“Bu mənim dünyamdır buyur, tanış ol,
Tanı ölkə-ölkə, gəz şəhər-şəhər”.
Çağırılan yerə ar eləmirik. Şeir-şeir gəzib dünyası ilə tanış oluruq:
bir az dəcəl uşaqdır, ümiddən evcik qurub xəyallarla oynayır…
Amma dünyanı boş verib günlərini saymağı ilə deyil, zəhmətsevərliyi, iti ağlı ilə bir az da müdrik qocadır. Sevgisi isə Günəşdir.
Şair öz dünyasında hər kəsə yer ayırır: insanlara dərd ortağı olmağı bacarır:
Mənim bu xəyali dünyama hər gün,
O sənin dünyandan küsənlər gəlir.
Bir gələndən də:
“Sən niyə gəldin ki, mənim ömrümə?” deyə soruşur. Soruşur ki, bilsin:
sınıq ümidlərin qırıntısını toplayıb qəlbinə qoymaq, yoxsa son ümidin son tikəsini, ayağın altında əzmək üçünmü gəlib.
De hələ, gəlişin nə dəyişəcək?
Yoxsa, alnımızda olan yazının,
ən gözəl, ən xoşbəxt cümləsi sənsən?
Yoxsa, bu sevginlə yaz yağışıtək,
ömrümə yağacaq acı zəhərsən?
Mənim təqvimlər də çıxıb yadımdan,
İndi hansı aydır, hansı fəsildir?
Sonuncu saatım pas atıb artıq,
Məndəki zaman da gözdən əlildir.
Şeirdən şeirə ovqatı dəyişir şairin. Oxucu onu təzadlı hisslərin Allahı kimi də görə bilir.
Onun poeziyasını oxuduqca insan öz daxili dünyasının dərinliklərində itib-batır. Hisslərlə, duyğularla çarpışan şair özü şeiriyyəti bu cür dəyərləndirir:
Şeir var adamı qoynuna alar,
əzizləyər qəlbini, oxşayar ruhunu,
hələ duyğulardan bir sevda da toxuyar ömrünə ilmə-ilmə…
Şeir də var sancılar ruhuna,
oyar xatirələri, qanadar sardığın yaraları,
ağrıdar səni sətir-sətir, kəlmə-kəlmə…
Bu misraları oxuyanda dilimdən bir kəlmə qopur: – Şamil Ənvəroğlunun şeirləri kimi.
Hə, xatırladım, biz elə onun dünyasındayıq. Burda ikən onu bir az da yaxından tanıyaq:
Sən heç gecələri rahat uzanıb,
Heç nə olmamıştək yata bilirsən?
Boş verib bu qədər ağrı, acını,
Bir sevinc əlindən tuta bilirsən?
De neçə üsyana çıxan arzunun,
Neçə öz içinə dolan arzunun,
Bir gün yaşamadan solan arzunun,
Söylə, neçəsinə çata bilirsən?
Çiynindən qəlbinə yığılan yükün,
Ayına, ilinə dağılan yükün,
Ruhuna, canına sarılan yükün,
Barı bir dənəsin ata bilirsən?
Ağrılar cücərir ümid yerindən,
Yaşamaq çoxunun gəlir gözündən,
Tutub bu kor qalmış şansın əlindən,
Aparıb bazarda sata bilirsən?
Ey dünya bezgini, həyat yorğunu,
Ey sevinc qaçqını, ümid solğunu,
Unudub içini yeyən doğrunu,
Yalanla başını qata bilirsən?
Oxucu bu möhtəşəm sualları cavabsız qoya bilməz. Misralardan mövzular doğur. Sadə oxucu bu suallara cavab olaraq bütün ömrünü söyləyər. Yaradıcı oxucu isə … görək yaradıcı oxucu poeziyanın Şeyx Şamilinin hünərini sözə çevirə biləcəkmi?
Onun şeirlərində Tanrıyla, özüylə, insanlarla söhbət o qədər poetik qurulub ki, cavabı da az qalırsan onun ahənginə uyğun verəsən. Bu Şamil Ənvəroğlunun oxucunu dilləndirmə, onun hisslərini tərpədəbilmə bacarığıdır.
