- Köşə

Pərvanə BAYRAMQIZI. Səkkizmartsızlıq

Qadın olmasaydım əgər,
Qazanların, qabların,
nimçələrin, çömçələrin
aləmindən qaçardım.

Bəs “gəlin qulluğu”, “arvad qayğısı”ndan başqa qadına bir iş yaraşdırmayanların əllərindən necə? Qaça biləcəksənmi? Qəlibdən necə çıxacaqsan?

Əvvəlcə əsərləri mətbəxdə “ölən” sənətkar qadınlardan danışaq, fərqi yoxdur bu əsər rəsm də ola bilər, roman da, musiqi də.

Evdar qadınlar üçün normal həyat tərzi, bəlkə də, xoşbəxtlik sayılan mətbəxdə keçən ömür sənətkar qadının bədbəxtliyidir. Misralardakı təkcə Nigar Rəfibəyli  deyil, burda yaradıcılıq üçün yaranmışların hamısı var. Özümüzü görürük burda; sən də, mən də, o da.

“… qaçardım mətbəxdən…” yazılacaq neçə-neçə əsərlərim mətbəx ocağında yanıb kömür oldu. Duz atanda elə bilirdim sözü ovuc-ovuc yığıb qazana tökürəm. Su əvəzinə göz yaşlarım dolurdu qazana. Qaşıqla sanki fikirlərimi qarışdırırdım.  Övladlarıma hekayə yedizdirdim. Boşqabdakı xörəyi bir vərəq yazı kimi görürdüm.

“Səhəri dəniz qırağında
qayaların üstündə açardım…”

Hansı ailə qadının bu istəyini dəstələyib?  Cəmiyyətimiz nə vaxt alqışlayıb belə qadını?

Ciyərlərim dolusu
nəfəs alardım dəniz havasıyla.
Baş-başa qalardım
sahillərin gözə görünməyən səfasıyla.
Sinəmi açardım,
səhər ruzigarına…
Həzin-həzin, gilə-gilə
nəğmələr qoşardım.
Abşeron bağlarına.

Ürəyim bu mətbəx aləmində yaman darıxır.

Mən bir az da şairəm axı.

Bu gün imzası tanınırsa, sözlərinə nəğmələr oxunursa, demək, Nigar xanım bir çox qadınla müqayisədə mətbəxdən qaça bilib. Mətbəx divarları həyatla arzuları arasına sədd olan nə qədər qadınlar var…

Köçəri quşlar kimi uçub getmişdi
Könlümdən…
Şeirin əlvan misraları.

Əlbəttə gedəcək. Yazmaq istəyərkən qab yuyursansa şeiri öldürəcəksən. Bu məqamda yəqin ki, ağlınıza Aqata Kristi gəldi. O əsərlərini qab yuyanda yazdığını bildirib. Aqata sərbəstdir, istədiyi vaxt yazır. Qab yuyaraq yazmaq onda məcburiyyətdən irəli gəlmir, bu yazıçı üsuludur. Bizdə isə biş-düş və ev işlərindən başqa qadına heç nə rəva görülmədiyindən bu qayğılar onun mənəvi zənginliyini müflisləşdirir.

Azərbaycanda qadın fərdilikdən uzaqdır. Onu ailədən kənarda ayrıca şəxsiyyət kimi görmürlər. O, övladdır, qadındır, gəlindir və s. Özündən başqa hər kəsin istəyini nəzərə almaq qismətidir. Şəxsi istəklərindən keçməlidir. Heç nə arzulaya bilməz. Arzusu bir kimsəyə gərək deyil. Sənətə olan sevgisinə görə günahkar çıxarırlar. Bizim qadınlar özlərini öldürüb başqalarını yaşadırlar. Hələ körpə. Ondan heç cür vaz keçə bilmirlər.

Mən körpəmin nəfəsilə oyananda
gecəyarı
yırğalanıb beşiyini oturanda
bütün gecə
köçüb getmişdi könlümdən
şeir sakit və gizlicə

Bunu yazan anadır. O, heç vaxt şeiri körpəsindən üstün tutmaz. Kiminsə ürəyindən “kaş təkcə şairliyin yükünü daşıyardım” keçsə də qınaqdan qorxub dilinə gətirməz. Hücum edərlər ona.

Şair ana şikayətlənmir. Çəkdiyi qayğıdan məmnundur.

