- Köşə

Pərvanə BAYRAMQIZI. Rəngə çevrilən xasiyyət

Çatışmayan hər nə olsa, onu çəkinmədən adamın gözünün içinə demək sözü üzə demək deyil. Biz tərəfdə belələrinin adına “qırmızı adam” deyirlər. Elə şeylər var ki, ona əhəmiyyət verməməliyik. Bəzi qüsurları açıb-ağartmaq yaxşılığa doğru heç nəyi dəyişmir, amma qəlbi qırır. Məsələn, birinin burnu, birinin ağzı böyükdürsə, bunu söhbət arasında tələm-tələsik üzünə vurmaq vacib deyil. Bir az yumşaq çıxsın, mədəni görünsün deyə sözünün əvvəlinə “məni kimi…” ifadəsi də artırırlar: – Sənin də məni kimi gözün əyridir. Baxırsan, öz gözü əyri deyil, sadəcə, guya qarşısındakının qəlbini qırmaq istəmir. Ümumiyyətlə, fiziki çatışmazlıqlara, kifirliyə görə adamlardan uzaqlaşmaq olmaz. Onlardakı yaxşı cəhəti, hansısa qabiliyyəti üzə çıxarmaq, məşğuliyyət tapmaq lazımdır. Yoxsa “sən də məni kimi yemək yeyəndə ağız-burnunu əyirsən” deməklə nə onun əyrisini düzəldirsən, nə də özün əyilirsən, hər kəs necə varsa, elə də qalır.

Ağıl öyrətmək kimi çıxmasın, onsuz da hamınız məni kimi ağıllısınız. (feysbuk profilimdə yazmış olsaydım, burda gülüş smayliki qoyardım)

“Məni kimi” ifadəsini hələ bu cür yerində işlədən olmamışdı. (güldüyümü təsəvvür edin)

Nə isə, gah ikinci şəxsin təkindən, gah da birinci şəxsin cəmindən istifadə edərək bir az dərdləşmək istəyirəm.

Özü bütün gün deyinib, hamıdan gileylənən sən ağzını açıb bir kəlmə nəyinsə yerində olmadığını bildirəndə “hər şeydən narazısan” deyir. Özü acıqlanır, mübahisə edir, xətrinə dəyən hər sözün davasını çəkir, sənə təsir edən acı sözü əhəmiyyətsiz sayır. Özü qəlbində nifrət bəsləyir, sənin incik halını kin saxlamaq adlandırır. Özü adi hadisəni şişirdib faciəyə döndərir, sənin zülmünü xırda problem sayıb “milçəyi fil eləmə” öyüdü verir. İşçidən, iş yoldaşından, qonşu-qohumdan dad çəkən adam sənə imkan vermir, bircə şikayətini  dilə gətirəsən. Nöqsanlarını görmədən hər şeydə özünü haqlı sayıb savaşan kəs sənin haqqının tapdanmasına laqeyd qalıb dözümün vacib olduğunu vurğulayır. Üstəlik ağıl öyrədir: “əsəbiləşmə, gileylənmə, boş ver”. Elə ki, sənə edilənləri ona edirlər, qiyamət qoparır. Deyə bilmirsən ki, adam, deyingənliyinlə saatlarla zəhləmi tökürsən, mənə aidiyyəti olmayan mövzularla vaxtımı alır, baş-beynimi aparırsan, azar-bezarından danışıb qanımı qaraldırsan, insanlarda insanlıq qalmadığını söyləməklə məni ruhdan salırsan, barı aman ver arada bircə dənə etirazımı da mən bildirim. Mənim də səni kimi xoşuma gəlməyən məqamlar, qəlbimə dəyən adamlar var. Sənə Gülçöhrə pislik eləyib, mənə də Fatmanisə. Pislik pislikdir, nə fərqi var hansı adla eləyiblər. Sənə edilən yamanlıq Gülçöhrədən olub deyə müharibə sayılır, mənə elan edilən müharibə Fatmanisədəndir deyə xırda münaqişə hesab edilməlidir?

Qeyri-obyektiv, hadisələri düzgün qiymətləndirməyən, bəsit düşüncəli, səthi yanaşması ilə adamı məyus edənlərin üzündən yorulsaq da susuruq. Etdiklərimizi, bizə edilənləri dilə gətirmirik, ətrafdakılar da həyatımızda, işimizdə hər şeyin qaydasında olduğunu zənn edirlər. Hansısa bir hadisəni danışsaq da dastan kimi dillərdə dolaşdırıb peşman edərlər. Ətrafındakılardan küskünlüyümüzü daxili dünyamızda basdırırıq, hamının bizlə könlümüzcə rəftar etdiyini düşünürlər. Bizsə hərədən bir dərd götürür, özümüzünkü kimi çəkirik… amma bundan kimə nə? Öz problemlərimizi qoyub özgələr üçün yandığımıza kim inanar? Bu cür adamları ağıllı da saymırlar.

Dəlilər də cürbəcür olurmuş… amma belə adamlara hələki rəng təyin etməyiblər.