Ümidsizliyin hər şeyə hökm etdiyi zamanlarda şair bəzən yorulur:
Ha böyüt ruhunda bir gül fidanı,
ha gözlə gülünü, açmırsa, açmır.
ha bəslə qanadı sınıq arzunu,
ha qaldır baş üstə, uçmursa, uçmur…
ha qov nankorları, getsin yanından,
ha qaç taleyindən, ömür “payından”,
ha tut əllərindən, çox sev canından,
ha istə Tanrıdan, olmursa, olmur…
ha qayna bulaqtək, axsın sözlərin,
ha gizlət içini, gülsün gözlərin,
ha qoru dəyməsin yerə dizlərin,
ha ağla, boşluqlar dolmursa, dolmur…
ha çalış arzular sağ olsun deyə,
ha vuruş pisliklər yox olsun deyə,
ha istə yaxşılar çox olsun deyə,
ha səslə “ağ” günü, gəlmirsə, gəlmir…
ha sev birini də, nəfəs say onu,
ha eylə Günəşə, Aya tay onu,
ha say həyatına şirin pay onu,
ha et hər bir kəsin, sevmirsə, sevmir…
ha deyin “bir daha sevməyəcəm mən”,
ha söylə “kimsəyə gülməyəcəm mən”,
ha and iç “güvən nə? bilməyəcəm mən”,
ha tükən, son ümid ölmürsə, ölmür…
Amma özünə qayıtması, təzədən işıqlı sabaha boylanması elə də uzun çəkmir. Mübarizənin vacib olduğunu bilir. Şairin inadı, yaşamaq eşqi adamda inam hissi oyadır:
Sən o insan deyilsən ki,
bürünəsən acizliyinə,
boş verəsən bütün ümidlərini, xəyallarını.
Atasan özünü özündən və hər kəsdən,
sonra da aciz-aciz deyəsən ki,
mən neynim ki, “Qismət buymuş”…
Sən o insan deyilsən ki,
qəlbində bir qığılcım,
ruhunda bir yaşam həvəsi varkən dönəsən ruhsuz, bumbuz bir alətə,
sonra da astaca deyəsən ki,
“Nə dəyərim var ki”…
Sən o insan deyilsən ki,
ömrüncə bir yanlışı yaşayasan,
yıxılasan özündən və tutub qalxmaq istəməyəsən bir sabah ümidindən,
sonra da ümidsiz-ümidsiz deyəsən ki,
“Mən bitmişəm zatən”…
Sən o insan deyilsən ki,
qəlbinə daş basıb bir sevinci gözləməkdən də vaz keçəsən,
nə vaxtsa bir sevincə səbəb olmaqdan da,
sonra da öz-özünə acıyaraq deyəsən ki,
“Mənə sevinmək də haram, gülmək də”…
Şair mətinliyi, dözümü ilə ümidsizliyə qalib gəlir. Çünki güclüdür.
Darıxmıram ki,
ürəyimi ləçək-ləçək qoparıram,
bu həyat bizə də nə vaxtsa,
“güləcək, gülməyəcək” deyə…
Üzülmürəm ki,
özümdən nağıllar uydurub sonunda düşəcək o üç almanı gözləyirəm,
“düşəcək, düşməyəcək” deyə…
İncimirəm ki,
qəlbimin sınan yerlərini ümidlərimlə yamayıram,
“bitişəcək, bitişməyəcək” deyə…
Ağlamıram ki,
gözümdən meyvəsini dərirəm qəlbimdəki dərd ağacının ve səssizcə gözləyirəm yenə də,
“bitəcək, bitməyəcək” deyə…
Taleyin riyazi cədvəlində hesablamalara başlamağı qəfil olmur. Şeirin ilk misrasından gözlənilirdi belə bir hesab-kitab.