Mənə elə gəlir bu an
Çəkib onun keşiyini
Yırğalayır ana əlim
Gələcəyin beşiyini

“Gələcəyin beşiyin yırğalamaq”. Bizdə qadına rəva görülən vəzifə təkcə budur. Körpənin beşiyini yad ələ vermək qəbahətdir – “uşağını saxla, yazmaq vacib deyil”. Bundan başqa nə deyəcəklər ki?

Bəlkə də, qəhrəmanımız olan anayla ömür yoldaşı sözə bağlı olduqlarından duyublar bir-birlərini. Bəlkə, yanında Balaş Azəroğlu vardı deyə eyni yüklə Mədinə Gülgün də şair ola bilib.

Axşamdır…
Otağımda oturmuşam yenə tək…
Bir şeir həvəsiylə sinəmdə çarpır ürək.
Xəyalım dost elləri gəzib dolanır mənim,
İntizar içindədir, əlimdəki qələmim.
Mən yazmaq istəyirəm tükənməyən həvəslə
Kağızın üzərində qələm gəzməmiş hələ
Körpəm açır gözünü,
Ağlayır için-için,
Qışqırır, sanki deyir:
– “gəl yemək ver mənimçün!”
Xəyal uçur, qələmim hərəkətsiz qalır bax.
Ürəyimdə iki eşq üz-üzə gəlir ancaq,
Bir əlimdə qələmim, bir əlimdə körpə mən
Masamın arxasında əyləşirəm təzədən.

Yanında Əmirxan olanda isə (S.Vurğun “Aygün” poeması) həm sənət eşqin ürəyində qalır, həm də qadın kimi məhv olursan.

“Bir qadın sənət üçün doğulubsa ömrünü niyə mətbəx divarlarında keçirsin?” yazmağa cəsarətim çatmır. Bilirsiniz niyə? Hamınız bir ağızdan eyni pafosla deyəcəksiniz, qadına mətbəx hər şeydən çox yaraşır. Bəs qadın evdar olmaqdan çox, sənətkar olmaq istəyirsə necə? Belə qadınları qınamaqda qaragüruh haqlıdırmı?

Deyəsən bizim cəmiyyətdə qadın doğulmaq günahdır. Arzusu, diləyi olmaq ondan da betərdir. Qadın heç nə arzulamaz heç nə istəməz. O yalnız ana olmalıdır, ya da müəllimə. Bir az insaflısı həkim olmağı da  rəva bilir. Dərdini, sirrini heç kəsə deyə bilməz qadın. Qınayarlar. İtirdiklərini bilən olmaz, qazandıqlarını qısqanarlar. Elə bilərlər xoşbəxtdir.

Sənətkardan evdar qadın olmağı tələb etmək zorakılıqdır. Necə ki, evdar qadını rəssam etmək mümkün deyil, eləcə də rəssamın, yazıçının əlindən qələmi, fırçanı alıb süpürgə verməklə ondan ev xanımı formalaşdırmaq olmaz. Deyəsən, səhv etdim… olub axı. Nə qədər istedadlı qadınlar beləcə mənən öldürülüb…

Heç kəs bir-birinə “şair”, “rəssam” və s.  olasan deyə arzu diləmir. Amma hamının “oğul-uşaq sahibi olasan” deyə səxavətlə alqış etdiyi ortaq arzusu var. Necə yaşayırsan, yaşa, kimsə maraqlanmaz, amma övladın, nəvən olmasa hamı sual yağdıracaq, müdaxilə edəcək. Nəvə-nəticə sahibi olanda adamlar bir növ də tənədən qurtulduqlarına sevinirlər. Qadının analıq borcunu ömrünün bir dönəmində nənəlik missiyası əvəz edir.

Oturub beşik başında
Nəvəmə layla çalıram yenə
Deyirəm bütün nənələr beləcə
Laylay çalsınlar
Gül ətirli
Süd ətirli nəvələrinə
Ayrıla bilmirəm
Nəvəmin beşiyindən.

Nəvə insana elə bir yaşda bəxş edilir ki, bir uşağın gəlinciklə əylənərkən aldığı zövq qədər o da bu canlı oyuncağın varlığından xoşbəxt olur.

