2020-ci ildə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təşəbbüsü ilə “Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsi keçirilmişdi. Gənc yazıçı Pərviz Seyidlinin “Mələk” pyesi müsabiqənin qalibi olmuşdu. Müsabiqənin şərtlərinə əsasən, pyes həm nəşr olunub, həm də Gənc Tamaşaçılar Teatrı tərəfindən səhnələşdirilib. Tamaşanın premyerası ötən il dekabrın 20-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında gerçəkləşib. Səhnə işi növbəti dəfə bugünlərdə Teatr Xadimləri İttifaqının səhnəsində oynanılıb.
AZƏRTAC xəbər verir ki, rejissoru Ayla Osmanova olan tamaşanın quruluşçu rəssamı Sevinc Həsənovadır. Səslənən mahnıların musiqisi və mətni Tofiq Hacıyevə, aranjemanı isə Şamxal Novruzluya aiddir. Rolları Ramil Məmmədov və Aygün Fətullayeva oynayır.
Əsər pandemiyanın bəşəriyyəti sürüklədiyi bəladan, ailələri düçar etdiyi faciədən bəhs edir. Anasını itirmiş gənc gözəl Lalə sarsıntıdan, tənhalıqdan, ən əsası isə onu anbaan izləyən günah hissindən tükənib. Gözlənilməz bəla bütün bəşəriyyəti sarsıdıb. Amma bütün hallarda sənət insanları çıxılmaz labirintlərdən xilas etmək üçündür. Bütün sualların cavabı elə tamaşaçının gözü önündə tapılır. Lalə səhlənkar və koronavirusun yaratdığı fəsadlara inanmayan gənc xanımdır. Onun biganəliyindən anası bu xəstəliyə yoluxur və vəfat edir. Anasının ölümündən vicdan əzabı çəkən Lalə həyatına son qoymaq istəyir. Düşünür ki, artıq həyat bitib. Vicdan əzabı ilə yaşamaq istəməyən Lalə canına qəsd etmək fikrinə düşür. Ancaq Fərhad onu xilas edir. Fərhad ona başa salır ki, insan yalnız özü üçün yaşamır, o həm də yaşatmaq üçün yaşamalıdır…
Müxtəlif yaş kateqoriyalı teatrsevərlər üçün maraqlı layihələr irəli sürən Gənc Tamaşaçılar Teatrı eşitmə və danışma məhdudiyyətli sənətsevərləri də nəzərə alıb. “Səssiz Ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək Təşkilatının jest dili təlimçisi və tərcüməçisi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin müəllimi Könül Quliyeva tamaşanı səhnədəcə jest dilinə tərcümə edib. Teatrın mətbuat xidmətindən bildirilib ki, bundan sonrakı layihə və tamaşalarda bu təcrübədən istifadə olunacaq.