Yaşamıram ki,
arzularımı toplayıram, çıxıram,
günlərimi vururam, bölürəm,
yerdə nəsə
“qalacaq, qalmayacaq” deyə…
Ölmürəm ki,
nəfəs-nəfəs tükənsəm də,
gündə yüz yol büdrəsəm də,
Günəşimə boylanıram,
“doğacaq, doğmayacaq” deyə…
Hər şeyə rəğmən yaşamaq prinsipi onun əsas iddiasıdır. Yaşayır, yaradır, amma içində dərin təəssüf hissi var, axı reallıqları görməmək üçün eynək icad edilməyib. Beyinin, qəlbin gözü ilə gerçəklər apaydın görünür. Sanki dumduru çayın dibindəki daşlara tamaşa edirsən.
Bu səhra adamlar,
bu daş adamlar,
qoymadı boy ata fidan adamlar…
Bu alaq adamlar,
bu kol adamlar,
qoymadı ucala çinar adamlar…
“Çinar adamlar” birləşməsi insanın mənəvi ucalığını özündə əks etdirməkdən əlavə şeirə şeirlik qatan ürəyəyatımlı ifadədir.
Şair həyat təcrübəsinə əsaslanaraq insanları fərqləndirir:
İnsanlar da ağ kağızlar kimidir;
Birisi gələr də yazar bu kağıza,
Sevgini,
Sevinci,
Yaxşılığı,
Xoşbəxtliyi.
Birisi də gələr yazar bu kağıza,
Acını,
Üzüntünü,
Tənhalığı,
Bədbəxtliyi…
Haqsız deyil.
Onun şeirlərində qadının möhtəşəmliyi ayrıca mövzudur.
Şamilin “Ən dəhşətli yoxluq bir üzdə xoş təbəssümün itkin düşməyidir…” fikrini qadınlarla əlaqələndirmək istərdim. Qadın üçün o kişi dəyərlidir ki, onun üzünü güldürür. Qadına təbəssümü qıymayan kişi insani hisslərdən məhrumdur. Şamilin qadın mövzusunda yazdığı şeirləri zərif cins üçün nəvaziş, oxşama adlandırsaq, yerinə düşər.
Sən təkcə qadın deyilsən,
sən öncə bu dünyanın gedişindən xəbərsiz,
bir ananın yarımçıq arzularının gerçəyi,
bir atanın şıltaqlığına dözdüyü dəcəli,
bir evin hay-küyü,
bir ailənin sevinci olan
mələk üzlü fidanısan,
yəni bir qadının ötəsi…
Sən təkcə qadın deyilsən,
sən birinin sevgi payı,
dünyasının Günəşisən,
yaşamının səbəbisən,
ayrılığın kədərisən,
qovuşmağın sevincisən,
yanğısısan, arzususan
sabahların ümidisən,
dünya boyda ürəyisən,
yəni bir qadının ötəsi…
Sən təkcə qadın deyilsən,
sən bəzən də bir əclafın hislərinə alət olan,
hər sözünə boyun əyən əsirisən,
sən bəzən də öz içinde qadınlığı öldürərək,
Ana kimi var olmaqla
övladının yaşamına gərəyisən,
sən bəzən də tamam özünü unudub,
göz yaşını öz içinə axıdaraq,
acıların gölləndiyi dəryasısan,
yəni bir qadının ötəsi…
Bütün şeirlərində qayğı, qayğıdan doğan sual olur. Suallar yığılıb “niyə”yə çevrilir. “Niyə?” sonda qatilə dönür. Düşüncələrin qatilinə.
Öncə düşüncələr yorular insanda,
“niyə?”lərin ölüm cəzası edama sürükləyər düşüncəni…
Sonra sözlər asar özünü udqunan boğazda…
Dili susqun olar ən çox sözü ölənlərin,
ən çox gözlər yetim qalar gözləməkdən…
“Sözlərin intiharı”, “gözlərin yetimliyi” mövzu içində mövzu yaradır.
Gözlərdən başlayar təklənmək. Tənhalıq ruhun yetimliyidir. “Niyələr”in nəticəsi budur.
“…insan nə vaxtsa itirməkdən yorular”. Bəli, ömrü boyunca itirdiklərinin ağrısı bir gün usandırar insanı. Amma “nəsə qalır geriyə”. O “nəsə”nin hamısı xatirədir: telefonun yaddaşında qalan şəkil də, ürəkdə qalan arzu da, toxunuş da… filan da…
Şamilin şeirləri başdan-başa insanın iç dünyasının söz abidəsidir. O, arzuları, istəkləri hiss-hiss, duyğu-duyğu şeirləşdirib.
