vaxt ərzində səni istəməyənlərin sayı artar, xoş üz göstərməzlər. Çalışdığın müəssisədə gözümçıxdıya salınarsan. Qohum-qonşu arasında əleyhinə danışar, səni bəyənməzlər.
Elə bilirsiniz, bütün bunlar pis adam olsan baş verər? Xeyr! Bunları qazanmaq üçün yaxşı insan olmalısan. Bəli! Dışlanmaq istəyirsənsə, əsl insan olmalısan. Ətrafındakılardan saflığınla seçilirsənsə, mənəviyyatı çirkabla dolu olanlar sənə təşəkkürmü edəcəklər?
Başqalarının uğurlarından məmnun olanda paxıllar sənə həsədmi aparacaqlar?
Xoşagəlməz hallardan söhbət açmadığına görə xəbərçilər özləri ilə sənin fərqini bilib sevinəcəklərmi?
Səhvini etiraf edəndə təkəbbürlü yalançılar varlığına şükürmü oxuyaclar?
Qabiliyyətinə bələd olanlar şəraitmi yaradacaqlar?
Xeyr! Tam əksinə edəcəklər.
Sevməyəcəklər səni. Uzaq duracaqlar. İstedadlı olduğunu bilib susacaqlar. Tərifləməyəcək, təşəkkürnamə verməyəcək, irəli çəkməyəcəklər. Çünki qorxurlar səndən. Bu qorxunu top-tüfənglə yaratmağa gərək yoxdur. Yaxşı olmağln yetər. Pislər yaxşılardan həmişə qorxublar. Yoxsa onları niyə “zərərsizləşdirsinlər” ki? Bilirər ki, şərait yaradılsa, onu ötüb keçəcən. Bilirlər ki, bacarıqlı olduğunu rəhbərliyə desələr, özləri kölgədə qalacaqlar. Bilirlər, hər şeyi bilirlər. Özü də it kimi bilirlər. (Yaxşı insanlardan ifadəmə görə üzr istəyirəm.) Əqidəcə onlara zidd olduğunu, səni plastilintək istədikləri tərəfə əyib istədikləri fiquru düzəldə bilməyəcəklərini bilirlər. Sağlam mənəviyyatın, ədalətli mövqeyinlə onlardan ucada dayandığını görürlər. Amma dinmirlər. Bu bilməklər, görməklər onları səndən uzaqlaşdırır. Ətraflarına yığıb tərəfdaş edib yaratdıqları sadiq qullara da bələd olurlar. Fərqi görürlər. Maraqlar üst-üstə düşməyəndə nə iləsə hədələnəcəkləri günü də gözləyirlər. Quyruq tapdanılan vaxtın yetişməsi qəfildən baş vermir. Günlərlə yığılan paxıllıq, təmənnalar, haqq-hesab davası axırda üzə çıxır. Aləm qarışır. Maddiyyat mənəviyyatı ayaqlarının altına alanda bir-birinə tamahkar deyir, bir-birini xain adlandırırlar. Onların axtardıqları mənəviyyatın keşiyində durub nümunə yaratdığına şad olaraq, parıltıya aldanmadığınla fəxr edərək bu dəfə sən uzaqlaşırsan. Əsl qələbə budur. Xüsusi tarixi olmayan qələbə. Onu sən qutlayırsan, amma bunu nə vaxtsa, hansı quruluşsa ləğv edə bilmir. Əksinə bəraət verir sənə. Zəhmətsiz uğurdan, qondarma zəfərdən uzaq olduğun məkandadır mənəvi dinclik. Onu bu dünyanın süni cənnətinə dəyişməyənlərə eşq olsun!
Paxıllıq necə bir hissdirsə, yadlar bir yana, bu eybəcər hissi yaxın adamlar belə bir-birinə qarşı duyurlar. Yazmağa adamın əli gəlməsə də, bəzən məcbur olduğumuz məqamlardan qaça bilmirik. Bacının bacıya, qardaşın qardaşa qarşı paxıllıq etdiyinin şahidi oluruq. Ananın qızına paxıllığından yazsam, qınayanlar, inanmayanlar, etiraz edənlər bir-bir hücuma keçərlər. Nahaq. Çox nahaq. Həyatda mümkün olmayan heç nə qalmayıb.
Müəssisələrdə hər gün seyr etdiyimiz, süjet qurub hekayəyə gətirə biləcəyimiz o qədər məqamlar var ki…
Yaxşı insanların təqdir ediləsi işlərini, seviləsi xüsusiyyətlərini qoyub mənəvi cəhətdən heç nə ilə fərqlənməyəni tərifləyirlər. Arxayındırlar. Bilirlər ki, bunun faydası olmayacaq, bundan “zərər” görməyəcəklər. Yaxşı insanlar paxılların gözlərinə həmişə təhlükə kimi görünüblər. Dürüst adamların paklığının işığında qaranlıq dünyası aydın görünənlər onlara səbəbsiz yerə kin bəsləyirlər. Yoxsul mənəviyyatından hürkən bədniyabətlər saf adamların qarşısında kiçilib heç olmaqlarından qorxurlar. Yaxşı insanları sıxırlar, incidirlər… amma onları nə qədər görməməyə çalışsalar da, ONLAR var. Həyat onların varlıqları ilə gözəldir, cəmiyyət üçün onlar vacibdir və yaxşılığa nümunə göstərəndə onların adları çəkilir.
Etiraf etmədiklərinə baxmayın, bunu paxıllar özləri də bilirlər.
Çiçəyin üstünü örtən qar təsəvvür edin. Gözəllik varsa, üstünü örtməyə çalışan özü əriyəcək. Bunu yaxşı insanların yolunu bağlayan paxıllara da aid etmək olar. Həyat eşqini söndürməyə, gül kimi ümidi öldürməyə hər cür “qar” var.
İki bənd təmsil hər şeyi elə gözəl izah edir ki…
Qızıl yuyundu suda,
Gözəlliyi yüz artdı.
Paxıl paxır dəmir də
Çimdi, ancaq pas atdı.
Böyükağa Sadıqov
Palıdın kötüyündə yer eləyib özünə,
Göbələk: – Ucalaram – düşündü – göy üzünə.
Amma ötüşdü illər yalnız palıd ucaldı
Boy atmadı göbələk
Qocalıb ölənədək.
Palıdlara sığınıb elə kölgədə qaldı.
Hikmət Ziya