Mətbuatda, poeziyada, nəsrdə, səhnədə parıltılı, şişirdilmiş imzalar var. Hərəsi bir şeyin sayəsində imzasını böyüdə bilib. Birinin qəzeti, jurnalı olub ətrafına ona görə yığılıb şeirini, hekayəsini səsləndirib, tərifləyib yayıblar, digərinin başqa vəzifəsi olduğundan yaratdıqları yayılıb populyarlaşıb. Bu yolla məşhurlaşan şeirdən, romandan, yaradılan obrazdan sahibinin səlahiyyətini çıxanda onlar zəifləyib-zəifləyib ikicə misra, üçcə cümlə, adi adam kimi qalırlar.
Bir vəzifədə olan, bir də ölən yaradıcı insanın yaratdıqları mataha dönür. Əsl istedadın istedadla yazdıqları həmişə beş-on ədalətli, ədəbiyyata üstünlük verən adamın tərəfindən dəyərləndirilir.
Çox məşhur şair dünyasını dəyişəndə hamı onu ilahi zirvəyə qaldırır. Adama elə gəlir ki, onun yazdıqları göydə yazılıb yerə göndərilirmiş. Onu qədər tanınmayan bir şair vəfat edəndə isə adamlar təzədən maraq göstərib yaradıcılığına baxırlar və görürlər ki, əsl poeziya burda imiş. Yazan cismən ölsə də, əslində, yazdıqlarında dipdiridir. Elə yazdıqları da diridir. Faydası nədir? Sağlığında oxucu diqqəti görmədi, hamı qarışqatək vəzifəli şairin poeziyasına daraşmışdı.
Vəzifə şirəsi belə şeydir, resenziya yazanları özünə çəkir, sahibinin əsərlərini şedevrə çevirir.
Bütün məclislərə onu layiq bilirlər.
“Azərbaycan ədəbiyyatı haqqında kitab nəşr ediləcək, filankəs müəllim, siz də mətn göndərin”, “mədəniyyətin inkişafından bəhs ediləcək jurnal buraxılacaq, filankəs müəllim, məqalə yazın”, “ana dilinin qorunması mövzusunda tədbir təşkil ediləcək, filankəs müəllim, dəvətlisiniz”, “Milli-mənəvi dəyərlərə üstünlük verək!” adlı dəyirmi masa keçiriləcək, filankəs müəllim, milli keyfiyyətlərinizi də götürüb gəlin”.
Ədəbiyyat sahəsində filankəs müəllimdən başqa müəllim yoxdur? Əlbəttə, var, sadəcə, vəzifəsi olan yoxdur. Ona görə “harda aş, orda baş” olan filankəs müəllimdir. İctimai mövzuda hazırlanmış verilişə də, uşaq verilişlərinə də onu çağırırlar. İmzalar beləcə süni şəkildə populyarlaşdırılır.
Yazdıqlarının səbəbinə şöhrətləndirilənlər tanıyırsınız? “Şöhrətlənən” yox ha, “şöhrətləndirilən”.