Bax mənim dünyamda olan heykəllər,
adamlara deyil, hisslərə aid,
Ən uca heykəlim qürurum üçün,
Ən kiçik abidəm nifrətə aid…
Bax bu da şərəfin uca zirvəsi,
Əlçatmaz, ünyetməz ləyaqət dağı,
Hələ görmədiyin vicdan zirvəsi,
Hələ bilmədiyin sədaqət bağı…
Gör mənim dünyamda nələr var, nələr,
Bəlkə də, tanıyıb sevmək çətindir.
Burda duyğular var dünyadan böyük,
Burda yaşamadan ölmək çətindir.
Qəribə görünür deyəsən sənə,
Axı, alışdığın dünya başqadır,
Sənin inandığın adamlar başqa,
“Dəyərlər” başqadır, sözlər başqadır…
Mənim bu xəyali dünyama hər gün,
O sənin dünyandan küsənlər gəlir.
Dildə sevənlərin ünvanı deyil,
əməldə dəlitək sevənlər gəlir.
Oxu bu lövhəni – Şərəf lövhəsi,
Bax belə dəyərlər ünvanıyam mən.
Çəkilib kənara dünya qurmuşam,
Elə öz dünyamın İnsanıyam mən…
Öz dünyasının insanı, poeziyanınsa Şeyx Şamilidir o.
Onda oxucunu söhbətə çəkmə məharəti güclüdür. Hər bir sual bir mövzunu təhlil edəbiləcək dərəcədə möhtəşəmdir.
Sən də mi gecənin bir məchul vaxtı,
yanıb özünlə söhbət edirsən?
Arzudan arzuya körpü salırsan,
özündən özünə qeybət edirsən?
Sən də mi bir həzin musiqi seçib,
bahar buludutək qəfil dolursan?
Birdən dəyişirsən uşaqlaşırsan,
sonradan yenə də özün olursan?
Sən də mi tutursan bir kor ümiddən,
hər gələn sabaha ümid edirsən?
Hər gecə içində bitən dünyanı,
hər səhər yenidən durub gəzirsən?
Sən də mi qaçırsan özün özündən,
görmək istəmirsən öz gözlərini?
Bu qədər içində hayqırtı varkən,
duymaq istəmirsən öz sözlərini?
Sən də mi acının ən qalınını,
gecələr üstünə örtüb yatırsan?
Daha Tanrıdan da əlin üzürsən,
daha hamıdan da uzaq qaçırsan?
Sən də mi gecənin səssizliyində,
hər kəsi düşünən bir baş olursan?
Şamil Ənvəroğlunun şeirlərində humanistlik utancaq bir insanın gizlicə boylanıb qəfil geri çəkilməsinə bənzəyir. Həmin insan ağlında ilişib qalır. Xatırlayırsan. Yenə görmək istəyir və arxasınca gedirsən.
Atasan özünü bir qara gözdən,
düşəsən bir təmiz ürək içinə.
tutasan bir gerçək xəyal əlindən,
gedəsən əbədi bir ölməzliyə.
Sevəsən, sevəsən, elə sevəsən,
gül aça gözündə o pis ürəklər,
Elə yanasan ki, bir nura dönüb,
bir gözdən əlilə işıq olasan,
hardasa ağrıdan qıvrılanlara,
sabahı açmağa ümid olasan.
Şair oxucusunu təkcə ədəbi müzakirəyə sövq etmir, bəzən mübahisəyə də həvəsləndirir:
“Ən gözəl duyğular yazılmaz bir şeirə” deyir. Bəs yazdıqları nədir?
Mübahisəmiz qızışacaq deyəsən: “Ən gözəl hisslərin ölüm yeridir sətirlər, ən nadinc duyğuların ürəkdən sürgün yeridir bu gördüyün qalın-qalın kitablar” yazır. Bu sözlərə fikir verməyin, əziz oxucular, Şamil Ənvəroğlunun ürəyindən kitablara sürgün etdiyi duyğuların gözəlliyi ilə qalın. Sözdür deyir də… Şamil bu!