- Mədəniyyət

Pakistanda “Kitabi-Dədə Qorqud”un təqdimatı keçirilib

Pakistanın Lahor şəhərində Pəncab qubernatorunun iqamətgahında urdu dilində çapdan çıxmış “Kitabi-Dədə Qorqud” eposunun təqdimat mərasimi keçirilib.Kitab AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Ön söz”ü və ideya müəllifliyi, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Kuşkun yaxından dəstəyi ilə işıq üzü görüb.

525.az xəbər  verir ki, təqdimat mərasimində çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan xalqının ədəbi kimliyi hesab olunan “Kitabi-Dədə Qorqud” eposunun urdu dilinə tərcümə edilərək nəşr olunmasına görə Pakistan Ədəbiyyat Akademiyasına dərin təşəkkürünü bildirib. AMEA rəhbəri eposun ədəbi-bədii xüsusiyyətlərindən söz açaraq əsrlər boyu xalqımızın dərin təfəkkür süzgəcindən keçib gələn bu ədəbi abidənin əhəmiyyətindən və yeni tarixi epoxadakı müasirliyindən, xalqımızın qəhrəmanlıq mübarizəsinin nəsildən-nəslə ötürülərək özünə əbədi dəyər qazanmasından danışıb. Dost və qardaş Pakistan xalqının oxucularına təqdim olunan əsərin özünəməxsus ideya-bədii xüsusiyyətlərə malik olduğunu vurğulayan akademik İsa Həbibbəyli iki ölkə arasında yeni mərhələyə qədəm qoymuş elmi əlaqələrin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Kuşk xalqımızın qəhrəmanlıq eposunun urdu dilində nəşr olunmasını Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinin inkşafında mühüm hadisə kimi qiymətləndirib. Rəhbərlik etdiyi qurumla Azərbaycan Milli Elmlər Akademiyası arasında qarşılıqlı səmərəli əlaqələrin yaradıldığını bildirən pakistanlı professor birgə tədbirlərin, müştərək layihələr üzrə aparılan elmi araşdırmaların yüksək səviyyədə təmin edilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb.

Lahor Dövlət Kollec Universitetinin rektoru, professor Əsgər Zahidi “Kitabi-Dədə Qoqud” eposunun urdu dilində nəşr olunmasını və Pakistanda təqdimatının keçirilməsini ölkələrarası əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Daha sonra çıxış edənlər “Kitabi-Dədə Qoqud”un urdu dilində nəşr olunmasını yüksək qiymətləndirməklə bərabər, iki ölkənin alimlərinin əməkdaşlığının böyük perspektivlərə malik olduğunu nəzərə çatdırıblar.

Tədbirdə, həmçinin Azərbaycan alimlərindən tarix elmləri doktoru Eynulla Mədətlinin Pakistan tarixi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın görkəmli Pakistan mütəfəkkiri Məhəmməd İqbal haqqında monoqrafiyası da Pakistan ictimaiyyətinə təqdim olunub.

Sonda Pakistan-Azərbaycan ədəbi dostluğuna və ədəbiyyatşünaslıq elmi sahəsində göstərdiyi xidmətlərinə görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyasının Fəxri fərmanı ilə təltif olunub. Fəxri fərmanı AMEA rəhbərinə Pəncab vilayətinin qubernatoru Muhammad Balighu Rəhman təqdim edib.