Xəyalımızda canlandırdıqlarımız bəzən elə inandırıcı olur, gerçəkdən seçə bilmirik. Və bağrımız partlayır, axı bu cür gözəlliyi həyatda yaşamağa nə mane olur? Cavab gecikmir. Ağlımıza ilk gələn “cəmiyyət” məfhumudur. Çoxunun nəzərində isə cavab “tale”, “alın yazısı”, “qismət”dir. Onlara haqq qazandırsaq, gərək güclü olaq. Olmayacaq şeylər üçün xiffət etməməyə öyrənək. Biz istədiklərimizi Tanrı hündür yerə qoyub, əlimiz çatmır… Belə çıxır ki, çata bilməyəcəyimiz istəklərlə yaşamamalıyıq. Daha böyüklərinə ümidlənməmək üçün vaxtında ayılmaq lazımdır. Özümüzə “sənin deyil”, “olmaz” deməyi bacarmalıyıq. Gecə ilə gündüzün heç vaxt eyni vaxtda düşüb, eyni vaxtda açılmayacağı gerçəyini dərk etməyincə özümüzə gücümüz çatmayacaq.
Bunları qəbul etmək, ağrıya alışmaq, dərdə dözmək olur, adamı peşmanlıq çarmıxa çəkir. Etdiklərimizlə etmədiklərimizin cəzası ömürlükdür. Bilən olsa da, olmasa da bu mənəvi işgəncəni hər an içimizdə çəkirik.
Çarə tapmayanda hərdən evdən getmək lazımdır… uzaq yoldan evinə qayıdanda adam özünü xoşbəxt hiss edir. Çatmadığı arzuları unudur, elə bilir, bütün istəkləri həyata keçib. Məsafə yaxınlaşdıqca adama həyəcan gəlir: İlahi, evimə çatıram! Elə bilirsən, bundan sonra bir də başına pis hadisə gəlməyəcək, ölənədək qayğısız yaşayacaqsan. Hətta heç ölməyəcən də. Ta evindəsən…