Qadın, ana, eyni zamanda layiqli vətəndaş olmaq o vaxt mümkün olur ki, ömür yolunda səninlə addımlayan,

Nə yaxşı ki sən də vardın yer üzündə
Nə yaxşı ki ulduzumuz qoşa yandı

deyə bildiyin silahdaşın, həyat yoldaşın olsun. Onda “yora bilməz yollar səni”.

Qadının zərifliyini qoruyan daha da gözəlləşdirən, məncə ədəbiyyatdır. Digər işlərdə qadın sərtləşir. Obyektiv münasibət bildirmək prinsipimə sadiq qalaraq bir az da yuxarıdakı fikirlərimi oxuyarkən yadınıza düşən istisna hallar üçün nümunə olan qadınlardan  yazacam.

Fikir vermisinizsə, vəzifədə olan qadınlarda qadın incəliyi qalmır. Üzlərinə baxanda hiss olunur ki, gözü nöqsan tapıb, töhmət verməyə işçi axtarır. Elə bil bu dəqiqə zala göz gəzdirib kiminsə adını çəkib ayağa qaldıracaq, “ərizəni yaz, işdən çıx” deyəcək. “Yumşaq olanda işçilər səni saymaz” prinsipi ilə özlərini sərt göstəririlər. Bu cür qadınlar kişiləşirlər, kişilik də qadını kobud göstərir. Necə ki, qadınlaşmaq kişini eybəcərləşdirir, eləcə qadın kişləşəndə öz kimliyini itirir. Təbii ki, böyük bir müəssisəni idarə etmək asan iş deyil, istəsən də, istəməsən də sərt olmağa,  kiməsə acıqlanmağa məcbur olursan. Amma bu da faktdır ki, çox vaxt  içində liderlik eşqi olan xanımlar vəzifə dalınca gedirlər. Məhz idarə etmək, əmr vermək, aqressiyasını kənara atmaq üçün vəzifədə olmaq istəyənlər çoxdur. Qəribədir, bizim cəmiyyət belələrindən çəkinir, belələrinin sözünü eşidir, belələrinin gözünə girməyə çalışırlar. Və belələrinin dəstəyi olur. Çünki onlar tabe olmağa deyil, tabe etməyə qadirdilər. İstəklərinə asanlıqla nail olurlar. İtaətkar qadın özünü mütiləşdirdikcə dəyəri itir. Cəmiyyətimizin əsl siması budur.

Qadınları bir-birindən fərqləndirən xarakterləri ilə yanaşı həm də cizgiləridir.

İnsanın üzündən ya qəzəb, ya sakitlik, ya da nəsə başqa bir əlamət oxunar. İfadəsiz üz mənasız söz kimidir, heç nə anlamırsan. Anlamamaq da qarşıdakının zehninin zəif olmasından yox, cizgilərdən heç nə oxunmamasından asılıdır. Jestlər də bu işdə mimikaya şərikdir. Onlar insanı birlikdə xarakterizə edirlər. Üzündən hikkə yağan qadınların istər-istəməz əl-qol hərəkətləri də cizgilərinin oyatdığı fikiri təsdiqləyir. Simasından hirsli olduğu bilinən qadının geyim tərzi də xarakterinə uyğun olur.

İnsanları bir-birindən fərqləndirməyə olduğu kimi yaxşı ki, ümidimizin ölməməyinə də səbəbimiz var. Bu səbəb adamı yaşamağa sövq edir. Xüsusi tip qadınlar var ki, simasından şükranlıq duyulur. Üzlərinə baxıb asanlıqla xarakterlərini təyin edə bilirik. İçində həlimliyi, zərifliyi qoruyan qadınlar rəhbərlik iddiasında olmurlar. Onlar insanları sevir, incitməyə qıymır, qəzəblənə, acı söz deyə bilmirlər. Daha çox sülh yaratmaq eşqilə yaşayan qadınlar olduqları yerə dinclik gətirirlər. Həya hissi üzlərində bərq vurur. Onların qədrini bilib qorumaq lazımdır. Saflıqlarından, sadəliklərindən insafsızcasına istifadə etmək vicdansızlıq olar.

Həm evdar, həm işgüzar, həm də sənətkar qadınları birləşdirən əlamət zəriflikdir. Zərafətsiz qadın göz oxşamır.

Qadınları kişiləşdirən ağrılı-acılı taledən uzaq ömür diləyilə hələlik…