“Xalqın içindəyəm” ifadəsi işlədirik. Haradır xalqın içi? İctimai nəqliyyat? Yoxsa xəstəxanalardakı növbə məqamı? Bəlkə, yas yerləri, toy və sair? Hə, bir də efirdə göstərdiklərini xalqın içi sayırlar. Televiziyaya baxmadığmdan orda baş verənləri təhlil etmək üçün məlumatım yetərincə deyil. Deyirlər, oralar bərbaddır. Elə isə oranı da xalqın açıq göstərilən yeri hesab edək. Hər gün iki dəfə avtobusa, bir dəfə xəstəxanaya gedəndə xalqın içindən-çölündən əməlli-başılı xəbərdar oluruq.
Xalqla tıxaclarda doğmalaşmamışam, çoxdan sevirəm bu xalqı, amma daha yaxından xəstəxanlarda, basabas avtobuslarda tanış olmuşam. Mən onların yazıçısı oldum, onlar mənim qəhrəmanlarım. Bir də xalqla mənim ortaq qəhrəmanlarımız var, ruhları şad olsun hamımız onlar üçün göz yaşı tökür onlarla öyünürük. Görün necə doğmayıq, lap bacı-qardaş kimi. Bacı-qardaşın ata-anası eyni insanlar olduğundan doğmadırlar da.
Bir az da xalqın içinə necə girməyimdən yazım.
Hər şey dayanacaqdan başlayır.
Doxsan altı nömrəli avtobusu o qədər gözləyirəm ki, telefonun zaryadkası doxsan altı faiz göstərəndə sevindiyimdən qaçıram, elə bilirəm avtobus gəldi. Bu qaçışla girirəm xalqın içinə. İctimai nəqliyyatda maraqlı müşahidələr aparıram. Bu gün ikinci “vacib xəbəri” diqqətinizə çatdırmağı “qərara aldım”, amma isti xəbər deyil, dünənki əhvalatdır, gecikdirdiyimə görə üzrlü sayın.
Dunən axşam dayanacaqda qırx beş dəqiqə doxsan altı nömrəli avtobusu gözləyəndən sonra axırda gördük ki, uzaqdan saymazyana, veyillənə-veyillənə gəlir. Birtəhər yerləşdik. Avtobus qapının ağzınacan doldu, mənə elə gəldi ki, yer qalmadı. Bir neçə dəqiqə sonra baxdım ki, yanılmışam. Bir xala (çoxunuz bibi deyirsiniz, mədəni adamlar da xanım deyirlər. Bə mən niyə xanım demirəm? Çünki xanım deyildi. Yersiz mədəniyyət göstərməyəcəm.) qışqırdı ki, sıxlaşın minək, çöldə qalası deyilik, hamı evə getmək istəyir. Xala avtobusdakılara necə acıqlandısa, sərnişinlər necə sıxlaşdılarsa, nətəri yer oldusa, əlavə iki- üç nəfər də mindi. Özü minəndən sonra XALAXANIMBİBİ yerdəkilərə acıqlanmağa başladı: – Görmürsünüz, yer yoxdur, hara minirsiniz? (Söylədiyi digər kobud ifadələri yazmıram) Qoymadı kimsə minsin.
Qara günlərim… yox ee, qara dəqiqələrim başladı. Məni sıxcalayıb tərpənməyə imkan vermədi. Telefona zəng gəldi, götürmək mümkün olmadı. Çantamı adamların arasından sürüyüb özümə tərəf çəkə bilmədim. Telefon da: “Karsan, səni çağırmıram?” deyə dalbadal qışqırırdı. Bir qədər getdikdən sonra hiss etdim ki, kürəyimdə ağırlıq var. Çönüb arxaya baxdım. Xala: “yönünü çevir, sakitcə yolunla get” mənasında acıqla dilləndi:
– Qorxma çantamdır.
-Hə, eybi yox… – deyib çöndüm.
Demək istəyir ki, qorxma, kürəyinə özüm minməmişəm, çantanı qoymuşam. Qorxdum ki, bir də dillənsəm, çantanın yerində özü oturacaq. Sərnişin taleyimlə barışıb sakitcə yoluma davam etdim.
Xalqın arasında olanda adam çətinliklərdən xəbərdar olur. Yoxsa Kəramət Böyükçölün təbirincə desək, “hündür yerlərdən (o, Milli Məclisin pəncərəsini nəzərdə tutub) xalq görünmür. AYNA-nın əməkdaşları da bir-iki dəfə avtobusda çanta daşısalar, bəlkə, xəttə yeni avtobuslar buraxarlar, ya da interval məsələsində yeniliklər edərlər.
Sonuncu minən sərnişin təhlükəni gözə alır, yer olmadığına baxmayaraq, özünü içəri pərçimləyir, bir ayağının asfaltla getməsinə əhəmiyyət vermir, təki yolda qalmasın, işə gecikməsin. Birtəhər yerini “rahatlayıb” arxadan sürücüyə qışqırır:
– Qapını…
Sürücü onun nə deyəcəyini axıradək dinləmir. “Qapını…” sözünü eşidəntək qapını bağlayır. Qışqırtı qopur, dava başlayır: “camaatı qapının arasında qoydunuz” deyib hərə bir yandan acıqlanır. Ayağı çöldə qalan sərnişin zarıyır:
– Qardaş, dedim axı qapını bağlama…
Bilirsiniz, bunu niyə yazıram? Gec gələn avtobusları, məsuliyyətsiz adamları tənqid etmirəm, nəyimə gərəkdir ee, məni yandıran ədəbiyyatçılardır. Deyirlər, söz sırasını pozmayın, cümlə quruluşunu düzgün qurun, guya inversiya şeir üçündür, adi danışıqda keçərli deyil. Fikir verin, sərnişinin “qapını bağlama” deməsində sürücünün ağlına “avtomatik” olaraq “qapını bağla” versiyası gəlir. O, özünə aid hissəni dərk edir: maşın gedirsə, qapını bağlamalıdır. Burda günah sərnişindədir, gərək inversiyadan istifadə edib, birinci “BAĞLAMA” sözünü qışqırar, ardınca da astadan “qapını” deyə əlavə edərdi.
Radioda: “Danışır Bakı!” deyə bilirlər, həyatı təhlükədə olan sərnişin “bağlama qapını” deyə bilməz?
Uzun sözün qısası, xalqın içi bağlamadır, açıb baxmasan, bilməzsən orda nə var nə yox. Siyasətçilərin içinə heç giriləsi deyil… elə oraya da xalaxanımbibikimilər birtəhər yerləşirlər.